Şəhriyar
haqqında düşünərkən
Mərmər
sütunlu poeziya
Azərbaycan poeziyasının silsilə zirvələrindən biri olan Şəhriyar. Onun haqqında yazmaq həm asandı, həm də çətin. Asandı ona görə ki, bu yer, bu göy, bu torpaq kimi bizə əziz və doğma olan bir varlıq haqqında söz deməyə nə var ki?! Hansı yöndən baxsan, büllurdu, safdı, təmizdi, pakdı, ucadı, örnəkdi. Poeziya gülüstanından hansı ləçəyi çəksən təzədi, tərdi, düşündürücüdü. Çətindi ona görə ki, yarımçıq divarı hörməyə nə var?!
Bütün söz sütunları mərmərə bənzəyən xiridar haqqında hansı kəlməni, ifadəni tapıb deyəsən ki, o nəhəng dağın ətəyinə çata bilsin. Bu mənada Şəhriyar barədə yazmağın elə çətinlikləri var ki, onu hər kəs boynuna çəkə bilməz, hər kəs bu xəzinəni araşdıra bilməz. Bəlkə də bu istəkdən doğur ki, Şəhriyar barəsində mükəmməl söz deyənlərə qibtə etmişəm.
Şəhriyarın adı çəkiləndə həmişə unudulmaz müğənnimiz Rübabə Muradovanı xatırlayıram. Onun yana-yana oxuduğu bir nəğmə məni öz cazibəsinə alır. Bu, faktdır ki, mütəxəssislərdən, poeziya həvəskarlarından, ədəbiyyatçılardan, şairlərdən başqa çoxumuza Şəhriyarı tanıdan məhz Rübabə Muradova olub. O, min bir əzabını, dərdini Vətənlə bağlı keçirdiyi nisgili, ömrü boyu alışa bilmədiyi dərin xiffəti böyük Şəhriyarın misralarına qataraq həm özünü yandırırdı, həm də bizi odlayırdı:
Heydərbaba, yolum səndən kəc oldu,
Ömür keçdi, gələmmədim, gec oldu.
Heç bilmirəm, gözəllərin
nec oldu?
Bilməz idim, döngələr
var, dönüm var,
İtkinlik var, ayrılıq var,
ölüm var.
Bu nəğməni eşidən
gündən mənə elə gəlib ki, rəhmətlik
Rübabə Muradova da Şəhriyar poeziyasının şah
misrasıdır. Çünki Şəhriyarın adı
çəkiləndə həmişə Rübabə Muradova
yadıma düşür. Bu unudulmaz müğənninin ismini
eşidəndə isə mütləq Şəhriyarı və
onun məşhur «Heydərbabaya salam» mənzuməsini
xatırlayıram. Onlar sanki qoşa doğulublar. Onları
ayırmaq da heç mümkün deyil. Rübabənin səsində
yaşayan Heydərbaba. Ağıla, şüura gəlirdi
insan. Son ucu ölümlü dünyanın gərdişlərini
düşünürdü. Hərdən fikirləşirəm
ki, bu nə qismətdi, bizi tapıb? Araz illər boyu
ayrılıq çayına dönərək iki
qardaşı bir-birinə həsrət qoyub. Əsl baiskarlar
qaldı bir yana, dərdimizi, ahımızı bu dərdli nəhrin
sularına söylədik. Niyə Arazı keçmək
olmayır? Uzun illər bu sualın cavabını axtardıq. Əslində,
cavab bəlli idi. Sadəcə olaraq tapmaq, yaxud da söyləmək
istəmirdik.
Şəhriyar biz nəslin
ömrünə bürünmüş bir dərd idi. Şəhriyar
şeiri hər birimizin dilinin əzbəri idi. Nə qədər
sadə, təbii, ürək titrədən,
düşündürücü yazmaq mümkün imiş. Həqiqətən
də Azərbaycan poeziyasının silsilə zirvələri
çoxdur. Nizami, Füzuli, Xəqani, Nəsimi, Sabir, Səməd
Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmməd
Araz... Bu sırada özünəməxsus yeri olan Şəhriyar
uzun illər ən kövrək şeirimiz,
duyğularımızın sarı simi olub. Ömrü boyu Vətənin
bütövlüyü, o taylı-bu taylı
soydaşlarımızın qarşılıqlı əlaqələrinin
yaranmasını böyük cəsarətlə dilə gətirib:
O taydadır Şəki, Şirvan,
Qarabağ,
Bu tayda da Meşgin, Əhər,
Qaradağ.
Bir-birlərin Arazdan almış
soraq.
Araz bizi ayırmadan dağlayıb,
Son özü də gecə-gündüz
ağlayıb.
Şəhriyarın şeirlərində
ana dilimizin şirinliyi, zərif və həssas bir şair
ürəyinin pak, təmiz duyğuları dil açır.
Xüsusilə də şairə böyük məhəbbət
və şöhrət gətirmiş «Heydərbabaya salam» mənzuməsi
onun yaradıcılığında əsl sənət zirvəsi
oldu. Bu silsiləli zirvənin uclarından Vətən
torpaqlarını seyr edəndə Şəhriyarın xiffətinə
bürünmüş bir məhəbbətin - yurd sevgisinin
qanadları səni öz isti ağuşuna alır. Bu hərarətli
bürüncəyin uçuşunda Şəhriyar poeziyasının
Vətən səmasında dolaşan buludlarına hopub
misra-misra torpağa yağış kimi yağmaq istəyirsən.
İstəyirsən ki, bu ülfətin mehrini duyan doğma
yerlərdə bircə dəfə olasan. Gözlərimin
qarşısında Vətənə gedən yollar
açılır: Ağdam, Şuşa, Laçın,
Qarakilsə, bu da mənim beşiyim olan Urud kəndi...
Cızdağım çıxır. Dünyanın hansı
ölkəsinə, okeanın o tayına, Afrikaya, hətta buzlu
qitəyə belə istədiyim vaxt gedə bilərəm.
Amma doğulduğum yurda?.. Bax, onda Şəhriyarın
şeirlərinin ahəngində çırpınan ürəyim
sanki ağı deyir:
Heydərbaba, göylər
bütün dumandır,
Günlərimiz bir-birindən
yamandır.
Bir-birizdən ayrılmayın,
amandır,
Yaxşılığı əlimizdən
alıblar,
Yaxşı bizi yaman günə
salıblar!
Şəhriyarın poetik
sualları dərdimizi tərpədir. Bəlkə də elə
bu təbiiliyinə görə biz onu belə çox sevirik.
Onun ürəyində sağalmaz yaraya dönmüş Vətən
dərdi indi bizim qəlbimizi göynədir. Doğma yurda
ünün belə çatmaya. Dəhşətdir.
Bir soruşun bu
qarğınmış fələkdən,
Nə istəyir bu qurduğu kələkdən?
Deynən, keçirt ulduzları ələkdən,
Qoy tökülsün, bu Yer
üzü dağılsın.
Bu şeytanlıq qurğusu bir
yığılsın.
Məhəmmədhüseyn Şəhriyar
1906-cı ildə Təbriz yaxınlığındakı
Xoşginab kəndində anadan olub. Uzun illər şairin
poeziyası və həyatı haqqında müxtəlif
araşdırmalar aparılsa da, onun haqqında ən mükəmməl,
ətraflı monoqrafiya yazan ədəbiyyatşünas alim
Esmira Fuaddır. Önəmli cəhət budur ki, tədqiqatçı
Şəhriyar haqqında dövlət müstəqilliyimizi
qazandıqdan sonra araşdırma aparıb, bu barədə mətbuatda
dəfələrlə məqalələri dərc edilib, iki
monoqrafiya yazıb. Yəni bütün buxovlardan azad şəkildə
Şəhriyarın həyat və
yaradıcılığına güzgü tuta bilib. Şəhriyarın
uşaqlığından, valideynlərindən, məktəbdə
təhsil aldığı ilk illərdən, tələbəliyindən
söz açıb. Onun tədqiqatlarını vərəqlədikcə
Şəhriyarın cavanlıq illərindəki obrazı
olduğu kimi gözlərimizin qarşısında
canlanır. Təbi qaynar bulaq kimi çağlayan Şəhriyar
çılğın, dövrünün ziddiyyətlərinə,
siyasi mürəkkəbliyə laqeyd qalmayan, quruluşa, rejimin
ağırlığına etiraz edən bir gənc kimi diqqət
çəkir. Məhəmmədhüseyn Şəhriyarın
ilk mətbu şeiri hələ orta məktəbdə oxuyarkən
çap olunub. Maraqlıdır ki, ədəbiyyata, poeziyaya
böyük bağlılığı olan Şəhriyar
Tehranda Ali Tibb Universitetində oxuyub. Universitetin son kursunu
bitirib diplomunu almasına iki-üç ay qalmış həyatında
çox ağır bir hadisə baş verib: böyük məhəbbətlə
sevdiyi Pəridən ayrılmağa və universiteti atmağa
məcbur edilib. Ürəyinə ağır yaralar vurulan
Şəhriyar bir müddət aldığı zərbədən
özünə gələ bilməyib. Bu qara sevda uzun illər
Şəhriyarı ağır durumda saxlayıb. Şairin
özünün müsahibələrində bu hadisə belə
açıqlanıb: «...o zamankı dövlətin məmur
ailələrindən biri sevgilimi zor gücünə əlimdən
aldı. Özümü də Nişapura sürgün elətdirdi...»
Bu hadisədən sarsılan gənc
Şəhriyar nakam eşqinə, daşlara toxunmuş ilk məhəbbətinə
müxtəlif əsərlər həsr edib: «Pəri», «Həzin
nalələr», «Qəmli musiqi», «Oddan yanan pərvanə»,
«İtmiş Yusif», «İndi niyə», «Eşqin intiqamı», «Əlim
ətəyinə», «Mənim taleyim», «İntizar» və s.
Əslində, Şəhriyar Vətən
aşiqi idi. «Heydərbabaya salam» mənzuməsi kifayət edər
ki, biz şairin xalqa bağlılığından, milli və
vətənpərvərlik duyğularından saatlarla söz
açaq. O qədər pak, saf bir təbiətə malik olub
ki, min bir haqsızlıqla, xəstəliklə, həsrətlə,
itki ilə üzləşməsinə baxmayaraq, bütün
ağır sınaqlardan məhz ruhunun, vicdanının, əxlaqının
sayəsində qalib çıxıb. Yaşadığı
tarixi şəraitin yaratdığı bir sıra mürəkkəbliklərin
içində öz amalına, daxili məninə sadiq qalan, qəlbinin
səsinə qulaq asan Şəhriyar uca Yaradanın
qarşısında həmişə məsumluğunu,
saflığını olduğu kimi saxlayan böyük
söz sərrafı idi.
Yaddaşımda iki şairin öz
şeirini necə qəribə ahənglə söyləməsi
lövbər salıb. O şairlərin üzünü
görməsəm də, səsləri qəlbimdə portretlərini
əbədi həkk etdirib: Səməd Vurğunun lent
yazısında qulaq asdığım «Bahar, sevgilimsən
başdan-binadan...» misraları ilə başlayan şeiri, bir də
ustad Şəhriyarın avazında dinlədiyim «Heydərbabaya
salam» mənzuməsi. Mövzu müxtəlif olsa da, ruh da, təsir
də eynidi. Min bir qiraət ustası yığışa, bu
iki şair qədər o şeirləri ləngərli,
şirin və təsirli söyləyə bilməz.
İçdən gələrək yandıra-yandıra
süzüldüyündən, bizi də öz ovsununa
salıb:
Heydərbaba, gün dalıvı
dağlasın,
Üzün gülsün,
bulaqların ağlasın.
Uşaqların bir dəstə gül
bağlasın,
Yel gələndə ver gətirsin
bu yana.
Bəlkə mənim yatmış
bəxtim oyana...
Şəhriyarın söylədiyi
şeirləri dinləyənlər yəqin ki,
xatırlayırlar. Təbriz ləhcəsi ilə öz
şeirlərini qəribə bir ahəngdə qovuşdururdu.
Xüsusilə də «Azərbaycan» şeiri adamın
bütün varlığına hoparaq ruhunu dara çəkir.
Bu səsin ahənginə qoşulub döyüş
meydanlarına, düşmən üstünə yerimək istəyirsən.
Əl-ələ ver, üsyan elə,
oyan, oyan, Azərbaycan!
Bəsdir fəraq odlarından
kül ələndi başımıza.
Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də
səninki tək yaralıdır,
Azadlıqdır mənə məlhəm,
sənə dərman, Azərbaycan!
Şəhriyar sözün məna
və rənglərini elə məharətlə işlədirdi
ki, ən zərif hisslər, duyğular olduqca dərin, təsirli
ifadəsini tapırdı. Şəhriyar sözün ustad rəssamı
idi. Şəhriyar könül nəğmələrinin
yaradıcısı və bəstəkarı idi.
Misralarının ahəngindəki musiqi adamı heyrətə
gətirirdi. Şəhriyar hamımızın doğması
idi: beşikdə laylasını dinlədiyimiz ana,
öyüdünü eşitdiyimiz ata kimi. Şəhriyarın
bütün yaradıcılığı milli ruha söykənirdi.
Elə bu qüdrətinə görə də şeirləri
qəlbimizin sarı siminə dönürdü:
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabı
toxurdu,
Hər kəs şalın bir
bacadan soxurdu,
Ah, nə gözəl qaydadı
şal sallamaq,
Bəy şalına
bayramlığın bağlamaq...
Bu misraların
canlandırdığı mənzərələr, sadəcə,
könül xoşluğu yaratmır, həm də bizim
tariximizdi, adət-ənənəmizdi, həyatımızdı,
dünəndən sabaha atılan körpülərdi. İllərdi
ki, biz bu nəğmənin qanadlarına qoşularaq hər
Novruz bayramında yurd-yuvamıza boylanırıq.
Həm Azərbaycan, həm də
İran ədəbiyyatının klassiki sayılan Məhəmmədhüseyn
Şəhriyar mükəmməl
yaradıcılığı ilə özünə əbədi
ömür qazanmış ustad şairlərimizdən biridir.
Otuz il fars dilində yazıb-yaradan şairin uzun fasilədən
sonra öz dilinə, el-obasına, xalqının daxili aləminə
qayıdışı, doğma mənəvi yaddaşa
dönümü böyük əks-səda doğurmuş və
rəğbətlə qarşılanmışdı.
Yaşadığı mühitin təsirindən asılı
olaraq uzun müddət farsca şeirlər yazan Məhəmmədhüseyn
Şəhriyarın Azərbaycan dilində 90 şeiri, iki hissədən
ibarət olan «Heydərbabaya salam» mənzuməsi və «Səhəndiyyə»
adlı poeması var. Təbriz ləhcəli, Araz dərdli
şairimiz 1988-ci ilin 18 sentyabrında vəfat etmiş və Təbrizdəki
Surxab qəbiristanlığındakı «Şairlər məqbərəsi»ndə
dəfn olunmuşdur.
...Üç böyük
şairimizin qəbrini ziyarət etmək arzumdu: Nəsimi (Hələb),
Füzuli (Kərbəla), Şəhriyar (Təbriz). Bu
ünvanların coğrafiyası ürəyimi titrətdi. Yenə
də ulu Şəhriyarın misraları qəlbimdən dilimə
qanadlandı...
Flora
Xəlilzadə,
yazıçı-publisist
Mədəniyyət.-
2011.- 15 iyul.- S. 13.