“Azərbaycan
əcnəbilərin gözü ilə”
Müasir
İncəsənət Muzeyində açılan fotosərgi
Azərbaycanı tanımaq və təbliğ etmək
baxımından mühüm mədəni hadisədir
İyulun 12-də Heydər Əliyev
Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən
Müasir İncəsənət Muzeyində “Azərbaycan əcnəbilərin
gözü ilə” adlı fotosərgi açılıb.
Sərgidə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban Əliyeva, qızları - Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva
iştirak ediblər.
Sərgidə Azərbaycanda fəaliyyət
göstərən xarici diplomatların və iş
adamlarının çəkdiyi 90-dan çox rəngli və
ağ-qara fotoşəkillər nümayiş etdirilir. Belə
bir sərginin keçirilməsi təşəbbüsü ilə
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı
bütün diplomatik qurumlara və xarici iş adamlarına
müraciəti edib və müsabiqəyə 30-dək ölkənin
vətəndaşları tərəfindən çəkilən
600-dən çox fotoşəkil təqdim olunub. Bu fotolar təbiət
mənzərələri, sadə insanların həyatını
əks etdirən səhnələr və portretlərdən
ibarət olmaqla ölkəmizin əsrarəngiz gözəlliyini
əcnəbi qonaqların gözü ilə ifadə edir.
Münsiflər heyəti tərəfindən ən yüksək
bal toplayan 96 fotoşəkil hazırda Müasir İncəsənət
Muzeyində nümayiş olunur.
Açılış mərasimində
çıxış edən BMT-nin ölkəmizdə
rezident-əlaqələndiricisi Fikrət Akçura sərginin
təşkilinə dəstək verdiyinə görə Azərbaycanın
birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını
bildirib. O, 20 il əvvəl öz müstəqilliyini bərpa
edən Azərbaycanın BMT-yə qoşulduğunu
xatırladaraq vurğulayıb ki, müstəqilliyin ilk illərindəki
ağır çətinlikləri uğurla dəf edən
ölkəmiz bu gün dünyada güclü iqtisadiyyata malik
və inkişaf edən dövlət kimi tanınır.
F.Akçura diqqətə çatdırıb ki, Azərbaycanda
zəngin karbohidrogen ixracından əldə olunan gəlirlər
sosial-iqtisadi və mədəni sahələrdə
böyük proqramların həyata keçirilməsinə sərf
olunur. BMT-nin İnkişaf Proqramının statistikasına
görə, keçmiş sovet ölkələri arasında
Azərbaycan son 10 ildə ən yüksək insan
inkişafı tempini nümayiş etdirib. Azərbaycanı təbliğ
etmək üçün tədbirin gözəl fürsətə
çevrildiyini deyən F.Akçura sərginin ölkəmizi
beynəlxalq ictimaiyyətə daha yaxşı
tanıdacağına əminliyini bildirdi.
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla xanım Əliyeva mərasim
iştirakçılarını salamlayaraq qeyd edib ki, bu sərgi
ölkəmizə səfər edən tanınmış
diplomatların Azərbaycanı necə
gördüyünü və anladığını aydın
şəkildə nümayiş etdirir: “Azərbaycan gözəl
təbiəti, xeyirxah insanları ilə seçilir. Burada
Şərq adət-ənənələri, zəngin mədəni
irs və ecazkar musiqi ilə yanaşı, Şərq və Qərbin
dəyərləri qovuşur. Bu sərgidə siz tarixi abidələri,
dini ziyarətgahları, uzaq kəndləri, ölkəmizin təbii
gözəlliyini, o cümlədən şəhərdə
olan göydələnləri və olduqca maraqlı
binaları seyr edəcəksiniz. Hesab edirəm ki, bu sərgi
ölkəmizin gözəlliyini, minnətdar olduğumuz
bütün cəhətlərini etiraf etmək və dəyərləndirmək
fürsətini yaradır. Bu sərgidə siz Azərbaycan təbiətinə
həsr olunan bir çox fotoşəkilləri də görəcəksiniz”.
Leyla xanım Əliyeva
çıxışında gənclərin qlobal ətraf
mühit kampaniyasına - “Ətraf Mühit Sahəsində Tədbirlər
Haqqında Beynəlxalq Dialoq” layihəsinə start verildiyini də
nəzərə çatdırıb. Bu kampaniya ətraf
mühitin qorunmasını vacib hesab edən dünyanın bir
çox ölkələrindən minlərlə gənci səfərbər
edəcək. 2011-2012-ci illərdə Heydər Əliyev Fondu
BMT-nin Azərbaycan nümayəndəliyi ilə bu istiqamətdə
müxtəlif layihələr üzərində işləyəcək.
Ölkə miqyaslı həmin layihələrdən biri “Ətrafıma
yeni baxış” adlanan fotosərgi olacaq.
Polşanın ölkəmizdəki
səfiri Mixal Labenda “Azərbaycan əcnəbilərin
gözü ilə” fotosərgisinin keçirilməsi ilə
bağlı uğurlu təşəbbüslə
çıxış edən Heydər Əliyev Fondunun rəhbərliyinə
və BMT-nin İnkişaf Proqramına minnətdarlığını
bildirib. Səfir bildirib ki, sərgiyə öz işlərini
təqdim edən müəlliflərdən ikisi Polşa səfirliyində
çalışır. Bu, onların Azərbaycanın gözəlliyinə
heyran olduqlarını və bu ölkədə özlərini
evlərindəki kimi hiss etdiklərini təsdiqləyir. Sərginin
bütün qonaqlarda böyük təəssürat
yaradacağını diqqətə çatdıran səfir
ölkəmizin müxtəlif bölgələrinə səyahət
edərək daha çox fotoşəkil çəkməyi və
gələn il bu müsabiqədə iştirak etməyi
planlaşdırdığını vurğulayıb.
Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyeva və BMT-nin rezident-əlaqələndiricisi
Fikrət Akçura sərginin
açılışını bildirən lenti kəsdikdən
sonra ekspozisiya ilə tanış olublar.
“Azərbaycan əcnəbilərin
gözü ilə” sərgisi ölkəmizin rəngarəng və
qədim mədəniyyətini, memarlıq ənənələrini
və son illərin sosial-iqtisadi inkişafını tərənnüm
edir. Sərginin maraqlı cəhəti ondan ibarətdir ki,
burada yalnız xarici vətəndaşların öz fərdi
kolleksiyalarında olan həvəskar fotoşəkillər
nümayişə çıxarılıb.
“Azərbaycan əcnəbilərin
gözü ilə” fotosərgisi Azərbaycanı tanımaq və
təbliğ etmək baxımından mühüm mədəni
hadisədir. Bu sərgi bəşər mədəniyyətinin
yaranmasında və tərəqqisində öz yeri və
öz payı olan Azərbaycanın sonsuz gözəlliklərindən,
bu ecazkar diyarın təkrarsız təbiətindən,
çoxəsrlik mədəniyyətindən xəbər
verir. Sərginin bir amalı da Azərbaycanın mədəni
sərvətlərə göstərdiyi diqqət və
qayğının nümayişidir. Təqdim olunan fotolardan
aydın görünür ki, Qərblə Şərqin
qovuşuğunda yerləşən Azərbaycan və onun
paytaxtı Bakı bir çox dövrlərdə dünya mədəni
irsinə layiqli töhfələr verib. Bu proses indi də davam
edir. Bu gün Bakı Şərqin bütün gözəlliklərini
özündə əks etdirən Qərb şəhəri
kimi, yaxud da Qərb cazibəsini özündə əks etdirən
Şərq paytaxtı kimi qəbul olunur.
Sərgi iyulun 22-dək davam edəcək.
Mədəniyyət.-
2011.- 15 iyul.- S. 8.