Ebrunun vurğunu

 

  Vüsal Qaraqaşlı Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Ebru sənətinin vurğunu olan bu gənc Türkiyədə Mimar Sinan Universitetinin təhzib bölümündə magistr təhsili alıb. Azərbaycanda ebru sənəti ilə məşğul olan az sayda rəssamlardandır. Ondan öncə ebru sənətinin tarixi barədə məlumat verməsini xahiş etdik.

  

   - Ebru qədim bəzəmə sənətidir. Sənət tarixçilərinə görə, ebru sözü Cığatay türkcəsində “damarlı” mənasına gələn “ebrə” kəlməsindən gəlib. Bu da ebru sənətinin yaranmasının Orta Asiyada, Türküstanda Cığatay dövrünə, yəni XV əsrə təsadüf etdiyini göstərir. Daha sonralar ebru sənəti İranda yayılıb və fars dilindəki “ebri” (buluda bənzər), və ya “ab-ru” (su üzü) adları ilə də tanınıb. Çox qədimdən bəri ebrudan önəmli yazışmalarda fon olaraq istifadə edilib. Bunda da məqsəd üzərindəki yazını dəyişdirməyə mane olmaq idi. Çünki yazı dəyişdirildiyində altdakı ebru da zərər görürdü və onun yenidən bərpa edilməsi mümkün olmurdu. Daha sonralar ebru kitab cildlərində və hüsnxətt sənətində istifadə edilib. Bir müddət sonra bu sənətə bəzi çiçək motivləri də əlavə edilib.

   - Necə oldu ki, ebru sənəti ilə məşğul olmağa başladın?

   - Mədəniyyət və İncəsənət Universitetinin qrafika bölümünü bitirmişəm. Ebru sənətinə çoxdan marağım vardı. Təhsil alarkən müəyyən eksperimentlər edirdim. Amma bir şey alınmırdı. Bakalavr təhsilimi başa vurandan sonra İstanbula getdim. Orada Mədəniyyət Mərkəzində ebru kurslarında mütəmadi iştirak edirdim. İki il orada bu sənətlə həvəskar şəkildə məşğul oldum. Sonra magistratura üzrə Mimar Sinan Universitetinin təhzib bölümünə daxil oldum. Təhzib nəqqaşlıq sənətidir. Bu sənət əsasən Qurani-Kərimin nəşrlərində naxışlarda istifadə olunur. Universitetə daxil olandan sonra bizə ebru sənətini tədris edirdilər. Artıq on ilə yaxındır ki, ebru hazırlamaqla məşğul oluram.

   - Ebrunun hazırlanma texnologiyası özünəməxsusluğu ilə fərqlənir. Bu asandırmı?

   - Ebru sənəti qatılaşdırılmış su məhlulu üzərində icra olunur. Bu maye xüsusi bitkilərdən, qatqılardan hazırlanır. Bunun üçün bamiyə bitkisinin suyundan, dəniz kadaifi adlanan yosundan, heyva tumundan istifadə etmək olar. İstifadə olunan boyalar xüsusi qatqılar əlavə etməklə torpaqdan hazırlanır. Bu boyaları kağız üzərinə səpmək üçün xüsusi fırçalar var. Fırçalar çox vaxt gül budağından hazırlanır. Gül budağı ilə rahat işləmək olur. At quyruğundan da istifadə olunur. Boya hazırlanarkən təbiətdə mövcud olan müxtəlif torpaq kütlələrindən alınan suda əriməyən metal oksidlər yaxşıca əzilərək incəlmiş hala gətirilir. Boyalara kəsilmiş mal-qaranın ödü qatılır. Öd boyaların suyun üstündə açılmasına, lakin bir-birinə qarışmamasına imkan verir eyni zamanda bir növ yapışqan kimi boyaları kağıza yapışdırır. Bu şəkillər sirli bir şəkildə, necə deyərlər, Allahın külli iradəsi insanın cüzi iradəsi ilə meydana gəlir.

   - Siz həm ebru sənəti üzrə dərs verirsiz. Bu sənətə maraq necədir?

   - Gəncliyə Yardım Fondunda müxtəlif kurslar təşkil olunur. Orada ebru ixtisası üzrə dərs verirəm. Ebrunu öyrənmək istəyənlər çoxdur. İki kursda 18 tələbəm olub. Bu rəssamlıqdan çox fərqlənir. Suyun üzərində rəsm çəkirsən, onun üzərinə kağız qoyursan. Bir anın içərisində rəsm kağıza keçir, orada olduğu kimi təsvir olunur. Suyun üzərindəki yapışqanlı maddə həmin boyaları kağıza yapışdırır. O boyalar torpaqdan olduğu üçün, yəni kimyəvi olmadığı üçün solmur. Çox yaxşı olardı ki, Rəssamlıq Akademiyasında ebru ilə bağlı bir bölüm açılsın. Bundan əlavəMirasictimai birliyininUşaqlar biz” xeyriyyə layihəsində iştirak edirəm. Bu layihədə istedadlı kimsəsiz uşaqlara ebrunun sirlərini öyrətməyi planlaşdırırıq.

  

 

   Ceyhun Zərbəliyev

 

   Mədəniyyət.- 2011.- 8 iyul.- S. 15.