Sumqayıt
teatrının səhnəsində “Qatil”
Yazıçı Elçinin
dramının premyerası
olub
Hüseyn Ərəblinski adına
Sumqayıt Dövlət
Musiqili Dram Teatrının
səhnəsində Azərbaycanın
Xalq yazıçısı
Elçinin eyniadlı
dram əsəri əsasında
“Qatil” tamaşasının
premyerası olub.
Tamaşaya teatrın baş rejissoru, respublikanın Əməkdar artisti Firudin Məhərrəmov quruluş verib. Səhnə əsərində gecələrini şagird dəftərlərini yoxlaya-yoxlaya, öz düşüncələrini ucadan söyləməklə tənha qadın həyatı sürən qırx yaşlı kimya müəlliməsi rolunu Xatirə Süleymanova, bir yağışlı zülmət gecədə bədahətən onun həyatına girmiş keçmiş şagirdinin obrazını isə Oqtay Mehdiyev məharətlə ifa ediblər.
Müəlliməsini Qarabağ müharibəsinin odundan-alovundan keçdiyinə, bu 18 il ərzində yalnız onun xəyalı ilə yaşadığına, onu sevdiyinə inandırmağa çalışan, əslində isə öz mənfəətini güdən “qəhrəmanı” qarşısında qadının romantik ruhu aciz qalır və ona aldanır. Tənhalığından bezən qadın ümidini “tale ulduzu”na bağlayaraq həyatının yeganə “şahzadəsini” öz dünyasına buraxır.
Şirin röyanın acı həqiqəti əsərin qəhrəmanını qəflətdən oyadır. Ulduz sönür, “kavalerin” maskası düşür və o, bir göz qırpımında bayağı şantajçıya, fırıldaqçı və əclafa çevrilir. Ondan qurtulmaq əsl işgəncəyə çevrilir. Ümidsizliyə qapılan qadın öz hökmünü verir. Şampan qədəhinə zəhər qataraq onu öldürür. Və bu anda tamaşaçı qarşısında iki qatil canlanır: “sevgilisini” cismən öldürmüş qadın və onun ruhunu öldürmüş saxta aşiq.
Yazıçının 2005-ci ildə qələmə aldığı əsər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirilib. Tamaşa Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində və Türkiyə teatrlarında da böyük uğurla oynanılıb.
Əsərin
premyerasına pyesin müəllifi, Baş nazirin müavini, Xalq
yazıçısı Elçin Əfəndiyev,
Milli Məclisin deputatları, Sumqayıt
Şəhər İcra Hakimiyyətinin rəhbər
şəxsləri, şəhər ictimaiyyətinin nümayəndələri
tamaşa etmişlər.
Mədəniyyət.-
2011.- 13 iyul.- S. 6.