Kinematoqraf işini heç bir peşəyə
dəyişmərəm
Elxan
Cəfərov: “Dolu” filmində Qarabağ müharibəsini
“heç kim və heç nə unudulmur” prizmasından
göstərəcəyik”
Elxan Cəfərov 1967-ci ildə
Bakıda ziyalı ailəsində anadan olub. Atası Pərviz
Cəfərov sənədli filmlər rejissoru, anası Mailə
Muradxanlı Azərbaycanın tanınmış jurnalist və
publisisti olub. Elxan kiçik yaşlarında uşaq filmlərində
çəkilib. Orta məktəbi bitirdikdən sonra Moskva
Dövlət Kinematoqrafiya İnstitutunda aktyorluq fakültəsində
təhsil alıb.
Bir müddət Azərbaycan
Dövlət Dram Teatrı və “Yuğ” teatrında aktyor kimi
çalışıb. Azərbaycan Dövlət
Televiziyasında və özəl studiyada
çalışıb. 1995-ci ildə ilk qısametrajlı
filmini, sonralar isə müxtəlif klip və reklam
çarxları çəkib. İki tammetrajlı bədii
filmin rejissorudur. “Əlavə təsir” filmi ötən il
tamaşaçılara təqdim olunub. Rejissorun yeni ekran əsəri
yazıçı-jurnalist Aqil Abbasın “Dolu” romanı əsasında
çəkilən eyniadlı bədii film olacaq. Onunla söhbətə
də buradan başladıq.
- Artıq hazırlıq
dövrü başa çatıb və çəkiliş mərhələsinə
qədəm qoyuruq. Filmin ssenari müəllifi Aqil Abbas,
quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssam
Rafiq Nəsirov, icraçı prodüser Nadir Əliyevdir.
Çox güman ki, bəstəkarımız Polad
Bülbüloğlu olacaq. Filmdə aktyor qismində yeni
simaları görəcəksiniz. Ekran əsəri Qarabağ
mövzusundadır. Cəbhədə, döyüş bölgəsində
insanların psixoloji portretləri canlandırılacaq. Bu, qəhrəmanlıq
odasıdır. Məqsədimiz “heç kim və heç nə
unudulmur” prizmasından xalqımızın Qarabağ müharibəsində
göstərdiyi rəşadəti tamaşaçıya təqdim
etməkdir.
- Müharibəni hansı aspektdən
göstərəcəksiniz?
- Müharibə hər bir halda
böyük faciələr deməkdir. Müharibə
görmüş xalq mənəvi və fiziki
sarsıntılar keçirir. Biz müharibəni daha çox
sülh prizmasından göstərməyə
çalışacağıq. Filmdə düşmən
obrazını deyil, daha çox xalqımızı,
düşdüyümüz vəziyyəti təqdim edəcəyik.
- Bəs növbəti filmlərinizdə
daha hansı mövzulara müraciət etmək istərdiniz?
- Rejissor peşəsinin
mühüm xüsusiyyəti var - bugünkü sosial, iqtisadi,
psixoloji, mənəvi vəziyyəti düzgün dəyərləndirib
ortaya ekran əsəri çıxarmaq. Yaradıcı insan cəmiyyətdə
olan problemlərin həllində vasitəçilik etməlidir.
Qarabağ probleminin həlli də yaradıcı insanların
üzərinə bir məsuliyyət qoyur.
- Bəs bu yöndə
tamaşaçı kütləsinə hansı filmlər təqdim
olunmalıdır? Sizcə, Azərbaycan
tamaşaçısı milli kinodan necə filmlər gözləyir?
- Azərbaycan
tamaşaçısı səviyyəli film görmək istəyir.
Bu, ilk növbədə, texniki göstəriciləri ehtiva
edir. Yəni film həm də müasir texniki göstəricilərə
cavab verməlidir. Kino industrial sənətdir və bu gün
Azərbaycan kinosunun yeni texniki imkanlara, texnologiyaya ehtiyacı
var. Bu problemin həlli kinoda yaradıcı, bədii məsələlərin
həllinə də zəmin olacaq.
- Yəni texniki
problem həllini tapsa,
digər problemlər asanlıqla həll olunacaq?
- Onu dəqiq deyə bilmərəm, lakin əgər “Formula 1” yarışmasında
birinci olmaq istəyiriksə, bizə
ilk növbədə yaxşı
maşın lazımdır.
- Bəs özünüz necə, çəkdiyiniz ekran əsərlərinin bədii
keyfiyyətini qaneedici
sayırsınızmı?
- Bədii yaradıcılıqda hədd
yoxdur. İki bədii film çəkmişəm
və üçüncünün
üzərində işləyirəm.
Bədii
filmlərdən öncə
klip, reklam çarxları, qısametrajlı
filmlər çəkmişəm.
Eyyub Yaqubovun “Yenə o bağ olaydı” klipini, “Qarabağdır Azərbaycan” qısametrajlı
filmini xüsusi qeyd edə bilərəm.
Eyni zamanda, “Əlavə təsir” bədii filminin adını çəkmək istərdim.
- Klip və kino estetikasının
fərqliliyi nədir?
- İndustrial, peşəkar nöqteyi-nəzərdən Hollivudun filmləri hər zaman fərqlənir. Eyni zamanda, o da bəllidir ki, bir çox tanınmış Hollivud rejissorları bədii kinoya reklam və ya klip çəkilişindən gəlib. Onlar hadisəni daha yığcam təqdim etməyi bacarır. Bu da kinematoqrafın inkişafına gətirib çıxarır. Sovet dövründə kinematoqrafın statusu daha yüksək idi. Reklam və ya klip anlayışı ya yox idi, ya da bir qədər aşağı hesab olunurdu. Mən rejissor olaraq klip və reklam bazarında formalaşmışam və əgər bu gün film çəkə bilirəmsə, bu artıq göstəricidir. Ən vacib fərq ondadır ki, kino emosiyalarla kino olur, klip isə informasiya ilə. Klipin 1 dəqiqəsində daha çox informasiya verməlisən. Kinoda isə yanaşma fərqlidir. Ancaq hər ikisi hərəkətdir. Biri daha sürətli, digəri isə ləng.
- Bəs aktyorluğa necə, qayıtmaq istərdiniz?
- Əsla. Aktyor olaraq doğulmaq lazımdır. Mən bu kateqoriyadan deyiləm. Kamera qarşısında hər zaman özümü narahat hiss etmişəm.
- Kinonu nəyə dəyişərdiniz?
- Heç bir peşəyə dəyişməzdim. Kinonu övladlarımın xoşbəxtliyi, ailəmin, torpağımın səadətinə dəyişərdim.
Reyhan İsayeva
Mədəniyyət.-
2011.- 15 iyul.- S. 11.