Ümumovqat
hay-harayımız
Daim
müasir, həmişəcavan - qoca Mirzə dayımız...
Do-re-mi-fa... Paaa, isti nəfəsimi
kəsdi ki, ay çeşmə nəğmələrilə
canlı sərinkeş payımız! Kələyimi kəsdi
mənim bu bür-kü-nün kür-kü. Deyirəm, qoy
qalan üç səsi də sənin Səsin səsləndirsin
texnikada. Səsləndirsin, sərinlənim, bir hovur anti-isti
rahət edim, nəfəsimi bacadan, nit-qi-mi hecadan qurtarım.
Birnəfəsə danışa, birqələmə yaza
bilim...
Hə,
a-u-di-o!
Hə, ən yeni texnika, haydı! Əlbəttə, ən sərin mahnısından başla, qo-ra-bi-şi-rən aydı! Aha, “Li-man”. Əla! Oho, nə gözəl meh gəldi... Ora bax, küçədəki Xan çinarın bürküdən yarımcan yarpaqları da pırıl-pırıl titrəşdi. Oh, sərincə bir yel də əsdi... Oyy, dəcəl nəvəm pultu qurdaladı - “Tək səbir”i yarımçıq kəsdi. Pultu bəri elə, ay incim. Pultu ver, öz ağagil-bəygül qınlarından çıxıb Maykl donlarını bəyənən atan kimilərinin ədaniyyət səfsəfəsinə qoşulmamağın üçün sənin hələ ting zövqünü elə indidən, bəri başdan təkrarsız milli mədəniyyət fəlsəfəmizə calayım. “Bəri başdan“ demişkən, başını bir az da ləzzətlə yırğala bu səsə. Ay sağ ol! Bə nədi, igidim, onlar ifaçılarına əl-ayaqları ilə reaksiya verirlər, biz beyin-başımızla. İndi şip-şiyin dilinlə mənə cavab vey; bu bədən üzvlərinin hansı daha ali, daha qanandır? Hə, səninləyəm, ay elə indidən qonşu qızcığazlara “saçlayına gül düzüüüm” deyə, ahıl sənətkarı yamsılayan cahıl xatakar!
Ey, pəncərəm ağzına qonan cütlük - cənab və cənabə kəpənəklər, siz hardan bildiniz ki, növbəti nəğmə “Kəpənək”dir? Hə, qoy bu aşiq səs allı-ballı sədalarıyla bizi, ithaf personajı olan sizsə öz xallı qanadlarınızla bir-birinizi yelpikləyin. Amma bu dəfə “Qaçdım sənin dalınca mən...” deyəndə tutduq verin - hava istidi, çox yormayın dinləməkdən yorulmadığımız bu qoca sənət kavalerini.
Hə, nəfəsim bir az genəldi, çal-çağırı yaylaq dayı! Sənin sərin hava-havacatların havayı deyil ki - neçə illərdi bir-birindən qaynar gələn bu yayların ən ütücü günlərində yadıma yalnız Sən düşürsən.
Bu da “Uzaq, yaşıl ada”. Görəsən,
şair bu kəlmələrin məna ilmələrini
doğrudanmı belə toxuyub? “Ayrılıq bir dənizdir”
mübaliğəsini başa düşdük, növbəti
poetik informasiyanı isə elə melodik təqdim etdin ki,
işə düşdük. O gözəli - “Sən uzaq,
yaşıl ada”nı öz ecazkar notlar yelkəninlə o qədər
uzaqlara, hicrin ən qərib məsafələrinə
aparırsan ki, bu qaynar istidə adamı sənət
üşütməsi tutur...
Nəysə, Mirzə baba, sənin
bu “yaşıl ada”nda dirçəlib, yüzbir mahnından
otuz doqquzunun fonunda minbir söz yazmaq fikrindəyəm.
Qırxıncı mahnın haqda isə lap sonda bir “son söz”
deyəcəm. İndiliksə, Mirzə dayı,
başdan-başa məzə dayı, sənin gənclik zəmanənin
leksikonu ilə desəm, “Mirzə teatrosu”ndan bir düjün -
Retro
fikirlər
Hə, yuxarıda söylədim
axı; hər il yayın qızmarında yadıma
düşürsən və oturub yazmaya bilmirəm. O fikirlər,
faktlar içərisində isə elələri var ki,
onları “retro”lamamaq olmur. Məsələn, necə təkrarlamayım
ki, sən dünyaya ən isti ayda (iyul 1913) gəlib, ən
soyuq ayda (yanvar 2003) gedibsən. Sən doxsan il yaşadın,
bizimçün oxumaqdan doymadın, mən də səkkiz
ildir sənsizlikdən, istilərdə sənin sənət
çətir-ətirinə sığınıb yazmaqdan
bıqmıram. İrəliki yazılarımdan ilkinin
başlığıyla isə lap “gül” vurmuşdum: “Nəğməli
yaşam odasından, “uzaq, yaşıl ada”sından ayrı
düşmüş Mirzə dayı, o dünyana salam olsun bu dünyandan!”
O uzun başlığı belə bir füzun
yarımbaşlıqla da müdafiə etmişdim:
“Mahnılarının sayından, Allahın verdiyi yaş
payından, şax şəxsiyyət, şux sənət,
qaynar həyat eşqindən ki uzun ha deyil bu başlıq, ay
Mirzə baba!..”
Sənin doxsan illik bioloji, yetmiş
illik sənət ömrün indilər efir-ekranlar hesabına
beş-on il yaşayan müğənnilərin ömürlərindən
çox qısadır. Bu - yağışdan sonra
çıxan “şlyapatimsallılar” qızmar yaylara sərinlik
gətirə bilmirlər. Elə bil bunların əksəriyyətinin
göbəyi “şum”da kəsilib, boğaz ətləri
xırmanda yabalanıb.
Görəsən, sənin doğulduğun ilin yayında necəymiş Bakıda havalar, Mirzə bakılı? Qoçu Əsgərli, Məşdibadlı Bakıda. Sən öz ecazkar səsinlə o ağsaqqal aşiqin kinoportretinə necə polifonik cizgilər əlavə edibsən, ustad! O çağların min, bu vaxtların sortbasort “inteqreyşn-yevropeyşn” cavanlarına dəyən İbad kişini öz fenomenal vokalınla daha da zavallılaşdırmısan. Bax bu an mənim xəyalım onun öz qoçu dəstəsilə Rüstəm bəyin üstünə hücum səhnəsinin iştirakçısıdır. O səhnənin baş qəhrəmanı sənin Səsindir, Mirzə qədeş! “Allaha and olsun, budur deyirəm! Qızı mənə, qızı mənə gərək verəsən! Verməsən hərgah!..”
Məzən olsun, ay Mirzə kişi!
Deyirlər, bəstəkarlar məhz sənə ifa etdirmək
istədikləri mahnıların “hə”sini alınca “do”dan
“lya”ya səslər çıxarırmışlar. Alnına
qalxmış pırpız qaşların enincəyədək
əlamanda qalırmışlar ki, kənək qoz, hənək
qız yiyəsi timsalında bərkə saldığın o
“hə”ni verəcəksən, ya yox. Əlbət, əvət,
düz edirmişsən; axı sən bununla milyonların “hə”-“həri”sini,
“bravo”-“şedevro!”sunu almalıydın!
Səninlə bağlı
düşüncələrimin birindən çıxıb o
birinə düşə-düşə axşamı
düşürdüm. Bu an oxuduğun “Bir axşam” lap yerinə
düşdü. Mahnıları məna sanbalına görə
seçib-sonalamağın bir yana, sözləri necə
aydın, necə duru tələffüz etməyin özgə
bir aləm! Avazın misraların aşiq-məşuqlarını
bir-biriylə necə tutuşdurur, “əğyar”larını
necə tutaşdırır?! Hicranları sız-sız
sızıldadır, vüsalları göz-göz
qovuşdurur, aa. “Taylı tayını tapar” qafiyələr sənin
səsinin bir gülündən uçub o birinə qonur,
haa...
Amma bütün bunlara - Allahın günəşsiz “şərr” axşamına, sən bəndənin “Bir axşam”ına, neçə gündü bu yazı ladında vurnuxan bəndənizin sənə vurğunluq ehtişamına baxmayaraq, hava hələ də istidir, yaman istidir, aman baba! Amma səninlə bağlı bir xatirə bu bürkünün də hovunu alır. Bir vaxtlar ADU (BDU) tələbələrilə görüşündən qalmış xatirə. Böyük hind sənətçisi Rac Kapurun “Avara” filmindəki eyni adlı mahnını “cılxa azərbaycanca” ifa etməyinin “cılxa bolşevik” tərbiyəsilə silahlanmış ədəbi və musiqi ictimaiyyəti tərəfindən necə süngüləndiyindən baməzə-balməzə gap edib, o ki var güldürdün bizi. Hələ Kərbəla əhvalatı! 1956-cı ildə - ateizm qılıncının dalı-qabağı kəsən dəmlərdə - o dövrün ən xoflu ifadələrindən biri olan “sovet nümayəndə heyəti” tərkibində qırmızı Moskvadan edilən o “qara səfər”də sən, Rəşid Behbudov və Çingiz Sadıqov “həm ziyarət, həm ticarət” məsəlinin yalnız birinci tərəfini tutursunuz. Müqəddəs ziyarətgaha buraxılmağınız “kəlimeyi-şəhadət”i bilməyiniz haqqı ilə baş tutur. Rus sənətçilərindən birinin “çto takoe kalmei-şaxadat?” sualına isə əsl Mirzə-məzə kodu tapırsan: “Məncə, bu, Lenin yoldaşın “seçilmiş əsərlər”ində izah olunub”...
...Sən bu diskdə axırıncıdan əvvəlki mahnını oxuyursan: “Daha nə istəyirsən”. Mən isə fikirləşirəm:
Daha nə istəyirəm?
Yəni, sən dünyanı dəyişdiyin gündən mən hər ilin yayında əlimə qələm alıb səndən yazıram və hər dəfə bu mahnını eşidəndə, elə bilirəm, bu xitabın bir qırağı da mənə aiddir. Doğrudan da, səkkiz yazımda sənin haqqında nə bilirəm, sənətini nə qədər sevirəm - hamısını demişəm. Bəs, daha nə istəyirəm?!.
Yox, estrada “ədəbiyyat”ımızın mirzəsi, banisi, yox. Çal-çağırı yaylaq dayı, yox. Hər il amansız istilər düşəndə, ruhum bürküdən bişəndə, qələm daşa ilişəndə yığışıb sənin “ovqat kurortuna” pənah gətiririk - pul-pənəsiz turistliyə oylaq baba, yox!
Və bu da sonuncu mahnın: “Kimlər gəldi, kimlər getdi”. Əlbəttə, bu dünyadan. Doxsan səkkiz il əvvəl bir qızmar yay günü bir evə bəbə gəldin, 8 il öncə bir ölkədən ustad baba kimi getdin. Yüz illiyinə nə qalıb ki? Sənlik iki il, mənlik daha iki yazı.
Vəssalam, Mirzə zirvə. Artıq gecdir. Bütün əvvəlki gecələrdən səpsərin bir gecədir.
Qoy bir çıxım,
görüm, bayırda hava necədir?..
Tahir
Abbaslı
Mədəniyyət.-
2011.- 13 iyul.- S. 13.