Vatikanda aşkarlanan əlyazmalar orta əsrlər Azərbaycan mədəniyyətinə işıq salır

 

   Xəbər verdiyimiz kimi, Vatikan kitabxanalarında Azərbaycana aid qədim əlyazmalar aşkarlanıb. Artıq həmin əlyazmaların bir qisminin surəti çıxarılaraq Bakıya gətirilib.

   Bu işlə bilavasitə məşğul olan tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunun İnformasiya və tərcümə şöbəsinin müdiri Fərid Ələkbərovun sözlərinə görə, Vatikanın Apostol kitabxanasında Azərbaycana aid 60 qədim əlyazma tapılıb. Onların arasında Füzulinin, Nəsiminin, Nəsrəddin Tusinin nadir əlyazmaları, digər Azərbaycan şairlərinin, orta əsr elm adamlarının əsərləri var. O cümlədən indiyə qədər məlum olmayan Azərbaycan müəlliflərinin 9 əsəri aşkar edilib. Onlar disklərə yazılaraq gətirilib və Əlyazmalar İnstitutunun fonduna daxil edilib.

   Alim bildirdi ki, Vatikandakı Apostol kitabxanasında milyondan çox kitab, müxtəlif sənədlər toplanıb. Burada indiyədək bizim alimlər geniş tədqiqat aparmamışdılar. İlk dəfə tarix elmləri doktoru Fərid Ələkbərov bu ilin may ayında kitabxanada tədqiqat aparıb. Vatikan kitabxanasında müxtəlif xalqlara aid əlyazmaların olduğunu deyən F.Ələkbərovun sözlərinə görə, Azərbaycanla bağlı əlyazmalar kitabxanasına müxtəlif yollarla gedib çıxıb: “Katolik kilsəsi zaman-zaman öz nüfuzunu dünyaya yaymağa çalışaraq öz missionerlərini müxtəlif ölkələrə göndərirdi. Həmin missionerlər müxtəlif ölkələrdə yaşayan millətlərin tarixini, adət-ənənələrini də öyrənirdi ki, gələcəkdə onlarla necə işləməyi müəyyən etsin. Azərbaycanla da Vatikanın əlaqələri olub. Tarixi yazışmalar göstərir ki, katolik kilsənin Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlarla əlaqələri olub. Hətta qarşılıqlı diplomatik səfərlər də edilib. Səfirlər öz ölkələrinə qayıdarkən özləri ilə müxtəlif əşyalar, o cümlədən orta əsr Azərbaycan müəlliflərinin kitablarını da aparıblar. Onlar da Vatikan kitabxanasında toplanıb, orada da xüsusi fondlara salınıb və mühafizə olunub».

   Vatikandakı əlyazmalarımızın vəziyyətinə gəlincə, alim onların heç də hamısının saxlanma şəraitinin qənaətbəxş olmadığını dedi. Rütubətliliyin çox olması onlara təsirsiz ötüşməyib: «Bəzilərinin səhifələri çatışmır və onların bərpasına ehtiyac var. Azərbaycan tərəfi Vatikanla birlikdə bu məsələyə diqqət yetirib əlyazmalarımızın bərpası ilə məşğul ola bilər. Çox güman ki, bu məsələ öz həllini tapacaqbunun üçün yüksək səviyyəli mütəxəssislərə ehtiyac var».

   Alim onu da bildirdi ki, kitabxanadakı əlyazmaların müəlliflərinə əsasən o dövrkü Azərbaycanın elm və mədəniyyətinin coğrafiyasını da müəyyən etmək olar: «Onların arasında Şirvanilər, Marağailər, Gəncəvilər, İrəvanilər, Naxçıvanilər, Təbrizilər, Urməvilər, Qəzvinilər və s. müəlliflərin əlyazmaları var. Bunun özü də göstərir ki, Azərbaycanın müxtəlif şəhərlərindən olan alimlər çox qiymətli əsərlər yaradıblar».

   Apostol kitabxanasında bizim üçün daha qiymətli olan əsərlərə gəlincə, alim onların sırasında Nizami Gəncəvinin çox gözəl miniatürlərlə işlənmiş “Xəmsə”sinin olduğunu bildirdi. Bundan əlavə, XV əsrə aid rəvayətlərin yer aldığı əsər də maraqlıdır. Dədə Qorqud türkcəsində olan bu əlyazma həmin dövrə aid ədəbiyyatımızı, Azərbaycan dilini öyrənmək baxımından çox maraqlıdır: “Bundan başqa, XIV əsrdə Şamaxıda astronomiya elmindən bəhs edən əsər də çox maraqlıdır. Həmin əsərdə Şirvanın adı çəkilir və bu o dövrdə Şirvanda elmlərin inkişafını göstərir. Həmçinin Zəncanda, Marağada, Urmiyada köçürülmüş orta əsr əlyazmaları var ki, ilk dəfədir ki, onlar haqqında məlumat almışıq. Bütün bu əlyazmaların əhəmiyyətini isə daha geniş şəkildə gələcək tədqiqatlar göstərəcək”.

  

 

  Mehparə

 

  Mədəniyyət.- 2011.- 15 iyul.- S. 7.