Turizm regionların sosial-iqtisadi inkişafında
mühüm rol oynayır
Bu gün
turizm dünyanın bir çox ölkələrində iqtisadiyyatın
ən gəlirli sahələrindən birinə
çevrilib. Son illərdə Azərbaycanda
da turizmin inkişafı istiqamətində
əhəmiyyətli işlər
görülür. Yeni turist
marşrutları açılır,
infrastruktur yaradılır,
turizm obyektlərində
xidmətin səviyyəsinin
yaxşılaşdırılması üçün qərarlar
qəbul edilir. Nəticədə regionların sosial-iqtisadi
inkişafında bu sahə önəmli rol oynamağa başlayıb. Ekspertlərin hesablamalarına görə,
Azərbaycanda mövcud
imkanlardan səmərəli
istifadə edərək
ümumi daxili məhsulun 10 faizini turizmdən əldə etmək mümkündür.
Dövlət proqramları
bölgələrdə turizmə
mühüm zəmin yaradır
Azərbaycanın regionlarının turizm imkanları böyükdür. Təsadüfi deyil ki, bu
imkanlardan istifadə məsələsi regionların
sosial-iqtisadi inkişafı
ilə bağlı dövlət proqramlarında
da əksini tapır. 2004-2008-ci illəri əhatə edən birinci proqram daha çox
sosial infrastrukturun yaradılması istiqamətində
tədbirlərin həyata
keçirilməsini nəzərdə
tuturdu. Sənəddə
sosial obyektlərin, səhiyyə, təhsil, mədəni-maarif ocaqlarının,
yol infrastrukturunun və s. qurulmasına xüsusi önəm verilirdi. Bütün bunlar isə
turizm üçün
vacib olan məqamlardandır. Bu mənada birinci dövlət proqramı dolayısı ilə turizm üçün baza rolunu oynayacaq
müasir infrastrukturun
formalaşdırılması ilə xarakterizə olunur.
2009-2013-cü illər üzrə regionların sosial-iqtisadi inkişafına dair ikinci dövlət proqramı isə daha çox birbaşa turizmlə əlaqəli olan, bu sahəyə xidmət edən infrastrukturun yaradılmasını
nəzərdə tutur.
Təkcə onu demək
kifayətdir ki, hazırda ölkədə
təxminən 40-a yaxın
müxtəlif ulduzlu mehmanxana və mehmanxana tipli obyektlər tikilir ki, onların hamısı istifadəyə
verildikdə Azərbaycanda
turist yerləşdirmə
yerləri 30 faiz artacaq. Yəni indiki halda təxminən
30 min yataq sayı var, bunun üzərinə
10-12 min yataq sayı gələcək ki, bu da Azərbaycan
tarixində rekord göstərici olacaq.
Turizm layihələri və yeni iş yerləri
Müstəqil
ekspert hesablamalarına
görə, regionlarda
yeni iş yerlərinin yaradılmasında
turizmin rolu olduqca əhəmiyyətlidir.
Bu istiqamətdə bütün potensialdan istifadə olunarsa, turizm sahəsində çalışanlar ümumi
məşğul əhalinin
təxminən 10 faizə
yaxınını təşkil
edə bilər.
Göründüyü kimi, kifayət
qədər əhəmiyyətli
bir sahədən söhbət gedir.
İqtisadi İnkişaf Nazirliyi
yanında Sahibkarlığa
Kömək Milli Fondu həm 2011-ci ilin “Turizm ili”
elan olunmasını, həm də turizmin regionların sosial-iqtisadi inkişafında
əhəmiyyətini nəzərə
alaraq turizmlə bağlı layihələrin
maliyyələşdirilməsini həyata keçirir.
Fondun vəsaitləri
hesabına Lənkəran,
Xaçmaz və Şəki şəhərlərində
maliyyələşən 4 layihədə 128 yeni iş yerinin açılması nəzərdə
tutulur.
İqtisadi İnkişaf Nazirliyinin ictimaiyyətlə əlaqələr
şöbəsinin rəhbəri
Abbas Əliyevin sözlərinə görə,
fonda təqdim
olunan layihələrin
maliyyələşdirilməsində əsas meyarlardan biri kimi məhz
neçə yeni iş yerinin yaranacağı götürülür.
Maliyyələşdirilmiş layihələrin monitorinqi
aparılır və bu zaman nəzarət
olunan göstəricilərdən
biri də biznes-planda nəzərdə
tutulan iş yerlərinin həqiqətən
açılıb-açılmamasıdır.
Həmçinin yeni yaradılan müəssisələrdə
iş yerlərinin daimiliyi də şərtlər sırasındadır:
«Layihələrdə yaradılacaq
iş yerlərinin neçəsinin daimi, neçəsinin müvəqqəti
olacağı da göstərilməlidir».
Qeyri-enerji sektorunun lokomotivi
Azərbaycan Turizm Assosiasiyası
sədrinin müşaviri
Müzəffər Ağakərimovun
sözlərinə görə,
turizmin inkişafında
əsas amillərdən
biri infrastrukturun qurulmasıdır. Müsahibimiz
deyir ki, regionlarda bu məsələ tədricən
həllini tapır: «Qaz, işıq, su, yanacaq, yol
problemi aradan qaldırılır. Diqqət
yetirsək, görərik
ki, təxminən 10 il əvvəllə
müqayisədə infrastrukturla
yanaşı, çoxlu
sayda yeni turizm obyektləri inşa edilib istifadəyə verilib. Bu işlər getdikcə
genişlənir. Gəncədə,
Mingəçevirdə, Lənkəranda,
Qəbələdə, Nabranda,
Qusarda, Qubada xeyli sayda hotelin
açılması onu
göstərir ki, iqtisadiyyatda turizmə maraq ildən-ilə artır».
Assosiasiya təmsilçisi turizmi qeyri-enerji sektorunun lokomotivi sayıla biləcək sahələrdən
biri kimi qiymətləndirir: «Turizm
həm ekoloji cəhətdən təmizlikdir,
həm də yeni iş yerləridir.
Regionlarda yeni turizm obyektlərinin açılması
insanların işlə
təmin olunması, əmək qüvvəsinin
ölkədən kənara
çıxmaması deməkdir.
Mən deyərdim ki, regionlarda turizm obyektlərinin sayı daha da çox
olmalı və infrastruktur nəinki ildən-ilə, hətta aydan-aya, gündən-günə
inkişaf etdirilməlidir».
Həmsöhbətimiz inkişaf yolunda
problemlərin mövcudluğunu
da təbii sayır. Onun sözlərinə görə,
kadr çatışmazlığı
bu istiqamətdə ən başlıca çətinlikdir: «Regionlarda
kadr hazırlığı
bir qədər problemlidir. Amma dövlət bu istiqamətdə də iş aparır. Məsələn, Qəbələ və İsmayıllı regionunda kadr hazırlığı daha
da mükəmməlləşib.
Hər iki regionda turizm
peşə liseyi fəaliyyət göstərir.
Bu isə yaxın
rayonların da kadr tələbatını
ödəməkdə əhəmiyyətli
rol oynaya bilər. Mədəniyyət və Turizm
Nazirliyi, Azərbaycan Turizm İnstitutu, eləcə də Azərbaycan Turizm Assosiasiyası da bu istiqamətdə üzərinə düşən
hər şeyi edir».
Turizm sektorunun inkişafı bir çox sahələrin inkişafına
təkan verir
“Bu gün
dünyada az ölkə tapmaq olar ki, regionları
turizm olmadan inkişaf edib. Azərbaycanda bir neçə
region üzrə çox
sürətli inkişaf
gedir. Turizmin inkişafı büdcə
gəlirlərinin artmasına,
yoxsulluğun və işsizliyin azalmasına səbəb olur”. Bunu isə Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov deyir. Onun sözlərinə görə,
turizm sektorunun inkişafı 50-dək sahənin
inkişafına təsir
göstərir. Yəni
bir turistin ölkəyə gəlişi
nəticəsində göstərilən
xidmətlərin məcmusu
bu qədər sahənin birlikdə təqdim etdiyi xidmətlərin məcmusuna
bərabərdir: «Bu baxımdan
turizm iqtisadiyyatda sahələrarası katalizator
roluna malik sektor kimi qiymətləndirilir.
Həm regionların, həm paytaxtların, böyük
şəhərlərin inkişafında
bu sahənin rolu danılmazdır.
Əgər hansısa bir
regionu canlandırmaq, orada iqtisadiyyatın sahələrini inkişaf
etdirmək, rəqabət
qabiliyyətini artırmaq
lazımdırsa, orada
hökmən turizm sektoruna diqqət yetirilməlidir».
Qeyd edək ki, Mədəniyyət
və Turizm Nazirliyinin son statistikasına
görə, hazırda
Azərbaycanda 499 mehmanxana
və mehmanxana tipli obyekt fəaliyyət
göstərir. Ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin 80-ə yaxını
ulduz kateqoriyası alıb.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 15 iyul.- S. 9.