Yaradıcı təxəyyülün aynası: çeşidli parçalar

 

  Xalqımızın qədim sənət sahələrindən biri də toxuculuqdur. Zəngin naxışlı, rəngarəng çeşidli toxumalar - parçalar daim xalq ustalarının bədii fikir və yaradıcı təxəyyülünü özündə əks etdirib. Eyni zamanda xalqın bədii estetik tərbiyəsinin inkişafında mühüm rol oynayıb. Həm də dövrünün inkişaf tarixini özündə yaşadıb. Məlumdur ki, parça istehsalı ta qədim zamanlardan lifli materialların, yun, pambıq, ipək, kətan və boyaq bitkilərinin bol olduğu yerlərdə intişar tapıb.

  

   Parça istehsalında əsasən üç naxış üsulundan istifadə olunub: toxuma naxış, basma naxış və tikmə naxış. Bu üsulla tafta, qanovuz, darayı, nov, alaca, tətinlik və xasqırmızı parça istehsalı XX əsrin əvvəlinə kimi Şamaxı, Gəncə və Naxçıvan şəhərlərində geniş yayılıb.

  

   Tafta - bu parça ipəkdən toxunur, saya və naxışlı olur. Bu parça sapının zərif tovluluğu, sıxlığı, naxışlarının sadəliyi və rəng harmoniyasının ifadəli həlli ilə digər növ parçalardan fərqlənir. Azərbaycanın milli toxumalarından olan tafta hələ XV-XVII əsrlərdə Avropa və Rusiyada böyük şöhrət qazanıbmış.

  

   Qanovuz - parçanın sap sıxlığı taftaya nisbətən çoxdur. Onun əriş sapları tovlu olur. Rəngləri də sarı-yaşıl, qara-qırmızı, göy-qırmızı olur. Üzərinə işıq düşəndə bərq vuraraq müxtəlif rəng çaları yaranır. Rəng çalarına görə, xalq arasında “şahı”, “cənnəti”, “gecə-gündüz”, “səhər-axşam” kimi adlarla tanınıb. Sapının keyfiyyətindən asılı olaraq iki cür (əsl qanovuz və xam qanovuz) toxunub. Əsl qanovuz əbrişim ipəyindən hasil edilib. Üz örtüyü şəffaf, elastik və zərif olub. Xam qanovuz isə ipək qarışığından hazırlandığına görə üz örtüyü qeyri-şəffaf olur. Bu parça xalq arasında “kasıb qanovuzu” adı ilə də tanınıb.

  

   Darayı - kətan qrupuna aiddir. Sıx toxunuşlu, sapı tovlu, bişmiş baramadan (gəci) toxunan, üzü qeyri-şəffaf qədim xalq toxumasıdır. Kətan qrupuna aid toxumalar kimi darayı da arşınnüma və ədədi toxunub. XIX əsrdə bu toxumanın hər iki növü Şamaxı, Gəncə və Şuşada geniş yayılıb. Darayı toxumalar zolaqlı, həm də dama-dama naxışlı olur. Bu parçalardan əsasən qadın paltarlarında istifadə olunub. Həmin dövrdə Azərbaycan qadınlarının geyimlərinin çox qismi darayı parçalardan hazırlanıb. Buna Aşıq Ələsgərin şeirlərindən birində də rast gəlirik:

  

   Başında Herat kəlağayı,

   Hər paltarı darayıdır.

  

   Nov - kətan hörüklü parçadır. Həm saya, həm də zolaqlı və dama-dama naxışlı olur. Sap sıxlığı tafta toxumaya nisbətən seyrəkdir. Burada soyuq rənglərə nisbətən isti rənglər üstünlük təşkil edir. Parçanın yerliyi əsasən qırmızı rəngli, enli zolaqlardan ibarət olur. Zərif toxunuşu, rəng əlvanlığı ilə fərqlənən nov parçalar xalq məişətində, xüsusilə toy-bayramlarda daha çox istifadə olunub.

  

   Cecim - dekorativ toxuma olub yun, pambıq və ipək liflərdən hasil olunub. Qalın, davamlı, möhkəm və ağır qırçınlı olur. Azərbaycanın əsasən aran və qismən dağətəyi bölgələrində (Ağcabədi, Cəbrayıl, Ağdam, Bərdə, Ordubad ) ipəkçiliyin daha çox inkişaf etdiyi yerlərdə istehsal olunub.

  

   Alaca - xalq arasında “al”, “ala”, “alışan” adı ilə tanınıb. Əsasən yundan və ipəkdən toxunub. Kətan hörüklü, sıx toxunuşlu, möhkəm və davamlı qədim toxumadır. Bu parça Azərbaycanda hələ VI-IX əsrlərdə toxunub. “Kitabi-Dədə Qorqud”da alaca parçadan yorğanüzündə istifadə edildiyi bildirilir. XVI-XVII əsrdə yaşamış bir çox aşıqların qoşmalarında azərbaycanlı qadınların alaca parçadan paltar geydiyinə rast gəlinir. Sarı Aşıq qoşmalarının birində deyir:

   

   Geyibsən alacanı,

   Tər saxla alacanı.

   Yarın ala gözləri

   Az qala ala canı.

  

   Tətinlik - məişətdə geniş istifadə olunan bu parça da yun, ipək və iplikdən toxunub. Müxtəlif rəngli zolaq və mil-mil naxışları olub. Yer hanasında toxunan cecimi parçadır. Alaca parçadan seyrək toxunuşu, nisbətən eni mil və zolaqları ilə fərqlənir. XIX əsrdə tətinlik yerli istehsal kimi Gəncə və Şuşa qəzalarının toxuculuq sənayesində xüsusi yer tutub.

  

   Xasqırmızı - parça əsasən Gəncədə istehsalı olub. Tətinlik parçaya nisbətən nazik toxumadır. Tünd-qırmızı yerlikdə sarı, yaşıl, göy, ağ, qara mil və zolaqlara malik olur. Bu parçadan kişi və qadınlar üst köynəyi tikdirərmiş.

  

   XIX-XX əsrdə Azərbaycanda toxuma naxış parçalarının bəzi texniki-dekorativ xüsusiyyətləri Orta Asiya, Ukrayna və Moldova xalqlarının kustar toxumalarının bədii tərtibatında müşahidə olunub. Bu oxşarlıq xalqların yaxınlığı, sosial-iqtisadi vəziyyətlərinin eyniliyi, qarşılıqlı mədəni-ticarət əlaqələri ilə bağlıdır.

  

 

   Savalan Fərəcov 

 

  Mədəniyyət.- 2011.- 8 iyul.- S. 15.