Xalqın
mədəniyyəti naminə çalışanlar: Xosrov Axundzadə
Xalqının mədəniyyət
və maarifi yolunda yorulmadan çalışan
ziyalılarımız çox olub. Onlardan biri də XX əsrin
əvvəllərindən başlayaraq Azərbaycan
ziyalıları arasında öz dəst-xətti ilə
seçilən və “Şaiq“ təxəllüsü ilə
tanınan Xosrov Axundzadə olub.
O, 1889-cu il iyulun 13-də
Şuşada doğulub. Atası Mirzəli Zeynalabdin oğlu
Aşiq dövrün mütərəqqi fikirli ziyalısı,
şair və gözəl səsə malik musiqişünas
olub. Ona görə də oğluna yüksək təhsil vermək
məqsədilə onu əvvəlcə Şuşa şəhər
(keçmiş “Nikolayski”) məktəbinə qoyur. O, bu məktəbdə
Üzeyir və Zülfüqar Hacıbəyli qardaşları
ilə birlikdə oxuyur. Xosrov 1905-ci ildə orta məktəbi
qurtarır, Avropada təhsil almağa getmək istəsə də,
qismət olmur. Atası Mirzəli dünyasını dəyişir.
Altı nəfərlik ailə üzvünün
ağırlığı-dolanışığı Xosrovun
üzərinə düşür. 1906-cı ildən 1917-ci ilədək
Şuşada müəllimlik edir.
Xosrov Axundzadənin
yaradıcılıq fəaliyyətinin bir sahəsi də ədəbi
irsimizlə bağlıdır. O, ömrünün əlli
dörd ilini ədəbi yaradıcılığa həsr
edir. Ədəbiyyat aləmində “Şaiq“ təxəllüsü
ilə tanınır. Onun bu sahədə geniş qol-qanad
atmasında XIX əsrin qabaqcıl şair və
yazıçılarından Xurşidbanu Natəvan, Mir
Möhsün Nəvvab, Süleyman Sani Axundov, Əbdürrəhim
bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Firudin bəy
Köçərli, Üzeyir bəy Hacıbəylinin də
böyük təsiri olur. 1919-cu ilin fevralında Həmidə
xanım ondan Mirzə Cəlilin “Ölülər“ və
“Anamın kitabı“ əsərlərinin üzünü
köçürməsini xahiş edir. O, bu xahişi məmnuniyyətlə
qəbul edir və həmin əsərlərin tez bir zamanda
üzünü köçürüb Həmidə xanıma
təqdim edir. Həmidə xanım sonra “Mirzə Cəlil
haqqında xatirələrim” adlı əsərində bunu
qeyd edib.
Onu ədəbiyyat aləmində
tanıdan əsərlərindən biri də “Xatirələr“
adlı kitabıdır. XIX əsr Azərbaycan
yazıçı və şairlərinin Şuşanın
tarixi yer adları ilə bağlılığından bəhs
edən bu kitab, bir çox cəhətdən təqdirəlayiqdir.
Əsər təxminən yetmiş illik bir dövrü əhatə
edir. Xosrov Şaiq bu əsərində Azərbaycan
xalqının maarif və mədəniyyətinin
inkişafında böyük rol oynayan ziyalıların fəaliyyətini
gözəl bir dillə qələmə alıb. Eyni zamanda
ailə-məişət, adət-ənənə,
keçmişin ağrılı-acılı günləri,
köhnə dini məktəblərdə tədris
“üsulları “ təsvir edilib. O, eyni zamanda “ Qarabağın
tarixçisi ” kimi də tanınıb. Mərhum professor Əliyar
Qarabağlı “Xosrov Axundov-Şaiq haqqında“ xatirə
kitabında yazır: “Cəlil Məmmədquluzadə və Həmidə
xanımla, Üzeyir bəy Hacıbəyli və Süleyman
Sani Axundovla şəxsən dost və tanış olan Xosrov
Şaiq ümumiyyətlə Qarabağ, xüsusən
Şuşa şəhəri haqqında ən dərin məlumata
sahib idi. Buna görə də Şuşanın tarixi ilə
maraqlananlar həmişə ona müraciət edər və
aydın cavab alardılar“.
O, Mir Möhsün Nəvvabın
“Məclisi-Fərəmuşan" ədəbi dərnəyinin
üzvü olub. Bu görkəmli şəxsiyyətlə
yaxın ünsiyyət qurur, onun həyatı və
yaradıcılığı ilə yaxından tanış
olur, xeyli material toplayır. Sonra həmin fakt və materiallar AMEA-nın Əlyazmalar İnstitutuna verilir.
İlk dəfə olaraq
Mir Möhsün Nəvvab
haqqında monoqrafik əsəri də o yazıb. Çünki
atası Mirzəli Aşiq Nəvvabla yaxın dost olublar. Onlar ədəbiyyata və musiqiyə dair bir çox məsələləri daim
birgə həll ediblər. Bu dostluqdan irəli gələn fakt və xatirələr onu bu addımı
atmağa imkan verib. 1913-cü ildə Orucov qardaşları mətbəəsində
çap olunan "Təzkireyi-Nəvvab" kitabında
100-ə yaxın Qarabağ
şairi haqqında məlumat verilib. Həmin kitabda Xosrov Şaiqin maarif və mədəniyyətin inkişafından
bəhs edən "Ey vətəndaşlar, gəlin elm əxz edib aqil olaq"
misrası ilə başlanan şeiri də var. Onu da deyək ki,
Mirzə Xosrovun şəxsi arxivində
Mir Möhsün Nəvvabın
xatirəsinə həsr
etdiyi "Şuşanın
çayı" poeması
qorunub saxlanılır.
Xosrov Axundzadə ömrünün
son günlərində böyük
bir həvəslə ədəbi yaradıcılığını
- şeir və qəzəllərini bir yerə toplayır. Lakin çap etdirmək ona qismət olmur. 1960-cı il mayın 10-da Şuşada dünyasını
dəyişir. Ancaq o,
“Məcmueyi-əşari“ əsərini (şeirlər
məcmuəsinin) əlyazma
şəklində olsa
da, gələcək nəsillər üçün
bir mənbə olaraq qoyub gedir.
Savalan Fərəcov
Mədəniyyət.-
2011.- 15 iyul.- S. 12.