Azərbaycan növbəti beynəlxalq musiqi bayramına ev sahibliyi edir

 

  Qəbələ III Beynəlxalq musiqi festivalında dünya şöhrətli musiqiçilər, bədii kollektivlər, solistlər çıxış edəcək

  

   İyulun 15-də ölkəmizdə növbəti beynəlxalq musiqi bayramına start verilir. Azərbaycanın qədim dövlətçilik və mədəniyyət mərkəzi olmuş Qəbələdə III Beynəlxalq musiqi festivalı başlanır.

  

   Məlum olduğu kimi, Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-2010-cu illərdə Qəbələdə keçirilmiş I və II Beynəlxalq musiqi festivalları ölkəmizin mədəni həyatında mühüm hadisə olmaqla yanaşı, onun hüdudlarından kənarda da böyük əks-səda doğurub. Mədəniyyətimizin böyük hamisi olan Heydər Əliyev Fondu dünya şöhrətli musiqiçilərin, bədii kollektivlərin, solistlərin, görkəmli dirijorların iştirak etdikləri möhtəşəm musiqi bayramına beynəlxalq marağı əsas götürərək bu tədbiri ənənəvi olaraq hər il keçirməyi qərara alıb. 2011-ci ildə Qəbələ III Beynəlxalq musiqi festivalının keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə həvalə edilib.

   Beynəlxalq musiqi bayramının yüksək səviyyədə hazırlanması və keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyində təşkilat komitəsi, qərargah və işçi qrupu yaradılıb. Təşkilat komitəsinin sədri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, sədr müavini mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, festivalın bədii rəhbəri, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, üzvləri nazirliyin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadədir.

   İyulun 15-dən avqustun 5-dək davam edəcək festival çərçivəsində pianoçuların II Beynəlxalq müsabiqəsi də təşkil olunacaq. Festivalda Rusiya, Böyük Britaniya, İsrail, ABŞ, Norveç, Hollandiya, İtaliya, Fransa, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Yuri Başmet və “Yeni Rusiya” simfonik orkestri, Boris Berezovski, Denis Matsuyev, Sergey Krılov, Anna Samuil, Sergey Leyferkus, Oksana Yablonskaya, Dmitri Yablonski, Massimiliano Pisapia və başqaları iştirak edəcəklər. Festival konsertlərində Azərbaycan Dövlət Simfonik Orkestrinin, pianoçular Murad Adıgözəlzadə, Murad Hüseynov və Yeganə Axundovanın, ifaçılar Cavid Səmədov və Azər Rzayevin iştirakı nəzərdə tutulub.

  

   * * *

 

   Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Qəbələdə keçiriləcək III Beynəlxalq musiqi festivalına və Pianoçuların Beynəlxalq müsabiqəsinə hazırlıq işləri başa çatıb. Bununla bağlı iyulun 13-də Qəbələ şəhərindəki “Qafqaz Resorte” hotelində təşkilat komitəsinin iclası keçirilib. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən iclasda tədbirə məsul şəxslər, 11 rayonun mədəniyyət və turizm şöbələrinin müdirləri iştirak ediblər.

   Nazir müavini bildirib ki, festival çərçivəsində iyulun 15-dən 22-dək pianoçuların beynəlxalq müsabiqəsi keçiriləcək. Münsiflər heyətinin iştirakı ilə ustad dərsləri də təşkil olunacaq.

   İyulun 23-dən avqustun 5-dək isə III Beynəlxalq musiqi festivalının konsertləri təqdim olunacaq. Festivalın proqramının çox zəngin və maraqlı tərtib edildiyini vurğulayan Ə.Vəliyev tədbir çərçivəsində muğam və caz axşamlarının da keçiriləcəyini də bildirib. Festivalın proqramına uyğun olaraq Ağdaş və Şəkidə də konsertlərin təşkili nəzərdə tutulur.

   İclasda musiqi festivalına və pianoçuların müsabiqəsinə hazırlıqla bağlı texniki məsələlər, səhnələrin hazırlığı, işıq və səs sistemləri, tədbirlər zamanı KİV-in fəaliyyəti, rəsmi qonaqların və musiqiçilərin qarşılanması, yerləşdirilməsi və s. məsələlər müzakirə edilib, konkret tapşırıqlar verilib. “Qafqaz Resorte” hotelində tədbirlərlə əlaqədar qərargah yaradılıb.

 

   * * *

 

   Qeyd edək ki, iyulun 15-də festival çərçivəsində Pianoçuların II Beynəlxalq müsabiqəsinin açılışı və püşkatma mərasimi keçiriləcək. Həmin gün müsabiqənin birinci turunun dinləmələri başlanacaq. Birinci turun dinləmələri iyulun 16-da davam edəcək. İyulun 17-18-də müsabiqənin ikinci turunun dinləmələri olacaq. Pianoçuların II Beynəlxalq müsabiqəsinin final mərhələsi iyulun 21-22-də keçiriləcək. Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Rauf Abdullayev) və final iştirakçıları çıxış edəcək. İyulun 22-də müsabiqənin nəticələri elan olunacaq.

   İyulun 23-də isə Qəbələ III Beynəlxalq musiqi festivalının konsert proqramları başlanacaq. Festivalın rəsmi açılışı iyulun 30-da olacaq. Konsert proqramları avqustun 5-dək davam edəcək. Avqustun 1-də Ağdaş şəhərində, avqustun 3-də isə Şəki şəhərində festivalın səyyar konsertləri olacaq.

 

 

   Mədəniyyət.- 2011.- 15 iyul.- S. 3.