İncəsənətdə
- incə sənətdə...
“kobud”
bir daşlıq sahəsi də var: heykəltəraşlıq
Məncə, bu incə sənət
adamları yeganə sənətçilərdir ki, əllərindəki
“çörək ağacı” “qabar məhsulu” da yetirir. Məsələn,
elə bu yazının qəhrəmanı heykəltəraş
Cəlal Qaryağdının əmisi - yetmiş il qaval
vurmuş Qaryağdıoğlu Cabbarın əli qabar görməyib.
Yaxud bütün digər sənətçiləri, lap elə
bu əza ilə səsləşən “Nazik əllər”
mahnısının şeirçi-bəstəçi-ifaçı
dəstlərinin, hətta bu qəbil zəriflik konsertlərində
iştirak imkanı olanların əllərini təsəvvürə
gətirsək, nə görərik? Əlbəttə, doxsan
doqquz faiz “Ağ biləklər, nazik əllər”...
Hələ...
Hələ bu qabar ornamentli əllərin
istehsal etdiyi materiya-məhsulların ictimai formasiya, siyasi
deqradasiya, ideoloji bazar müsibətləri! Bəli,
bütün başqa sənət adamlarının problemi - bir
qədər redaktə, əlgəzdirim şərtilə -
“bazar münasibətləri” olduğu halda, heykəltəraşlarınkı
mənəvi “bazar” müsibətləridir. Onların illərlə
tişələdikləri monumental bir əsər, bəzən,
bir “inqilab” əsiminin badına qurban gedir.
Başqalarının işi xeyli
asandır; zəmanə bəd gəldimi, vəzndə nə
qədər ağır olur-olsun, çəkidə
yüngül portretləri aradan yığışdıra,
romanları yeni “seçilmiş əsərlər”inə
salmaya, simfoniyanı səsləndirməyə, filmi göstərməyə,
əzbərlədiyin saysız “tribun”al şeirləri
deklamasiya etməyə bilərsən. Bəs sənətin bu
möhtəşəm çöl növünü, gecə-gündüz
kütləvi tamaşaçı-xalq qarşısında
psixo-ideoloji atəşlər saçan “ağır
artilleriya”ları neyləyəsən?
Dövrünün baş heykəltəraşlarından
sayılan Cəlal Qaryağdıya bilavasitə dəxli olan bu
“sinsitmə” təsirli fikirlərimə daha bir bənzətmə
əlavə edib, onun sovetizmdən dolayı - yaralı
yaradıcılığına keçirəm. “Bənzətmə”
dediyimsə budur ki, əgər başqa sənətkarların
matahları nəhəng “ictimai seyf”in içərisindəki
götürülməsi, təkrar işlənməsi,
reval-devalvasiyası mümkün olan baratlardırsa, heykəltəraşlarınkı
məhz o zindan seyfin özüdür...
26
il əvvəl - bu gün...
Həmin gün heykəltəraşın
yetmiş yaşı tamam olurdu və AzTV-nin “Xəbərlər”
baş redaksiyasından məni göndərdilər ki, onun
yubileyilə bağlı “Günün ekranı”na 4-5 dəqiqəlik
bir süjet hazırlayım. Bu yetmiş sinli kişinin sifətində,
yalan olmasın, yeddi yaşlı bir uşaq məsumluğu
müşahidə etdim. Hazırlayacağım süjetin həcm
sıxıntısına görə, əvvəlcə onunla
bir atüstü “dedim-dedi” kəşfiyyatı apardım. Məlum
oldu ki, əsil-kök və şəxsi məfkurə etibarilə
təpədən-dırnağa özgür olan bu sənətkarın
bütün yaradıcı ömrü, beş-on milli işi
istisna edilməklə, özgələri tərənnüm
etməkdə, yadları yonub-yontalamaqda keçib. Vladimir
Lenin, İosif Stalin, İvan Fioletov, Caparidze və
başqaları. Bu “və başqaları” mənim
hazırladığım süjetin saniyələrindən də
çox olduğuna görə, söhbət və hisslərinin
gizlinində bir faciə yaşayan qocaman sənətkara
çox əziyyət verməli olmadım.
Qərəz, “çərəz”
söhbətimizə son verib, onun böyük sənət
tikintisi meydançasını xatırladan emalatxanasına
keçdik. “İncə sənətin yaradıcısı əllər”
motivimdən xəbərdar teleoperatorumuz onun qabarlı əllərini,
damarlı barmaqlarını obrazlaşdırmaqda, mən isə
bu zəhmətkeş, istedadlı əllərin illərlə
sığal-tumar verib yaratdığı saysız barelyef,
qorelyef, büst, heykəl, eskiz, bəzisi sınmış, bəzisi
heç vaxt tamaşaçı, küçə, meydan
vüsalına yetməyəsi fiqur və abidələri
müşahidə etməkdə.
Qısaca tanışlıq ərzində
mənə inanıb bel bağladığından, söhbətində
“lazım olmayan” yerlərə də dil çalan sənətkar
M.Ə.Sabirin Elmlər Akademiyası Rəyasət Heyəti
binası yanındakı heykəlindən söhbət
düşəndə gülümsündü. Dedi ki, bəli,
əvvəl o heykəl ayaqüstü formada idi. Sonra...
köhnə millətçi kişilərin “Sabiri də
oturtdular!” dediyi o işin müəllifi mənəm...
Dedim, ən qədim sələflərinizdən
olan Fərhadın heykəlini yaratmaq arzunuz da olubmu? Dedi, olub,
amma heç vaxt duyurmamışam. Bilirəm ki, desəm, deyəcəklər
olar, amma nəsə bir sovet ştrixi, bolşevik
çaları ilə...
Söhbətimizin qaçaraq bir dəmində
soruşdum ki, niyə bu Qırat, Dürat xalqının
paytaxtında bir at heykəli yoxdur? Dedi: “O atı minib
İran-Turana atlanmaq xəyallarımızın
qarşısının alınması üçün...”
Stolun üstünə göz gəzdirib
gördüm, Andropov şəkildən mənə baxır,
saata baxıb gördüm xəbərlər proqramına 3
saatdan da az qalır, dövran mükaliməsindən
keçdim ekran müsahibəsinə. Elə müsahibələrə
isə nə vardı ki, sən nəsə de, qoy o da nə
deyir desin...
Nə
qaldı...
Yəni ondan - Cəlal
Qaryağdı sənətkarımızdan bizə nə
qaldı? Nüvəsində tər-təmiz bizlik,
özümüzlük olan çox şey. Əvvəla, onun
ömrü, şəxsiyyəti, 15 yaşında Azərbaycan
Rəssamlıq Texnikumunu, 20 yaşında Tbilisi Rəssamlıq
Akademiyasını bitirməsi, 22 yaşında mükafata
layiq görülən üç büst, beş barelyef
yaratmasının özü bir fenomenal sənətkar
nümunəsidir. Sovet İttifaqı Qəhrəmanı
H.Aslanovun, görkəmli ədib, ictimai-siyasi xadim N.Nərimanovun,
böyük alim Y.Məmmədəliyevin abidələri, dahi
Q.Qarayevin, F.Əmirovun büstləri, dillər əzbəri
S.Vurğunun qəbirüstü abidəsi onun o vaxtkı
müsahibəmizdə danışmağa çətinlik
çəkdiyi “əsərsiz” əsərlərindən fərqli
olaraq, yüzillərlə ucadan və qürurla
danışacaqlar. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin qərb fasadı lojasındakı monumental işi -
M.P.Vaqifin son dərəcə lirik, şairanə heykəli isə,
tək elə “Xumar-xumar baxmaq göz qaydasıdır” kimi
misralar yox, həm də “usta-usta yonub-yapmaq ustad əl
qaydasıdır!” kimi öygü nidaları da
dalğalandıracaq...
Tahir Abbaslı
Mədəniyyət.-
2011.- 15 iyul.- S. 12.