4500 il tarixi olan tütəyin sahibi

 

  Lənkəranlı Surxay Əliyev 60 ildir bu alətlə el havalarını ifa edir

  

   Lənkəran rayonunun Səpnəkəran kəndində 83 yaşlı bir qoca yaşayır. Tütək, zurna digər nəfəsli musiqi alətlərində el havalarının mahir ifaçısı kimi tanınıb. Qəribə formalı qədim tütəkdə ifa etdiyi havalar onu xüsusilə məşhurlaşdırıb. Bu günlərdə Lənkərana səfərimiz zamanı usta ifaçı ilə görüşdük.

  

   Surxay dayı 14 yaşından qara zurnada musiqilər ifa etdiyini deyir. Onu məşhurlaşdıran tütəyə gəlincə, gildən hazırlanmış qeyri-adi formalı musiqi alətini təxminən 60 il əvvəl yaşadığı evin yaxınlığında torpaq qazarkən tapıb: “Əvvəlcə onu gərəksiz bir əşya hesab etdim. Sonra forması diqqətimi cəlb etdi iynə ilə onun üzərindəki deşikləri təmizlədim. Həmin deşikləri üfürdükdə isə heyrətə gəldim. Tütək müxtəlif quşların səsini çıxarırdı”.

   Fit səsi ya quşların cəh-cəhini təsvir edən bu alətə «gil tütək» ya «quş tütəyi» deyilir. Cəmi iki dəliyi olan quş tütəyində məşhur «Vağzalı», «Heyvagülü», «Çoban-bayatı» havalarını ifa etmək hər kəsin hünəri deyil. Lənkəranda unikal musiqi aləti hesab edilən gildən düzəldilmiş tütək 60 ildən çoxdur ki, el məclislərinin, toy-düyünlərin yaraşığıdır. S.Əliyev gil tütəkdə ifa etdiyi musiqi nömrələrini əsrlərdən gələn səda adlandırır.

   Surxay dayı deyir ki, xarici görünüşünə görə ilan kəlləsinə, fil xortumuna oxşayan bu tütəyin yaşı 4500 ildir: “Bunu bir neçə il bundan əvvəl Lənkərana gələn xarici mütəxəssislərdən ibarət komissiya müəyyən edib”.

   1977-ci ildə Polşada keçirilən folklor festivalında gil tütəklə iştirak edən S.Əliyev ifasına görə "Qızıl balta" mükafatına layiq görülüb. İranda, Almaniyada da bu musiqi aləti alimlərin tədqiqatçıların böyük marağına səbəb olub. 2008-ci ildə isə Yaponiyanın Azərbaycandakı səfiri Surxay babanın qonağı olub. O, gil tütəyində ifanı heyrətlə dinləyib Bakıya qayıtdıqdan bir müddət sonra zəng edərək Surxay Əliyevə Yaponiyanın fəxri diplomuna layiq görüldüyünü bildirib.

   Bütün bunları bizə həvəslə danışan Surxay dayının tütəyi saxladığı yer marağımıza səbəb oldu. O, bu kiçik musiqi alətini hörmə qaba yerləşdirib, sonra onu döş cibinə qoyur. Səbəbini isə belə izah edir: “Bu, Azərbaycan xalqına məxsus tarixi bir əmanətdir. Onu qorumaq, gələcək nəsillərə olduğu kimi çatdırmaq mənim borcumdur”.

   Surxay kişi toy şənliklərində gil tütəyi ilə ifa edəndə hamı onun başına toplaşır. O, regiona gələn turistləri evində qonaqpərvərliklə qarşılayır bu alət haqqında məlumatları onlara həvəslə çatdırır. Sonra isə alətdə çoxlu həzin musiqilər ifa edir.

   Onun ifasını dinlədikdə insan özünü bahar çağında, yaşıl təbiətin qoynunda, çay qırağında axar suyun şırıltısı eşidilən bir məkanda hiss edir.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 8 iyul.- S. 13.