Bodrumdan Bakıya
Azərbaycana
səfər etmiş türkiyəli turizm təmsilçiləri
zəngin təəssüratlarını media səhifələrində
işıqlandırıblar
Xəbər verdiyimiz kimi, bu
yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin dəvəti,
Azərbaycan Turizm Assosiasiyasının və “Gilan Tourism”
şirkətinin təşkilatçılığı ilə
Türkiyənin turizm sənayesinin bir qrup təmsilçisi
ölkəmizdə səfərdə olub.
Türkiyə Turizm Yatırımçıları Dərnəyinin sədri Turqut Gürün başçılıq etdiyi heyətə Türkiyə Səyahət Agentlikləri Birliyi, Türkiyə Turistik Hotelçilər və İşlətməçilər Birliyi, Türkiyə-Azərbaycan İşgüzar Şurasının təmsilçiləri daxil idi. Nümayəndə heyəti mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə, Azərbaycanın turizm sektorunun rəhbər şəxsləri ilə görüşlər keçirmiş, Qəbələ rayonuna səfər edərək bu bölgənin geniş turizm potensialı ilə tanış olmuşdular.
Nümayəndə heyətində yer alan Türkiyə Turizm Yatırımçıları Dərnəyinin üzvü, qəzetçi Can Pulak zəngin səfər təəssüratlarını informasiya vasitələrində işıqlandırıb. O, səfər zamanı gördükləri yüksək qonaqpərvərliyə görə təmsil etdiyi təşkilat adından Azərbaycanın mədəniyyət və turizm nazirinə təşəkkür məktubu və Türkiyədə dərc olunan məqaləsini göndərib.
“Bodrumdan Bakıya” adlı məqalədə Azərbaycana səfər təəssüratından bəhs edən yazar öncə Bakının son illərdə inanılmaz dərəcədə dəyişdiyini vurğulayır. Bakıda ötən əsrin 90-cı illərinin əvvəlində olduğunu xatırladan müəllif həmin vaxt şəhərin o qədər də ürək açmayan, boz mənzərələrlə yadında qaldığını qeyd edir: “Qarabağ müharibəsində çoxlu şəhidlər vermiş, əldən düşmüş Azərbaycanın paytaxtı yorğun bir şəhər görkəmində idi”.
Müəllif budəfəki gəlişində Bakının möhtəşəm dəyişikliklər içində, Azərbaycanı isə sürətli inkişafda gördüyünü vurğulayır: “Aradan keçən illər Azərbaycanı təpədən dırnağa dəyişdirib. Bakıya və digər şəhərlərə edilən inanılmaz sərmayələr nəticəsində ölkə yaxşı inkişaf edib və müasir görüntüsüylə təəccüb yaradacaq səviyyəyə çatıb. Bir ölkə qısa zamanda belə necə inkişaf edə bilər? Bəli, neft və təbii qazdan çox pul qazanır, amma qazancı yaxşı dəyərləndirmək də ayrıca bir bacarıqdır.
Azərbaycan bunu müvəffəqiyyətlə gerçəkləşdirib.
Ölkə bir tikinti
meydanını xatırladır. Qədim binaların fasadı
əslinə uyğun şəkildə yerli daşlarla üzlənir.
Bakıda şəhərin estetik
görünüşünə diqqət yetirirlər. Elektrik dirəkləri, küçə
lampaları belə diqqətlə seçilib.
Hər şeydə görünməmiş bir
müasirləşmə diqqəti çəkir.
Dünyanın ən zəngin mağaza və
markalarına burada rast
gəlmək olar. Burada Avropaya meydan oxuyan, Parisi belə geridə qoyan bir müasirlik
tablosu yaradıblar. Görmədən inanmaq mümkün deyil. Lüks avtomobillərin bolluğu,
ətrafın təmizliyi,
sürətli yaşıllaşdırma
ilk baxışda hiss olunur”.
Azərbaycanda
2011-ci ilin “Turizm ili” elan olunduğunu
nəzərə çatdıran
müəllif səfər
əsnasında turizm sahəsində görülən
işlər, həyata
keçirilən layihələr
barədə ətraflı
məlumat aldıqlarını
vurğulayır: “Azərbaycanın
qış turizmi ilə əlaqədar əhəmiyyətli qərar
və işləri də var. Bununla bağlı Türkiyənin
təcrübələrindən də faydalanmaq istəyirlər”.
Müəllif bununla Bakının 200 kilometr şimalında yerləşən Qəbələ
bölgəsində turizmin
inkişafı üçün
böyük işlər
görülməsindən də
söhbət açır:
“Qəbələ yüksək
dağlarla əhatələnmiş,
İsveçrədən də
gözəl meşəlik
bir ərazidə yerləşir. Burada iki beşulduzlu,
çox müasir
hotel, Avropada belə asan rast gəlinməyəcək
istirahət, SPA və
idman mərkəzləri
var. Burada dövlət
dəstəyi ilə yeni infrastruktur qurulur, hava limanı
inşa edilir.
Hiss olunur ki, Qəbələ adını
çox qısa zamanda bütün dünyada eşitdirəcək”.
Müəllif Azərbaycanın digər bölgələrində,
Lənkəranda, Nabranda
da müasir turizm mərkəzlərinin
yaradıldığını qeyd edir, yeni
hotellərin tikildiyini
nəzərə çatdırır.
Qeyd olunur ki, Azərbaycan hələ bu işin əvvəlindədir,
turizmə geniş meydan vermək üçün çoxlu
yeni hotellər inşa olunmalıdır:
“Lakin yeni sərmayələrlə Azərbaycan
yaxında turizm ölkəsi kimi özünü tanıdar”.
Müəllif yeni mehmanxanalar arasında Bakıda “Kempinski-Badamdar” kompleksini,
“Hyatt Regency” hotellərini, paytaxtda
inşa olunan “Mariott”, “Hilton” və digər dünya brend markaları üzrə hotelləri, habelə “Gilan Holdinq”in “Qafqaz” hotellərini qeyd edir. Qeyd edir ki, bu hotellər ölkənin turizm çöhrəsinə yeni
rəng qatıb.
Müəllif Azərbaycanın Mədəniyyət və
Turizm Nazirliyinin bu sahənin inkişafı, ölkəmizin
dünya turizm sektorundakı rolunu artıra bilməsi üçün böyük
işlər gördüyünü
vurğulayır. Azərbaycan Turizm
Assosiasiyasının ölkədəki
turizm təşkilatlarını
bir araya gətirib fəaliyyətlərini
koordinasiya etməkdə
çalışmalarını yüksək qiymətləndirir.
Turizm sahəsində çalışan
azərbaycanlı personalın
Türkiyədə də
staj keçməsi ilə razılaşma əldə olunduğunu qeyd edir. Türk iş adamlarının Azərbaycanda
turizm sahəsinə sərmayələri daha da artırmaq istədiklərini vurğulayır:
“Türk iş adamlarına Azərbaycanda
böyük imkanlar, üfüqlər var”. Müəllif fikrini bu sözlərlə bitirir: “Bir neçə
günlük səfərimizin
sonunda bir daha yəqin etdik ki, bir
millət - iki dövlət olan Türkiyə və Azərbaycanın qarşılıqlı
sevgisi sonsuzdur”.
Ceyhun
Mədəniyyət.-
2011.- 15 iyul.- S. 6.