Təsəvvüf musiqisi və xəttatlıq

 

   Azərbaycanda az sayda olan gənc rəssam-xəttatlardan biri də Vüqar Məmmədovdur. Bir sıra sərgi və festivalların nümayiş olunan əsərləri maraqla qarşılanıb, mükafatlara layiq görülüb.

   Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən keçirilən «Həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının işlərində islami dəyərlər» respublika sərgisində I dərəcəli diplom, Milli Kulinariya Assosiasiyasının təşkil etdiyi «İslam mətbəxi» beynəlxalq kulinariya festivalında diplom, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən keçirilən dekorativ tətbiqi sənət festivalında fəxri fərman, Turizm İnstitutunda «Bakı İslam mədəniyyətinin paytaxtıdır» elmi konfransı çərçivəsində fərdi sərgisinin təşkilinə görə sertifikatla təltif olunub. «Bəsirət», «Çıraq», «Qəlb açarı», «Eşq oxu», «Mövlana», «Eşq gülü» və s. qrafik əsərlərin müəllifidir. Qoz ağacı üzərində işlənmiş 40 işi, kağız üzərində isə 23 işi var. V.Məmmədov həm də peşəkar tar ifaçısıdır. «Buta» uşaq musiqi qrupunun rəhbəridir.

   Bizimlə söhbət zamanı musiqi və xəttatlıq sənətinə gəlişi, yaradıcılıq fəaliyyəti, gələcək planlarından danışdı.

   - Musiqiyə uşaq vaxtdan həvəsim olub. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu və Bakı Musiqi Akademiyasını tar ixtisası üzrə bitirmişəm. Akif Novruzov, Möhlət Müslümov, Kamil Əhmədov kimi müəllimlərim olub. Hazırda 28 saylı Uşaq Musiqi Məktəbində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıram. Musiqi ilə bərabər idmanla - karate, Çin döyüş sənəti - Uşu ilə məşğul olmuşam. Ordubad rayon musiqi məktəbinə təyinat aldığım vaxt orda karate məktəbi yaratmışdım. Pekin Akademiyasının Moskvada təşkil etdiyi seminarlarda iştirak etmişəm. Hətta Çinə dəvət də almışdım. Amma o zaman müəyyən məsələlərə görə imtina etməli oldum. İdmandan danışmağım əbəs deyil. Xəttatlığa gəlməyimə müəyyən mənada idman səbəb oldu. Uşu sənəti ilə məşğul olanlar bir neçə ixtisası mahir bilməlidirlər. Çin kalliqrafiyası, musiqi, şeir yazmaq qabiliyyəti mütləq uşuda olmalıdır. Çünki bu sənət daxili imkanları üzə çıxarır.

   Bu düşüncə ilə 1997-ci ildə ilk kalliqrafik işimi kağız üzərində hazırladım. İlk işim çıraq şəkli oldu. Hazırladığım işləri sərgilərə çıxarmağa başladım. Türkiyənin məşhur xəttatı Davud Bektaşidən xəttatlıq üzrə dərs alıram. Əsasən sərbəst mövzuda işləyirəm. İlk vaxtlar əlbəttə ki, professional şəkildə işləməmişdim. Ağac üzərində 2004-cü ildə işləməyə başladım. Həmin il ağac üzərində oyma sənətinin tanınmış ustası Seyfəddin Mənsimoğlu ilə görüşərək, ondan bu sənətin sirlərini öyrəndim. Bir neçə ildir ki, ağac üzərində «Quran» ayələrini yazmaqla məşğul oluram. Ümumilikdə ötən 6 ildə ağac üzərində 60-a yaxın iş hazırlamışam. Hazırda 40-ı əlimdədir, bir qismi isə İran və Türkiyədə kolleksiyalarda saxlanılır.

   Çalışıram ki, əsərlərimdə İslam mövzusunu, İslam mənəviyyatını təbliğ edim.

   Azərbaycan türk xalqları içində güclü yaradıcı potensiala malik bir xalqdır. Bunu dünyaya daha geniş tanıtmaq lazımdır. Yeri gəlmişkən, Britaniyanın Oksford Universitetindəki «İbn Arabi» cəmiyyətindən dəvət almışam. Orada təqdim etmək üçün yeni əsərlər, həm xəttatlıq işləri, həm də rəsmlər işləyirəm.

   - Bu günə qədər Azərbaycanda və xaricdə hansı sərgilərdə iştirak etmisiniz?

   - Tehranda Beynəlxalq Quran sərgisində, Təbriz şəhərində keçirilən Beynəlxalq kalliqrafiya festivalında iştirak etmişəm. Səudiyyə Ərəbistanında «Müsəlman ölkələrinin memarlıq mirasının mədəni və iqtisadi inkişafında rolu» adlı I beynəlxalq konfrans çərçivəsində Ər-Riyad şəhərində keçirilən sərgidə 25 iş nümayiş etdirmişəm. Bu ölkədə həmçinin 28 May Respublika Günü münasibətilə keçirilən tədbirdə də əl işlərim nümayiş olunub. Xaricdə qatıldığım son sərgi ötən ay İranda keçirilən I Beynəlxalq əl işləri sərgisi olub. İyunun 9-dan 17-dək davam edən sərgidə 26 işim nümayiş olunub. Sərgidə Türkiyə, Tailand, Misir, Pakistan, Albaniya, Tunis, Bosniya, Çin və bir çox xarici ölkələrdən tanınmış sənətkarlar iştirak edirdilər. Bizim təqdim etdiyimiz işlər çox maraqla qarşılandı. Hətta Mehdi Tusi adlı iranlı usta televiziya kanalına müsahibəsində mənim haqqımda danışdı, əl işlərimi yüksək qiymətləndirdi.

   İndiyədək ümumilikdə 25 sərgidə iştirak etmişəm. Onlardan 6-sı beynəlxalq sərgi olub. Xüsusi diplomlar almışıq. Xaricdə sərgilərdə iştirak etdiyimiz zaman çoxlu təkliflər olur. Türkiyədəki Kültür Araşdırmalar Mərkəzinin rəhbərliyi oktyabr ayında fərdi sərgimin keçirilməsini təklif edib. Çox önəmli sərgidir. Mənim üçün sənətimi Türkiyədə - İstanbulda nümayiş etdirmək önəmlidir. Xəttatlıq sənəti Türkiyədə daha kamilləşib. Ən güclü xəttatlar Türkiyədədir. Alınsa, məmnuniyyətlə bunu edərik.

   Bununla yanaşı, Bakıda da bir çox sərgilərə qatılmışam. 2009-cu ildəBakı - İslam Mədəniyyəti Paytaxtı» çərçivəsində Qobustanda, Qala qoruğunda Turizm İnstitutunda, həmçinin İranın Azərbaycandakı Mədəniyyət Mərkəzində, Mədəniyyət Turizm Nazirliyinin Muzey Mərkəzində təşkil etdiyi sərgidə iştirak etmişəm. “Yunis Əmrədən Məhəmməd Füzuliyə insan sevgisi» adlı beynəlxalq simpoziumda 17 işim nümayiş olunub. Son olaraq apreldə Bakıda keçirilən Beynəlxalq turizm səyahətlər sərgisində, habelə Xalça Muzeyində «Ustadlar sənət ocağında» tədbirlərində əl işlərim təqdim edilib.

   Onu da deyim ki, bizim gördüyümüz bu sırf mənəviyyata xidmət edir. İstərdik ki, bu işlərin davamlı olunması üçün bir muzey yaradılsın. Qoy orada bizim əl işlərimiz gələcək nəslə çatdırılsın.

   - «Buta» uşaq musiqi qrupunun maraqlı fərqli ifası, seçimi var - türk təsəvvüf musiqisi. Azərbaycanda bu musiqi üslubuna müraciət edənlər çox azdır. «Buta» Azərbaycanda kənarda tanıtmaq üçün hansı planlarınız var?

   - «Buta» iki il əvvəl yaratmışıq. Məqsəd bu mövzuda olan sərgilərdə mövzuya uyğun musiqilərin səsləndirilməsi idi. Bu musiqi sərginin mahiyyətini, məzmununu daha aydın anlamaqda insanlara yardımçı olur. Əslində qrupu yaradanda düşünürdüm ki, öz fərdi sərgilərimdə musiqi ilə əl işlərimi təqdim edəcəyəm. Amma hələlik bu istəyi həyata keçirə bilməmişəm. Kollektivimiz türk təsəvvüf musiqisi Azərbaycan musiqi nömrələri ilə çıxış edirlər. Qrupda kanon, ud, saz ifaçıları yer alıb. Gəncliyə Yardım Fondu öz tədbirlərində bizi dəvət edir. Muzey Mərkəzində keçirilən tədbirlərdə, sərgilərdə iştirak edirik. Türkiyənin TİKA təşkilatı bizə köməklik göstərib, musiqi alətləri alaraq kollektivimizə təqdim etdi. Hazırda Türkiyədən gətirilmiş musiqi alətlərində ifa edirik. «Buta» Mədəniyyət Turizm Nazirliyindən konsertlərə qatılmaq üçün dəvət alır. Uşaqlar yetərincə işlərinin öhdəsindən gəlirlər. Bu il ansambl Xalça Muzeyində «Molla Nəsrəddin: Güldürür-düşündürür» adlı tədbirdə yüksək səviyyədə çıxış edib. Asəf Zeynallı adına Musiqi Kollecində Amerika səfirliyinin dəstəyi ilə mədəniyyətlərarası dialoq mövzusunda tədbir keçirildi. Həmin tədbirdə Amerikanın «Melvin Villiams» qrupu «Buta» qrupu ilə birgə konsert proqramı ilə çıxış etdi. Gələcək planlarımız da çoxdur.

  

 

   Gülər Nizamiqızı

 

   Mədənuiyyət.- 2011.- 8 iyul.- S. 12.