Ənənələrin
yaşadılması insanlar arasında
bağlılığı artırır
“Folklor
və xınayaxdı” qrupu qədim söz deyişmə sənətini
təbliğ etməyə çalışır
Azərbaycanın zəngin folklor ənənələrinin,
söz sənətinin yaşadılması üçün
son illər bir çox işlər görülür. Bu işdə
folklor qruplarının fəaliyyətinin də müsbət
rolu var.
Südabə Rəhimovanın rəhbərlik
etdiyi “Folklor və xınayaxdı” da onlardan biridir.
Kollektiv qədim folklor ənənələrimizin
qorunub saxlanmasına öz töhfəsini verməyə
çalışır. S.Rəhimovanın sözlərinə
görə, qrupu Muğam Teatrının direktoru Arif
Qazıyevin təşəbbüsü ilə yaradıblar:
- Keçmişdə
xınayaxdı, nişan mərasimləri dəbdəbəli
keçib və biz bu ənənələri gözəl
bilirik. Bir neçə il idi ki, xınayaxdı, nişan mərasimlərinə
dəvət alırdıq, amma qrup halında deyil,
ayrı-ayrılıqda. Bir dəfə uşaqları Muğam
Teatrına aparmışdım. Teatrın direktoru Arif
Qazıyev bizi dinlədi və belə bir qrup yaratmağı təklif
etdi. Dedi ki, indi bu sənəti bilən azdır. Siz bilirsiniz və
yaşadın.
- Qrup hazırda hansı formada fəaliyyət
göstərir?
- Biz bu qrupu 5-6 il əvvəl
yaratdıq. Bizim əsas işimiz deyişmədir. Meyxana
deyişməsindən fərqli olaraq bizdə deyişmə
qavalla müşayiət olunur. Bu deyişməni daha
maraqlı edir. Qrup dörd nəfərdən ibarətdir - Adilə
İsmayılova, Qönçə Rəhimova, Balaxanım Məmmədova
və mən. Bizdə bu qabiliyyət anadangəlmədi, hər
birimizdə fitri istedad var. Söz ehtiyatımız zəngindir.
Bizim söylədiyimiz mahnıları başqaları deyə
bilmir. Yüzlərlə, minlərlə deyişməni əzbər
bilirik. Tutaq ki, gəlin üçün qapıya gələndə
bunu deməlisən: «Verin bizim gəlini, gəlin bağlar
belini, Qıza kimin qızısan, verin bizim gəlini». Bu sadəcə
bir nümunədir. Belə deyimlərimiz yetərincə
çoxdur. Amma gərək insanlar maraqlansınlar, bunları
eşitmək istəsinlər.
Düzdü, bizi hələ o qədər
də geniş tanımırlar. Amma televiziyada
çıxışımız olub, Muğam Teatrında da
çıxış etmişik. İstəyirik ki, bu sənəti
daha geniş təbliğ edək. Gəncləri cəlb etməyə
çalışırıq, toy, nişan adət-ənənələrimizi
yaşatmaq lazımdır.
Biz bu işi sadəcə maddi maraq
xətrinə etmirik. Mənim istədiyim odur ki, sənət
yaşasın. Xaricdən Azərbaycana çoxlu insanlar,
turistlər gəlir. Onlar Azərbaycana ayaq basdıqları
zaman qoy bizim adət-ənənələrimizi görsünlər
və inanın ki, bu onların diqqətini çox çəkəcək.
Ən azından hər bir ölkənin özünün adət-ənənələri
maraqlı olur. Qoy bizim xınayaxdılar, deyilən mahnılar
yaşasın.
Bilirsiniz ki, illər əvvəl
xınayaxdı, oğlan və qız toyları bir neçə
gün davam edirdi. Xüsusilə kənd yerlərində bu mərasimlər
rəngarəng keçirilirdi. Bəy-gəlinə xeyir-dua
verir, onlara deyişmələr qoşurdular. O vaxt insanlarda
sanki başqalarının şadlığına sevinmək
hissi daha güclü idi. Bu ənənələr, mərasimlər
həm də mədəniyyətdir.
Hər sözün bir hikməti
var. Söz sənəti yaşamalıdır və insanlar bu
sözlərdən bəhrələnməlidirlər. Ailə
quranlara xeyir-dua vermək, el içində onlara gözəl
sözlər demək izdivac quranlar arasında
mehribanlığı artırır. Niyə bu adət-ənənəni
yaşatmayaq?
- Qrupa üzv olmaq istəyənlərdə
hansı qabiliyyət olmalıdır?
- Həmin şəxs qabiliyyətli,
söz bazası zəngin insan olmalıdır. Həmçinin
də ritmləri bilməlidir. Bir də, sözsüz ki, bizim
kimi qədim dəbdə geyinməlidir. Bu əsas tələb
olunan elementlərdir. Bizim ifaçılığımızda
deyişmə, solo, xor var. Xorda 10-15 nəfər olur. Xor
ifaçıları dairəvi düzülüb oxuyurlar.
«Haxışta», «Buleyli» xora aiddir. «Aman nənə»,
«İncinin sədəfləri» isə deyişmədi.
Ümumiyyətlə, Azərbaycanın deyişmələrinin
ucu-bucağı yoxdur. Onları dinləməklə doymursan.
- Azərbaycanda «Nənələr»
adlı tanınmış folklor qrupu var. Onlarla rəqabət
apara bilərsiniz? Maraqlı deyişmələr də ola bilər.
- Əslinə baxsan onlarla bizim
aramızda elə bir fərq yoxdur. «Nənələr» Lənkəranda,
bizim qrup isə Lerikdə yaranıb. Biz də onlar kimi nənələrimizdən
bizə qalan sənəti yaşadırıq. Mən hətta
düşünürəm ki, bizlə onlar arasında «Aman nənə»nin
gözəl deyişməsi ola bilər. Dediyim kimi bizim əsas
işimiz deyişmədir. Nənələrimizin
danışdıqlarından bilirik ki, o vaxtlar sazla möhtəşəm
deyişmələr olurdu. Amma həmin vaxtlar bu işə daha
peşəkar baxırdılar. Deyişmələr zamanı
ifası mükəmməl olmayanı ortadan
çıxarırdılar ki, sənətə xələl
yetirər. İndi incəsənətin bütün sahələrində
bu qayda işləsəydi, çox yaxşı olardı. Hər
bir sənəti onun bilicisi icra etməlidir. Keçmiş sənətimizi
yaşatmaq lazımdır. Sözlər ələkdən
keçə-keçə zəmanəmizə çatıb.
Söz sənətinə maraq indi də olsun. Elə deyişmələr,
mahnılar var ki, onları deməklə bitmir. Bu
mahnıları üzə çıxarmaq lazımdır.
Gülər
Nizamiqızı
Mədəniyyət.-
2011.- 15 iyul.- S. 7.