Orta əsr Ağsu şəhər
qazıntılarında toxuculuq və boyaq izləri
Xəbər
verdiyimiz kimi, bu yaxınlarda Türkiyənin Konya şəhərində
Səlcuq Universiteti Araşdırmalar Mərkəzinin təşkilatçılığı
ilə keçirilən III Beynəlxalq türk toxuculuq və ənənəvi
sənətkarlıq konfransında Azərbaycan alimlərinin məruzələri
maraqla qarşılanıb.
Milli Azərbaycan Tarixi Muzeyinin
şöbə müdiri, tarix elmləri namizədi, «Miras”
ictimai birliyinin sədri Fariz Xəlillinin “Orta əsr Ağsu
şəhər qazıntılarında tekstil və boyaq
örnəkləri“ mövzusunda məruzəsi də konfrans
iştirakçılarının diqqətini çəkib.
Alim mövzu ilə bağlı apardığı
araşdırmalar barədə qəzetimizə məlumat
verdi.
- 2010-cu ilin martından «Miras” mədəni
irsin öyrənilməsinə kömək ictimai birliyinin təşəbbüsü
ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Milli Azərbaycan
Tarixi Muzeyi ilə birgə orta əsr Ağsu şəhərində
arxeoloji tədqiqatlar aparır. İndiyədək aparılan
tədqiqat nəticəsində dörd mindən çox
arxeoloji material aşkar edilib. Müəyyən olunub ki, orta əsr
Ağsu şəhəri XII-XIII əsrlərdə
salınıb və XVIII əsrədək bura iri
yaşayış məskəni olub.
Aşkar olunan arxeoloji materiallar
üzərində aparılan araşdırmalar nəticəsində
digər eksponatlarla bərabər parça və boyaq
nümunələri diqqət çəkdi. Üç
qazıntı sahəsində tikiş sexi adlandırılan
binadan çoxlu sayda məişət əşyaları -
qayçı, iynə, düymə, ip yumaqları və s.
aşkar olundu. İynə və bizlər misdən
hazırlanıb, düymələr isə əsasən
sümükdəndir. Ərazidə qədim tikiş sexinin
yanında kiçik boyaq dükanı aşkar olunub. Həmin
boyaq dükanında dörd boyaq küpü vardı. Küplərin
içərisi qırmızı rəngli boya ilə dolu idi, ətrafında
isə torpağa xeyli boyaq qarışmışdı. Həmin
boyaq nümunələri Türkiyə Kültür Vakfı Təbii
Boyalar Laboratoriyasında professor Rəcəb Qaradağ və Əminə
Torqan tərəfindən analiz olunub. Nəticədə boyaq
küpü nümunələrində alizarin boyaq maddələri
aşkarlanıb.
Dövrün vergi sənədlərindən
məlum olur ki, orta əsr Ağsu şəhərində
çoxlu boyaqçı yaşayıb. Burada verginin
yarıdan çoxunu boyaqçılar ödəyib. Qeyd olunan
fakt Azərbaycanın orta əsrlərdə
boyaqçılıq mərkəzlərindən biri
olmasını sübut edir. Bu da xarici alimlərin
marağına səbəb oldu.
Onu da qeyd edim ki, Türkiyədə
aparılan boyaq analizinin nəticələri bu ilin
fevralında İsraildə keçirilən “Boyaq elmi və
incəsənəti“ adlı beynəlxalq simpoziumda məruzə
olunub. Bu yöndə tədqiqatlarımız Konyada III Beynəlxalq
türk toxuculuq və ənənəvi sənətkarlıq
konfransında da diqqətə çatdırıldı.
Konfransda Türkiyə, İtaliya,
Rusiya və digər ölkələrdən mütəxəssislər
orta əsr Ağsu şəhərində arxeoloji
qazıntıların nəticələrinə böyük
maraq göstərdilər. Bununla bağlı
videogörüntülər, kitab və kataloqlar konfrans
iştirakçılarına təqdim edildi. Tədbirdə Azərbaycan
arxeoloqlarının tədqiqatlarının əhəmiyyəti
yüksək dəyərləndirildi və Türkiyənin ayrı-ayrı
şəhərlərində Ağsu ekspedisiyasının
materiallarından ibarət sərgilərin təşkili məsələsi
də gündəmə gəldi.
Sonda onu da deyim ki, bu ərazilərdə
arxeoloji tədqiqatların davam etdirilməsi orta əsr
Ağsu şəhərində toxuculuq və
boyaqçılığı daha dərindən öyrənməyə
imkan verəcək.
Savalan Fərəcov
Mədəniyyət.-
2011.- 13 iyul.- S. 15.