“Fəaliyyətimiz
genişləndikcə addımlarımız daha
güclü olacaq”
Tofiq Məlikli: “Məqsədimiz mədəniyyətimizi,
tarixi irsimizi, ədəbiyyatımızı, incəsənətimizi
ən yüksək səviyyədə təbliğ etməkdir”
Tanınmış ədəbiyyatşünas-alim,
filologiya elmləri doktoru Tofiq Məlikli uzun illərdir Rusiyada
həm elmi, həm də aktiv diaspor fəaliyyəti ilə məşğuldur.
Moskva Dövlət Linqvistika (dillər) Universitetinin
professorudur. Azərbaycan Yazıçılar Birliyinin
üzvü, Beynəlxalq Türkoloji və Mədəniyyət
Fondunun vitse-prezidenti, Nazim Hikmətin ədəbi irsi üzrə
komissiyanın məsul katibidir. Bədii
yaradıcılığında ədəbi tənqid, tərcümə
və poeziya başlıca yer tutur. 100-dən çox elmi əsəri
ədəbiyyatşünaslığın aktual problemlərinə
həsr olunub.
Bu günlərdə Bakıda
Dünya azərbaycanlılarının III qurultayının
iştirak edən alim dövlət başçısı
İlham Əliyevin sərəncamı ilə Azərbaycan
Respublikasının Əməkdar elm xadimi adı ilə təltif
olundu. Onunla söhbət zamanı həm diaspor, həm də
elmi fəaliyyəti barədə danışdıq.
- Tofiq müəllim, Moskvada rəhbərlik
etdiyiniz «Ocaq» Azərbaycan Mədəniyyəti Cəmiyyəti
Rusiyada, belə demək mümkünsə, ən qocaman diaspor
təşkilatımızdır. Belə bir qurumun
yaradılması ideyası necə meydana gəldi?
- Ümumiyyətlə, Azərbaycanın
milli-mədəni cəmiyyətinin yaradılması
ideyası hələ ötən əsrin 60-cı illərində
ortaya çıxmışdı. O vaxt biz - Moskvadakı ali məktəblərdə
və elmi-tədqiqat institutlarında təhsil alan aspirantlar
müxtəlif xarici ölkələrdən gələn tələbə
və aspirantların həmyerlilər birliyi kimi, bənzər
bir qurum yaratmaq barədə düşünürdük. Bu təşəbbüsü
illər sonra həyata keçirdik. “Ocaq” Azərbaycan Mədəniyyəti
Cəmiyyəti 1988-ci il dekabrın 22-də Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyində keçirilən
təsis yığıncağında yaradıldı. Onu da
qeyd edim ki, “Ocaq” Ukraynanın “Flavutiç”i və yəhudilərin
“Şalom”u ilə yanaşı Moskvada qeydə
alınmış ilk üç təşkilatdan biridir. Fəaliyyətimiz
dövründə həm uğurlarımız, həm də
problemlərimiz olub. Amma ötən tarixi vərəqlədiyimiz
zaman zəngin mövzular ortaya çıxır.
- Həmin səhifələrdə
ölkəmizin mədəniyyətinin təbliğatı
istiqamətində hansı mövzuları görmək olur?
- Bizim qurum adından da
göründüyü kimi, mədəniyyət cəmiyyətidir.
Cəmiyyətin ilk tədbirlərindən biri 1989-cu ilin
martında milli bayramımız olan Novruzun qeyd edilməsi oldu.
“Ocaq” cəmiyyəti fəaliyyət göstərdiyi 23 il ərzində
daim Azərbaycanın tarixinə dair silsilə tədbirlər,
dəyirmi masalar, mühazirələr, Azərbaycan dili
kursları, bazar günü məktəbi təşkil edib.
1997-ci ildə Moskvanın Təhsil Departamentinin köməyi
ilə Moskva şəhər 157 saylı orta məktəbdə
Azərbaycan etnomədəni təmayüllü təhsil
ocağı açmağa nail olmuşuq. Məktəbdə
Azərbaycanın Əməkdar mədəniyyət
işçisi Asya Sultanova uşaqlara musiqi dərsi keçir.
Qeyd etmək yerinə düşər ki, 157 saylı məktəbin
rəqs kollektivinin, eşitmə imkanları məhdud olan
uşaqlardan ibarət “Buta” ansamblı da fəaliyyət
göstərir. Biz Moskvada tez-tez Azərbaycan sənətçilərinin
konsertini, rəsm və foto sərgilərini, yubiley tədbirlərini
keçiririk. Ədəbi nəşrlərimiz işıq
üzü görür. Məqsədimiz mədəniyyətimizi,
tarixi irsimizi, ədəbiyyatımızı, incəsənətimizi
ən yüksək səviyyədə təbliğ etmək,
görkəmli musiqiçilərimizi, alimlərimizi,
yazıçılarımızı Rusiya cəmiyyətinə
daha yaxından tanıtmaqdır. Çünki bizim mənfur
qonşularımızın Azərbaycanın əleyhinə
apardığı təbliğat qarşısında biz daha səfərbər
və fəal olmalıyıq.
- Bəllidir ki, bədnam
qonşularımız zaman-zaman Azərbaycan mədəniyyətini
hədəf alaraq mədəni irs nümunələrimizi
öz adlarına çıxmağa
çalışırlar. Necə
düşünürsünüz, mədəniyyətimiz,
intellektual potensialımız bu maneələri aşmaqda yetərlidirmi?
- Əminliklə deyə bilərəm
ki, biz böyük intellektual potensialı olan bir millətik.
Çox böyük bir mədəniyyətə, tarixə
sahibik və dünyada da öz sözümüzü deyə
bilirik. Bizim tədbirlərimiz olanda ermənilər özlərini
tamamilə başqa cür aparırlar. Çünki bilirlər
ki, yalanları, iftiraları üzə çıxacaq. Bizdə
gözəl bir söz var, yalançını evinə qədər
qovmaq lazımdır. Biz də onların yalan və
saxtakarlıq cəhdlərini sonadək ifşa etməliyik.
Son illər diasporumuz böyük
işlər görür. Ötən 5-6 ildə Rusiya arxivlərində
Qarabağ problemləri ilə bağlı bir neçə
kitab yazılıb. Məsələn, tədqiqatçı
alim Emil Məmmədlinin Rusiya arxivlərindən
topladığı materiallar əsasında
hazırladığı kitab Qarabağ məsələsi,
tarixlə bağlı ermənilərin bizə qarşı
olan iftiralarını puç edir. Ona görə də biz
siyasəti ardıcıl, məqsədyönlü şəkildə
davam etdirməliyik.
Sevindirici haldır ki, həyata
keçirdiyimiz işlərə Azərbaycanın dövlət
və hökumət qurumları tərəfindən, Diasporla
İş üzrə Dövlət Komitəsindən dəstək
verilir. Azərbaycanın Mədəniyyət və Turizm
Nazirliyi ilə də əlaqələrimiz var, nazirliyin əməkdaşlarını
tədbirlərimizdə də çox görmək istərdik.
İstərdik ki, böyük tədbirləri birgə təşkil
edək.
- Zəngin diaspor təcrübəsinə
malik şəxs kimi xaricdəki azərbaycanlı təşkilatlarının
fəaliyyətində nələri görmək istərdiniz?
- İstərdim ki, diasporumuz daha
mütəşəkkil, daha çoxşaxəli fəaliyyət
göstərsin. Soydaşlarımız yaşadıqları
ölkələrdə, mədəni, ictimai-siyasi həyatda
daha aktiv fəaliyyət göstərməli, həmin ölkələrdə
söz sahibi olmalıdırlar. Mənə elə gəlir ki,
növbəti mərhələdə qarşıda duran
mühüm məqsədlərdən biri
soydaşlarımızın yaşadıqları ölkələrin
idarə, dövlət və seçkili qurumlarında təmsil
olunmasıdır. Bu yolla onlar dövlətimizin, orada yaşayan
həmyerlilərimizin mənafeyini daha fəal müdafiə edə
bilərlər. Bu sahədə bizim ilk addımlarımız
atılır. Ümidvaram ki, biz böyüdükcə,
qüvvətləndikcə, bu addımlarımız daha
güclü olacaq.
- Bir qədər də elmi fəaliyyətinizə
toxunaq. Son dövr elmi araşdırmalarınızda hansı
mövzuya müraciət etmisiniz?
- Nazim Hikmətin
yaradıcılığını araşdırmışam.
Moskvada «Nazim Hikmət. Poeziya və poetikası» adlı
kitabım da nəşr edilib. N.Hikmətlə yaxından məşğul
olan, onu dərindən öyrənən türkoloqların
sayı azdır. Sovet dövründə onun daha çox
inqilabi fəaliyyəti, inqilabi poeziyası, inqilabi
romantikası önə çıxarılırdı. 80-ci
illərdən sonra Nazimi yenidən kəşf etməyə
başladılar. Artıq bu gün Nazimin poetikası və
şeir sənəti başqa bir mövqedən dəyərləndirilir.
Xüsusən də Nazim Hikmətin Moskva dövründəki
həyatı, fəaliyyəti bu kitabda tamamilə yenidən
yazılıb. Çünki 1951-ci ildə Moskvaya gəldiyi
zaman Nazim Hikmət bambaşqa bir Sovetlər Birliyi
gördü. Onun sovetlərlə bağlı romantikası bir
anda yox olub getdi. Və qarşısına çıxan
problemləri görüncə də, onun dünyaya
baxışında bir çox şeylər dəyişmiş
oldu. Sovet hakimiyyətinə onun münasibəti birmənalı
olmamışdı. Arxiv materialları o hadisələrin
altında olan münasibətləri meydana qoyur. Bu baxımdan
Nazimin Moskva həyatı gözəl və problemsiz
olmayıb. Tam əksinə, daxili bir iztirab Nazimin faciəsi
halına gəlmişdi. Arxiv materiallarında Nazimə olan
münasibətin nə qədər ikiüzlü bir siyasət
olduğunu görəndən sonra böyük bir insanın, həyatının
15 ilini həbsxanalarda keçirmiş böyük şairin
faciəsi meydana çıxır.
- Necə oldu ki, bu mövzuya
müraciət etdiniz?
- Nazim Hikmət XX əsrin dahi
şairi olduğu üçün hər kəs tərəfindən
qəbul edilib. O, 1963-cü ildə vəfat edib. Bu yarım əsrdə
Nazimin dünya poeziyasında ulduzu daha da parlayıb və onun
nəhəngliyi daha aydın görünüb. Məndən əvvəl
böyük alimlər bu mövzuya müraciət ediblər.
Odur ki, vaxtaşırı mən də müraciət edəcəyəm.
Bizdən sonra da Nazim yenidən oxunacaq, yenidən şərh
ediləcək, yenidən kəşf ediləcək. Bu, təbii
prosesdir.
- Tofiq müəllim, prezident
İlham Əliyevin sərəncamı ilə Azərbaycan
Respublikasının Əməkdar elm xadimi adına layiq
görülməyinizi necə qarşıladınız?
- Əlbəttə ki, bu ad
gördüyümüz işlərə verilən yüksək
qiymətdir. Bu həm də dövlət
başçısının ədəbiyyatımıza,
dilimizə, mədəniyyətimizə olan münasibətinin
göstəricisidir. Mən də bu fürsətdən istifadə
edərək cənab prezidentə, bizi dəstəkləyənlərə
minnətdarlığımı bildirirəm.
Mehparə
Mədəniyyət.- 2011.- 13 iyul.- S. 7.