Azərbaycan bir çox müsəlman ölkələri üçün model ola bilər

 

   Heydər Şiyə Qubeyşi Əl-Barrak: “İraq cəmiyyəti Azərbaycan mədəniyyəti, incəsənəti ilə daha yaxından tanış olmaq istəyir”

  

   İraq qədim dövrlərdən bəşər sivilizasiyasının beşiyi olub. Eramızdan çox-çox əvvəlki illərdə Mesopotamiya adlanan (İkiçayarası), Dəclə və Fərat çayları arasında yerləşən bu bərəkətli torpaqda meydana gələn qədim dövlətlər - Babil, Finikiya dünya mədəniyyətinə böyük töhfələr bəxş edib. İlk əlifba, ilk yazılı qanunların verilməsi bəşəriyyətə məhz bu torpaqdan «ixrac» olunub. Bu gün insanları heyrətdə qoyan dünyanın yeddi möcüzəsindən biri - “Semiramidanın asma bağları»nın da vətəni İraqdır. Bu torpaqda meydana gələn sivilizasiya qonşu ölkələrə də təsirsiz ötüşməyib. Hələ qədim dövrlərdən Azərbaycanla İraq arasında mədəni əlaqələr yaranıb, ortaq dəyərlər, adət-ənənələr ölkələrimizi yaxınlaşdırıb.

  

   İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrakla söhbətimizdə də ölkələrimiz arasındakı əlaqələrin tarixinə, dünəninə və bu gününə toxunduq.

  

   - Cənab səfir, qədim tarixə və zəngin mədəniyyətə malik olan, bir sıra ortaq dəyərləri bölüşən ölkələrimiz arasında əlaqələri ümumilikdə necə xarakterizə edərdiniz?

   - İraqla Azərbaycan arasında münasibətlərin böyük tarixi var. Uzun illər boyunca ölkələrimizin iqtisadi, mədəni, dini əlaqələri olub. Azərbaycandan zaman-zaman insanlar İraqa gəlib, Nəcəf, Bağdad, Kərbəla şəhərlərində təhsil alıb, dini, dünyəvi elmləri öyrəniblər. Onların arasında dövrün tanınmış ruhaniləri, tarixçiləri, filosofları olub. Azərbaycanın böyük şairi Məhəmməd Füzuli Bağdadda yaşayıb-yaradıb. O, İraq tarixində mühüm, tanınmış şəxsiyyətlərdən biri olub. Şairin qəbri Kərbəla şəhərindədir və çoxlu müsəlmanlar onu ziyarət edir. Bundan başqa, azərbaycanlılarla yaxın, doğma olan İraq türkləri, türkmənlər bizim cəmiyyətin bir hissəsidir. Göründüyü kimi, bizim çox yaxın bağlarımız var. Bütün bunlara nəzər salıb ölkələrimiz arasında münasibətlərin zəngin ənənələrə malik olduğunu qeyd edə bilərik.

   Müasir dövrdə də əlaqələrimiz yüksək səviyyədədir: ikitərəfli və çoxtərəfli səviyyədə münasibətlərimiz inkişaf edir. Beynəlxalq təşkilatlarda ölkələrimiz bir-birini dəstəkləyir. 2003-cü ildə digər dövlətlərin qüvvələri ilə birlikdə Azərbaycan da İraqın xilasında iştirak etdi. Biz bunu çox qiymətləndiririk və heç vaxt unutmarıq.

   - Ölkələrimiz arasında mədəni əlaqələrin səviyyəsini necə dəyərləndirmək olar?

   - Qeyd etdiyim kimi, mədəni əlaqələr baxımından bizim çox zəngin mirasımız var. İraq böyük mədəniyyətə malik olmaqla yanaşı, bu gün də mövcud olan bir çox sivilizasiyaların tarixi məkanıdır. Azərbaycan da tarixən Şərqlə Qərbin kəsişməsində qərar tutub. Böyük İpək Yolu da Azərbaycandan keçərək bizim torpaqlara gəlib çatıb.

   Bu gün mədəni sahədə əlaqələrimizin inkişafı üçün geniş imkanlar var. Ötən ay Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşdə bu barədə müzakirələr apardıq. Həmin görüşdə cənab nazir ölkələrimizin bir-birinə tarixi əlaqələrlə bağlı olduğunu, bu əlaqələrin qədimliyini və yüz illərə söykəndiyini vurğuladı. Mən isə öz tərəfimdən iki ölkə arasında turizm sahəsində əlaqələrin, xüsusən də dini ziyarətlərin aktivləşdirilməsi məqsədilə anlaşma memorandumunun imzalanmasını təklif etdim. Memorandumun imzalanması məqsədilə İraq Respublikasının turizm və tarixi abidələr nazirinin Azərbaycana səfərinin planlaşdırılması da müzakirə olundu. Bundan əlavə, Bakı və Nəcəf şəhərləri arasında çarter reyslərinin açılması, iraqlı turistlərin Azərbaycana gəlməsinin təşviq olunması və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi apardıq.

   Əminəm ki, ölkələrimiz arasında turizm və mədəniyyət sahəsində əməkdaşlıq gələcəkdə genişlənəcək. Bakıda İraq mədəniyyəti həftəsi, İraqda isə Azərbaycan mədəniyyəti həftəsinin keçirilməsi ilə bağlı planlarımız var. İstərdik ki, İraq mədəniyyəti Azərbaycanda daha yaxşı tanınsın. Burada İraqın incəsənətini, musiqisini, mətbəx mədəniyyətini, geyimlərimizi nümayiş etdirək. Eləcə də İraq cəmiyyəti Azərbaycan mədəniyyəti, incəsənəti ilə daha yaxından tanış olmaq istəyir. İnşallah bu yöndə qarşılıqlı tədbirlərimiz çox gözəl nəticələr verəcək.

   Ümumiyyətlə, hazırda mədəni əlaqələrin genişlənməsi, mədəniyyətlərarası dialoq çox vacibdir. Bu mənada biz Azərbaycan modelini bir nümunə kimi götürə bilərik: bu, mədəni çoxmüxtəlifliyi ehtiva edən, açıq bir cəmiyyətdir. Azərbaycan cəmiyyətində üç dünyəvi dinə məxsus insanlar sülh şəraitində yaşayır. Müxtəlif milli azlıqların, müxtəlif dinə inam gətirənlərin bir yerdə sülh şəraitində yaşamaları gözəl nümunədir. Bu baxımdan bu ilin aprelində Dünya Mədəniyyətlərarası Dialoqu üzrə Bakı Forumu çox müvəffəqiyyətlə keçdi. Həmin forumda mən gördüm ki, Azərbaycan bu sahədə necə böyük rol oynayır və başa düşdüm ki, Azərbaycanda mədəniyyət necə inkişaf edir. Çünki bu, liberal müsəlman modelidir. Elə bir modeldir ki, digər ölkələr, xüsusilə də müsəlman ölkələri onu tətbiq etmək istəyir. Bu doğrudan da, siyasətin müdrikliyidir: incə və həssas. Düşünürəm ki, münasibətlərimiz inkişaf etdikcə əlaqələrimiz daha da dərinləşəcək. İraqla Azərbaycan arasında birbaşa təyyarə uçuşları başlayandan sonra turizm əlaqələri də inkişaf edəcək.

   - Cənab səfir, Azərbaycana səfir kimi təyin olunmazdan əvvəl ölkəmiz, onun tarixi və mədəniyyəti haqqında nələri bilirdiniz? Bakıda yaşadığınız müddətdə sizdə hansı təəssüratlar yaranıb?

   - Bakıya 2010-cu ilin iyununda gəlmişəm. Əlbəttə, Azərbaycan İraqda tanınan bir ölkədir. Ölkəmizdə mənim çoxdan tanıdığım bir azərbaycanlı ailə yaşayır. Onların ata-babaları çoxdan İraqda məskunlaşıblar. Bu imam nəslindən olan seyidlərdir. Həmin ailə ilə dost münasibətim nəticəsində hələ ölkənizə səfir kimi gəlməzdən xeyli öncə Azərbaycan haqqında məlumat əldə etmişdim. Sonralar biz Qarabağ münaqişəsi başlayan zaman ölkənizlə bağlı informasiyalar alırdıq. O zaman biz bu məlumatlara görə çox təəssüflənirdik və Azərbaycan xalqının başına gələnlər biz iraqlıların ürəyini ağrıdırdı.

   - Diplomatların qrafiki çox vaxt zəngin olur. Amma yəqin ki, asudə vaxtlarınız da olur. Belə vaxtlarda Bakıda hansı yerləri seyr etməyi xoşlayırsınız?

   - Bakıdakı tikililəri, xüsusilə , qədim binaları seyr etməyi xoşlayıram. İraq səfirliyinin yerləşdiyi əvvəlki bina da 1919-cu ildə tikilmiş tarixi abidə idi. Onu ilk dəfə görəndə memarlıq quruluşuna heyran olmuşdum. Bakıdakı tikililərlə bağlı bir dəfə maraqlı bir hadisə baş verdi: mən tikilməkdə olan, gözəl memarlıq quruluşuna malik Heydər Əliyev Mərkəzini görəndə onun əzəmətinə, memarlığına heyran oldum. O zaman mənə dedilər ki, bu binanın memarı tanınmış ərəb xanımıdır. Araşdıranda bəlli oldu ki, bu xanım məşhur iraqlı memar, hazırda Londonda yaşayan Zaha Hədiddir. Bu qadın həm çoxlu xeyriyyəçilik işləri ilə tanınır. Mən çox xoşbəxtəm ki, ölkələrimiz arasında bağlantı rolunu belə bir məşhur xanım oynayır.

   Bakının gəzməli yerlərinə gəlincə, İçərişəhəri çox sevirəm. Bu məkanın qədim küçələri mənə öz ölkəmi, İraqı xatırladır. Buradakı dükanlar İraqdakı qədim dükanlara bənzəyir. Biz onları «xan» adlandırırıq. Orada satılan əl işləri, qədim əşyalar çox gözəldir. Bakıda belə məqamlarla rastlaşanda özümü çox xoşbəxt hiss edirəm. Bir Dənizkənarı parkı seyr etməyi çox xoşlayıram.

   - Bakıda olduğunuz müddət yəqin ki, sizə xalqlarımız arasında oxşar fərqli cəhətləri aşkar etmək imkanı verib. Sizcə, bu cəhətlər hansılardır?

   - Azərbaycan xalqını səciyyələndirən başlıca cəhətlərdən biri onun müxtəlif xalqlarla birlikdə sülhpərvər şəraitdə yaşamasıdır. Bu, çox gözəl tolerantlıq nümunəsidir. Siz bununla fəxr etməlisiniz. Oxşar cəhətimiz ilk növbədə ondan ibarətdir ki, xalqlarımız müsəlmandır. Xalqlarımız arasında hər hansı fərqləri isə görmürəm. Bizim xarici görünüşümüz çox oxşardır: sarışınıq, ki, qaraşın. Hətta yeməklərimiz, bəzən adətlərimiz eynilik təşkil edir. Məsələn, Novruz bayramını biz qeyd edirik. Bu, bizim milli bayramımızdır. Biz bu bayramı Yaz günü, Yaz bayramı adlandırırıq. Bundan başqa sizin muğam musiqiniz bizdə var. Sadəcə olaraq, biz onu «maqam» adlandırırıq. Bu musiqini dinləməyi çox sevirəm. Bilirsiniz, bu elə bir musiqi növüdür ki, peşəkar ifaçı tələb edir. Çox güclü təsirlidir. Azərbaycanda olduğu kimi İraqda da muğam çox populyardır.

   - Azərbaycanda olduğunuz müddətdə bölgələrimizə necə, səfər etməyə vaxt tapmısınızmı?

   - Lənkəranda, Qubada, Nabranda (Xaçmaz), bu yaxınlarda isə Xızıda olmuşam. Qubanı Xızını dağlıq olduğu üçün şimali İraqa bənzədirəm. Azərbaycanın tarixi yerlərini, abidələrini gəzib görmək niyyətindəyəm. Onu da deyim ki, İraqda da UNESCO-nun mədəni irs siyahısına daxil olan bir sıra tarixi yerlər var ki, onların əksəriyyəti Abbasilər sülaləsinin idarəetmə dövrünə aiddir. Bu abidələrə Bağdadda İraqın digər vilayətlərində təsadüf etmək mümkündür. Onlar bizim üçün çox qiymətli yerlərdir.

   - Milli mətbəximizlə aranız necədir?

   - Yeməklərimiz arasında oxşarlıqlar çoxdur. Sizin mətbəxiniz çox zəngindir. Lüləkabab, plov kimi yeməkləri İraqda da hazırlayırlar. Amma Azərbaycanda fərqli yeməklər dadmışam. Bunlar kürü nərə balığı olub. Həmin yeməklər həqiqətən çox dadlı idi.

   - Cənab səfir, Azərbaycanı tərk edərkən xatirə olaraq özünüzlə aparmaq istərdiniz?

   - Ürəyimdə Azərbaycan xalqının sevgisini aparacağam. Bəzən söz xətrinə filan ölkə böyük ölkədir, xalqı gözəldir deyirlər. Amma mən öz təcrübəmdən çıxış edərək deyirəm ki, xalqlarımız çox xeyirxahdır. Bundan başqa bir neçə ay öncə burada gözəl bir xalça görmüşəm. Əgər satılmasa, onu alıb İraqa aparmağı planlaşdırıram.

  

 

    Mehparə Sultanova

 

   Mədəniyyət.- 2011.- 15 iyul.- S. 5.