“Ulu torpaq”
Almaniyada
yaşayan azərbaycanlı rəssamın əsərinin təqdimatı
keçirilib
İyulun 14-də Azərbaycanda Atatürk Mərkəzində
Əməkdar rəssam, UNESCO Rəssamlar Federasiyasının,
Rusiya Rəssamlar İttifaqının və Almaniya Rəssamlar
Birliyinin üzvü, “Dünya Xalqlarının İncəsənəti”
Beynəlxalq Assosiasiyası mükafatının laureatı Əşrəf
Heybətovun “Ulu torpaq” əsərinin təqdimatı olub.
Tədbirdə Milli Məclisin deputatı, Xalq şairi
Sabir Rüstəmxanlı, Rəssamlar İttifaqının
katibi, Xalq rəssamı Ağəli İbrahimov, şair
Çingiz Əlioğlu və başqaları
çıxış edərək fırça ustası Ə.Heybətovun
yaradıcılığından söz açıb, onun əsərlərinin
dünyanın nüfuzlu vernisajlarda nümayiş etdirildiyini
bildiriblər. Qeyd olunub ki, 30 ilə yaxındır ki, Vətəndən
uzaqlarda yaşayan rəssam Əşrəf Heybətov
bütün varlığı ilə millətinə,
kökünə bağlı, xalqına böyük sevgisi
olan insandır. Bu, rəssamın yaratdığı
bütün əsərlərdə özünü göstərir.
Sənətkar “Ulu torpaq” əsərində mənsub
olduğu xalqın milli-mənəvi dəyərlərini, adət-ənənəsini,
tarixi şəxsiyyətlərini, zəngin və rəngarəng
təbiətini, tükənməz sərvətlərini
çox böyük ustalıqla, özünəməxsus
formada tamaşaçıya təqdim edir. Hər bir kəs bu əsərə
baxarkən bütövlükdə Azərbaycan xalqının
böyüklüyünə, sülhsevərliyinə, vətənpərvərliyinə
bir daha şahid olur.
Ə.Heybətovun əsərləri haqqında geniş
söz açan natiqlər rəssamı 60 illik yubileyi
münasibətilə təbrik ediblər. Dünya azərbaycanlılarının
III qurultayında iştirak etmək üçün Bakıya
gəldiyini söyləyən Əşrəf Heybətov diqqətə
çatdırmışdır ki, bu yeni əsərini 3 aya
hazırlayıb. Rəssam harada yaşamasından asılı
olmayaraq daim Vətəni Azərbaycan haqqında
düşündüyünü və bu əbədi sevgini
öz əsərlərində təcəssüm etdirdiyini
vurğulayıb. Qeyd edək ki, 60 illik yubileyi ilə əlaqədar
Ə.Heybətovun dünyanın bir çox şəhərlərində
fərdi sərgiləri açılıb.
Mədəniyyət.-
2011.- 15 iyul.- S. 4.