Davamlı
inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri
Bakıda beynəlxalq elmi konfrans
keçirildi
İyulun 11-12-də Mədəniyyət
və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzinin və UNESCO üzrə
Azərbaycan Respublikasının Milli Komissiyasının təşkilatçılığı
ilə Bakıda “Davamlı inkişaf mədəniyyəti:
formalaşma problemləri və perspektivləri” mövzusunda
beynəlxalq elmi konfrans keçirildi. Qloballaşma və
Davamlı İnkişaf İnstitutu (Rusiya), Cənubi Rusiya Ali
Məktəblər Assosiasiyası və Azərbaycan Turizm
İnstitutunun dəstək verdiyi konfrans maraqlı müzakirələrlə
yadda qaldı.
Konfransın Muzey Mərkəzində
keçirilən açılışında mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev
çıxış etdi. Qeyd olundu ki, konfrans mədəniyyət
siyasətinin həyata keçirilməsində elmin
iştirakını təmin etmək, habelə ölkədə
mədəniyyət təzahürlərinin təhlilinə həsr
olunan tədqiqatların dəstəklənməsi məqsədilə
keçirilir. Qloballaşan sosial problemlər, mədəni
proseslərin necə və hansı istiqamətə yönəlməsi
məsələlərinin konfransın müzakirə
mövzusu olduğunu vurğulayan nazir tədbirdə ölkəmizlə
yanaşı, Rusiya, Ukrayna, Belarus və Litvanın
tanınmış elmi qurumları və məktəblərinin
təmsil olunduğunu nəzərə çatdırdı:
“İştirakçı ölkələrin coğrafiyası
göstərir ki, burada müzakirə olunacaq məsələlər
ölkəmizin bütün regionlarına xas olan problemlərdir.
Şübhəsiz, nəzəriyyəsiz bu mədəni
inkişafın təminatı mümkünsüzdür.
Nazir bu cür tədbirlərin həm
də mədəniyyətlərarası dialoqun
inkişafına xidmət etdiyini vurğuladı: “Azərbaycan
hər zaman dialoqlara açıq ölkə olub. Belə ki,
dini və etnik fərqliliyə daim hörmətlə
yanaşmışıq və
tolerantlığımızı qoruyub saxlamışıq.
İnkişafımızı təmin etmək
üçün Azərbaycan hər zaman mədəniyyətin
təbliği, mübadiləsi sahəsində keçirilən
tədbirlərə açıq olub”.
Konfransda UNESCO-nun Azərbaycan
Respublikası üzrə Milli Komissiyasının birinci katibi
Günay Əfəndiyeva “Davamlı inkişaf mədəniyyətinin
formalaşmasında UNESCO proqramlarının rolu” mövzusunda
məruzə ilə çıxış etdi. Qeyd olundu ki,
müasir dövrümüzün ən aktual məsələlərindən
olan davamlı inkişafın təmin olunmasında təhsil,
elm və mədəniyyət əhəmiyyətli rol
oynayır. Bu məsələ UNESCO-nun da daim diqqət mərkəzindədir.
Təşkilatın demək olar ki, bütün əsas
proqramları məhz davamlı inkişafla sıx bağlıdır.
Natiq vurğuladı ki, UNESCO-nun fəal
üzvlərindən biri kimi Azərbaycan Respublikası da
davamlı inkişaf məsələsinə, davamlı
inkişaf mədəniyyətinin
formalaşdırılmasına böyük önəm verir.
Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın mədəniyyət
sahəsində irəli sürdüyü təşəbbüslər,
onun rəhbərliyi ilə həyata keçirilən proqram və
layihələr Azərbaycanda davamlı inkişaf mədəniyyətinin
formalaşdırılmasında mühüm rol oynayır.
Rusiya Təbiət Elmləri
Akademiyasının akademiki, fəlsəfə elmləri
doktoru, Qloballaşma və Davamlı İnkişaf
İnstitutunun direktoru, UNESCO-nun eksperti (Moskva, Rusiya) Nizami Məmmədov
“Yeni humanizm və davamlı inkişaf mədəniyyəti”
mövzusunda çıxış etdi. Sankt-Peterburq Pedaqoji Təhsil
Akademiyasının rektoru, pedaqoji elmlər doktoru, professor
Sergey Alekseyevin “Davamlı inkişaf üçün təhsil:
imkan və perspektivlər”, Azərbaycan Müəllif
Hüquqları Agentliyinin sədri Kamran İmanovun “Davamlı
inkişafda bilik və mədəni ənənələrin
mühafizəsi”, Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodik Mərkəzin direktoru, fəlsəfə
elmləri doktoru Vilayət İsmayılovun “Davamlı
inkişaf mədəniyyətinin formalaşmasında inam əsas
dəyər kimi”, Ukrayna Sənət Akademiyasının
Kulturologiya İnstitutunun direktor müavini, professor Viktor
Şerbinanın “Çöxölçülü cəmiyyətdə
mədəniyyətlərin dialoqu”, Azərbaycan Turizm
İnstitutunun rektoru, tarix elmləri doktoru Cəfər Cəfərovun
“Turizm mədəniyyətlərin dialoq amili kimi” və digər
çıxışçıların məruzələri
maraqla qarşılandı.
Konfransın ikinci iş
günü “AF hotel”də üç mövzu üzrə
seksiyalarda davam etdi. Birinci seksiyada “Davamlı inkişafa
keçid edən regional, mədəni özəlliklər”,
ikinci seksiyada “Davamlı inkişaf mədəniyyətinin dəyərləri”,
üçüncü seksiyada “Davamlı inkişaf mədəniyyətinin
formalaşmasında təhsil və kommunikasiya vasitələrinin
rolu” müzakirə olundu. İki gün davam edən konfransda
ümumilkdə 50-dən çox məruzə dinlənildi.
Sonra mədəniyyət və
turizm nazirinin müavini Sevda Məmmədəliyevanın sədrliyi
ilə plenar iclas keçirildi, seksiya rəhbərlərinin
hesabatları dinlənildi. Konfrans yekun qətnamənin qəbulu
ilə yekunlaşdı.
Reyhan İsayeva
Mədəniyyət.-
2011.- 13 iyul.- S. 3.