Hicrlə
kef...
Dərd
alıb, qəm satıb nəf eyləyən
Aşiqlər
aşiqi Aşıq Ələsgər!..
Öz təbirincə
“dərdi”, bizcə isə hər şeiri
dillərdə əzbər...
Bu aşiqin elə sözləri, elə misraları var ki, qaraqaş-qaragöz gözəllərə bənzəyir. Bu Aşığın elə bəndləri, qoşmaları var ki, dahilər fırçasından çıxmış portretləri, tabloları, peyzajları andırır. Bu başdan-başa anadil, xalqnəfəs şair incə mətləbləri elə ustalıqla çözür - sanki analar lal balalarını qandırır: “Adını demirəm - eldən ayıbdır, filankəsin qızı filan oynasın”, “Bir baş ki ilqara qurban getməsin, onu bir qarpıza dəyişmək olar”, “Sənin ərin ölsün, mənim arvadım - düşsün aramıza vay, gülə-gülə”...
Bu cürənə möcüz vizuallıqlardan sonra elənçi bir ilahi “kamerman” haqda belənçi bir bəndəvi fikir işlətməyəkmi ki, Aşıq Ələsgər öz dövrünün bütün gözəllik və özəlliklərinin universal foto-kinematoqrafı olub...
Həyatı da
qıfılbənd, divani, müxəmməs
aşıq
Düz yüz il üstünə telli saz basdığı o sinənin altındakı ürək nələr çəkməyib?! Bir az uzaq el-obalardakı məclis-mərəkələrdə “Yazıq Aşıq Ələsgəri çəkməyə dara xoş gəldin” kimi gözəlləmələr söylədiyi gözəllər elə zənn edirmişlər ki, bu “yanmış” kişinin özgə bir dərd-səri yoxdu. Daha demirmişlər ki, kasıblıq dərdindən sevgi gözünün ilk ovu - Səhnəbanısı əlindən alındığından həqiqətən yanmış bu aşiqin tək elə yaşı 40-ı keçməyib, həm də ömrünün qırxı çıxıb...
Zəmanəsinin Leyli-Məcnun dastanına çevrilmiş Səhnəbanı-Ələsgər sevgisinin hicran qanı qurumur ki, qurumur. Qırx yaşınadək evlənməyən aşıq o Səhnəbanının əmisi “Pullu Məhərrəm”in fağır qızı zorla öz gavur oğluna alması səbəbindən için-için ağlasa da, heç kəsi narahat etməyib, heç kimə heç nə deməyib - qohumu Zöhrə ilə “deyişmə”sindən savayı:
Ələsgər
Söylə, qasid, müxtəsəri-vəssalam,
Ərzimi canana dedin, nə dedi?
Bülbültək
asmana yetişib nalam,
Səhni-gülüstana
dedin, nə dedi?
Zöhrə
Nakəs müxənnətin boynu vurulsun,
Vay düşsün evinə,
şivən qurulsun,
Məhərrəmin
oğlanları qırılsın,
Qalmasın yurdunda nişana! - dedi.
Sənətkar
adı, aşıq namı xətrinə yeyimindən kəsib geyim-keçiminə verən
bu “bəxtəvər”ə
köks ötürən
dövrandaşları hələ
çox sonralar biləcəkdilər ki, Azərbaycan dilinin, Azərbaycan poetik fikrinin, aşiq-aşıq
fəlsəfəsinin bu
canlı akademiyası
bir əlində saz, bir əlində
çin, dəryaz, yaba yaşayıb. Hərəkəti ilə bərəkət
becərib, xırman tutub, ilhamıyla sənət yaradıb, şöhrət qazanıb.
Bu “bəxtəvər”
aşiq-aşığın tərcümeyi-halında “Pullu
Məhərrəm” kimi
cəmiyyət kötüklərilə
bahəm, təbiət
kötüyü də
olub. İllərin
birində dolanışıq
üçün əkdiyi
taxıl zəmisini sahənin ortasındakı
“Qozqara” deyilən nəhəng bir kötüyə tapşırıb
şənliklərə gedən,
qayıdanda isə sünbülləri yağış-doludan
viran olmuş görən aşıq həmin “qaravulçu” ilə bir “deyişmə”
eləyir:
Kötük
Aşıq, nə meydanı yalqız alıbsan,
Söz deyim - sözünə
barabar olsun.
Nahaq qandı ortalığa salıbsan,
Elə iş tut, ondan xeyir kar olsun!
Aşıq Ələsgər
Ələsgər, başına qəhətdi
peşə?
Darı əkib yeməyibsən
həmişə?
Sazı bas sinənə, təcnisdən
döşə,
Yığ urzunu, verən əllər var olsun!
Ona verən əllər az olmayıb
- Allah şeir-sənət Dədəmizə
yardım edib onu xəcil qoymayan babalarımızın
bugünkü nəsil-nəcabətlərini
var eləsin. Amma bu nəhəng el aşığı sənətdə
olduğu kimi, əmək-zəhmətdə də
ad çıxarıb. Ustad aşıqlardan saz-söz, halal əkin-biçinçilərdən tər-nər dərsləri
alıb, yüz beş illik
ömrünü sənət
və torpaq ətri ilə süsləndirib. Ömrünün sonlarında “Xudam səni, məni yoxdan yaradıb, Sən də bircə milçək yarat, ərməni” dediyi haramzadaların təpkisilə didərgin
düşən böyük
sənətkar Kəlbəcərdə
dəyirmançı da
işləməli olub.
Lakin Dədə Aşığın
əkib-becərdiyi, ilhamında
üyütdüyü təkrarsız
sənət nümunələri
dünyanın bütün
torpaqlarının yetirdiyindən,
bütün dəyirmanlarının
üyütdüyündən daha dadlı, daha şanlı, daha əbədidir. Məsələn, dünyada
“dünya malı” deyilən bütün şeylər köhnəlir
də, azalıb-çoxalır,
ucuzlaşıb-bahalaşır da, onun “Bahalıq”
müxəmməsi isə
böyük sənət
qalasının təkrarsız
ornamenti kimi əbədi qalasıdır:
İnnən belə başımızda
Namərdlərin töhmətidi.
Hansı məclisə gedirsən -
Arpa-buğda söhbətidi.
Kartof ilə ayranaşı
Süfrəmizin zinətidi.
Buraya bahalıq salan
Qeyri yerin millətidi.
Nə işə əl atırıqsa,
Oluruq peşman, bahalıq!..
Deyir...
Bəli, deyir!.. Deməyinə hamı deyir - xüsusən də şairlər, aşıqlar.
Amma - barmaqla sayılasılardan
savayı - nə deyir, necə deyirlər? Məsələn,
elə Dədə Ələsgərin müasiri
olmuş bir şairimiz kimi deyənlər də var: “Ağacda oturmuş sərçə,
sən nə uzunsan, ey küçə?!”
Dədə Ələsgər isə bütün şeirləri,
hətta hər misrası, hər kəlməsi ilə zirvə deyir!
Siz bir bu haqq
aşiqinin “nahaq” məhkumluğuna baxın,
deyir: “Yazıq aşiq Ələsgəri
çəkməyə dara
xoş gəldin!..”
Deyir:
Ala gözlüm,
səndən ayrı düşəli
Hicranın qəmiylə kef eyləmişəm.
Günüm ahu-vaynan keçib dünyada,
Dərd alıb, qəm
satıb nəf eyləmişəm.
Deyir:
Ələsgərin
nəfsi binadan toxdu,
Səxavətin yoxdu, sözlərin
oxdu.
Bizim borcumuzdan sizinki çoxdu,
İstəyirsən
gedək, gecə yatmayaq...
Deyir:
Vəsfini söyləyim, qəflətdən
ayıl,
Gərdənə yaraşır qızıl
həmayıl.
Həsrətin
çəkənlər olubdur
sayıl -
Yığır
qapılardan pay, sarıköynək!..
Deyir:
Ələsgər,
üsyanın çıxıbdır
sandan,
Öldürsən zənburu əl
çəkməz şandan.
Hərcayıdan,
müxənnəsdən, nadandan
Nə söz qaldı sənətkara dəyməmiş?!.
Dedirdib, dedirdir, dedirdəcək...
Qələmlə
yox, dili ilə “yazan” bu böyük el aşığı “şifahi
nəşriyyatlar”da çap
edilə-edilə qısa
müddət ərzində
bütün Azərbaycanın
şairi, türk dünyasının sənətkarı
kimi tanındı. Haqqında dastanlar qoşuldu, müdrik tanıtım-deyimlər
deyildi.
Akademik Həmid Araslı: “Aşıq Ələsgər
bütöv bir xalq akademiyasıdır”.
Akademik Yaşar Qarayev: “Peyğəmbərlərin sonuncusu
Məhəmməd peyğəmbər,
peyğəmbər aşıqların
sonuncusu isə hələlik Aşıq Ələsgərdir”.
Professor Hüseyn
İsmayılov: “...Sazın,
sözün sehrində
sintezləşən, Tanrı
dərgahına ucalan musiqinin, səsin, sözün, dünyanı
estetik biçimdə
dərk və ifadə edən fikrin ən möhtəşəm daşıyıcısı
Aşıq Ələsgərin
adı önündə
işlənə biləcək
epitetlərin ən uğurlusu Dədədir. Əgər orta çağ Oğuzu onun adına
kitab bağlasaydı,
onu hökmən “Dədəm Ələsgərin
kitabı” adlandırardı:
eynilə “Kitabi Dədə Qorqud” kimi...”
Və... bəndəniz: Aşıq Ələsgər
Nizami, Füzuli, Nəsimi dənizinə bütöv bir xalq çayı kimi axıb və bu dəniz
okean olana qədər axacaq...
Tahir Abbaslı
Mədəniyyət.-
2011.- 8 iyul.- S. 13.