Təzadlı
yaşantıların səmimi görüntüləri
Qarabağ torpağı tarixən sənətkarlar
yurdu olub. Görkəmli musiqiçilərin, ədəbiyyat,
incəsənət xadimlərinin vətəni olan bu torpaqda Azərbaycan
təsviri sənətinə bədii töhfələr verən
bir çox rəssam, heykəltəraş və dekorativ-tətbiqi
sənət ustaları da yetişib. Haqqında söz
açmaq istədiyimiz Səyyar Əliyev hələ uşaq
vaxtlarında rənglər dünyasına meyl göstərib.
O zaman bütün yaxınları onun gələcəkdə
yaxşı rəssam olacağını güman edirdi. Amma o
ali təhsil almaq üçün rəssamlıq məktəbi
əvəzinə Azərbaycan Politexnik İnstitutuna üz
tutub.
İndi duyulası zaman
distansiyasından arxaya baxanda onun rənglərdən sanki
heç vaxt ayrılmadığı hiss olunur. Belə olan
halda taleyin hökmü ilə uzun müddət rənglər
və sənət dünyası üçün qəribsəyən
ali təhsilli mühəndis Səyyar Əliyevin
yaşının altmışı ötdüyü bir vaxtda
duyğularını rənglər aləminə kökləməsini
çox təbii qarşılamaq lazımdır. Bu rənglərlə
ifadə olunanlar onun uzun illər ruhunda böyük səylə
korşalmaqdan qoruduğu yaratmaq qabiliyyətinin
görüntüləridir.
Yəqin ki, onun bizə təqdim
etdiyi rəsmlər yaddaqalan və başqalarını
duyğulandıra biləcək olmasaydı, onlar bütün
yaşlarda çoxlarında müşahidə olunan adi həvəs
kimi qəbul olunardı. Reallıqda isə müxtəlif
ölçülü kətan üzərində yağlı
boya ilə işlənən və özündə müəllifin
ayrı-ayrı janrların bədii xüsusiyyətlərinə
bələdçiliyini yaşadan rəngarəng və
düşündürücü görüntülər kifayət
qədər fərqli və səmimi, dünyaya fərdi
baxışın ifadəsi kimi baxılırlar...
Sənətə gəlişin
yolları müxtəlif olsa da, çox vaxt içində rənglərə
sonsuz maraq oyananlar kimlərinsə fəth etdiyi
qürurdoğurucu zirvədə onlarla qoşa dayanmaq istəyi
ilə bu enişli-yoxuşlu, çətin yola üz tuturlar.
Və yalnız tutduğu yolun onu məqsədə
çatdıracağına əmin olanlar qarşıdakı
çətin yaradıcılıq sınaqlarını
davamlı səylərlə arxada qoya bilirlər. Bu mənada
Səyyar Əliyev ömrünün çox hissəsini rəssamlıqla
əlaqəsi olmayan sahədə keçirsə də,
özünü daxilən sənət axtarışlarına
kökləyə bilib. Bu da getdikcə genişlənən
yaradıcılıq prosesində ona özünü nisbətən
sərbəst hiss etməyə imkan verir.
Səyyar Əliyevin qısa zaman kəsiyində
əvvəllər “itirdiklərini” bir yerə toplaya bilməsi
və onu başqaları üçün də maraqlı
görünə biləcək estetik qaynağa çevirə
bilməsi onun sənətə gəlişinin təsadüfi
olmadığını nümayiş etdirir. 2011-ci ilin
mayında açılan Xətai miniatür sənəti
qalereyasında təşkil olunan “Yeni məkan” sərgisində
onun bir-neçə tablosunun respublikanın tanınmış
fırça ustalarının əsərlərinin
qonşuluğunda “itməməsi”, bədii məziyyətli qəbulu
da bunun göstəricisi idi. O sərgidən böyük
zövq alanlar da yəqin ki, üz-üzə qaldıqları
lövhələrin xüsusi ixtisas təhsili almayan bir adam tərəfindən
çəkildiyinə inanmadılar. Onlar üçün “Səyyar
Əliyev” imzası yeni idi, ancaq onları tablolar
qarşısında saxlayan imzanın yeniliyi yox, təqdim
olunan rəsmlərdə dünyamıza özünəməxsus
baxışın mövcudluğu idi.
Qeyd edək ki, rəssamın “Yeni
məkan”dakı sərgidən əvvəl bu il daha iki sərgidə
iştirakı da uğurlu olub. Dövlət İncəsənət
Muzeyində 20 Yanvara həsr olunmuş sərgidə
ümumxalq kədərini əks etdirən tablosu
ağrılı mövzunun düşündürücü bədii
şərhinə görə tamaşaçı rəğbəti
qazandı, desək, yanılmarıq. Rəssamın bu il
“Xocalı faciəsi” mövzusunda keçirilən respublika
müsabiqəsinə təqdim etdiyi lövhə də
münsiflər heyətinin və sənətsevərlərin
marağına səbəb oldu.
Rəssamın yağlı boya ilə
işlənmiş lövhələri ən müxtəlif
mövzuları və janrları əhatə edir.
Yaradıcılığında hansı janrın
üstünlük təşkil etdiyini söyləmək
çətindir. Bununla belə, əsərlərində mənzərəyə
meyl hiss olunur. Bu isə, zənnimizcə, ilk növbədə
onun təbiət motivlərinin mahiyyətində və
ayrı-ayrı detalların görkəmində ruhunda gəzdirdiyi
yaşantılarla səsləşən məqamları
görə və onları mənalandıra bilməsi ilə
bağlıdır. Ona görə də çox vaxt belə mənzərələr
konkret məkanı əks etdirməkdən uzaq olub, ümumiləşdirilmiş,
daşıdıqları məna-məzmun yükünə
müvafiq ada malikdirlər.
Ağcabədidə dünyaya
göz açan, uşaqlığını füsunkar və
ecazkar Qarabağ təbiəti ilə təmasda keçirən
Səyyar Əliyevin doğma yurda məhəbbətini təbii
saymaq olar. Zümrüdü dənizin ağuşuna
aldığı qayalıqları “yalayan” ləpələrin
yaratdığı lirik ovqat (“Xəzərin sahilində”), rənglərin
Turşsu həsrətindən qaynaqlanan nisgili (“Qarabağ mənzərəsi”),
təzadlı rənglərin harmoniyasından “boylanan” təbiətin
xəzan çağı (“Payız” və “Payız
ovqatı”), məşhur təbiət motivinin yara
qaysağını qopartmaq gücündə olan
yaşantısı (“Cıdır düzünün həsrəti”),
qızılı-narıncı koloritin yaratdığı
duyğulandırıcı əhval-ruhiyyə (“Odlar yurdu”), əcdadlarımızın
torpaq itkisinə ağı deyib sələflərini bu itki ilə
barışmamağa səsləməsi (“Sarı qayanın kədəri”)
və digər neçə-neçə təbiət motivlərinə
bədii güzgü tutan lövhələrdə müəllifin
bizə əhatə edən gerçəkliyə özünəməxsus
münasibəti görünür.
Səyyar Əliyev sayca mənzərələrindən
heç də az olmayan süjetli tablolarında da
tamaşaçısını duyğulandırmaq, onun
düşüncələrini gah parçalamaq, gah da
qanadlandırmaq gücündədir. Sənətkarın
iş metoduna işıq salmalı olsaq, deməliyik ki, o, adətən
çoxfiqurlu kompozisiyaları üçün eskizlər
hazırlamır, duyğularını içində öz-özünə
ani olaraq əmələ gələn və bir qədər də
mücərrədliyə bələnmiş
görüntülərlə ifadə edir. Burada əslində
milli bədii ənənələrdən gəlmə
xüsusiyyətlər müasir ifadə həlli vasitələri
ilə birləşib. “Nur dəryası”, “İnsanlar”, “Nigaran
ruhlar”, “Dostlar”, “Həyat toru”, “İnsanlar, talelər”, “Rəssam
dünyası”, “Sirli dünya”, “Qovuşanlar”, “Analar, ümidlər”,
“Bayram”, “Azad bir quş idim...”, “Bənövşəyi xəyallar”,
“Təzadlı dünya” triptixi, “Məhəbbət”, “Mücərrəd
kompozisiya”, “Sevincdi, kədərdi dünya...”, “Şeytanın hiyləsi”
və s. tablolarda çoxşaxəli insan münasibətləri,
bəşəri duyğuların ifadəsi özünün
düşündürücü-fəlsəfi bədii yozumunu
tapıb. Bütünlükdə təzadlı
yaşantılara bələnmiş kimi görünən
obrazlar qalereyasını xatırladan bu tablolarda həm
böyük, həm də ən xırda detallarda belə məna-məzmun
yükü daşıyıcılığını tapmaq və
dəyərləndirmək mümkündür.
İnsan intizarının az qala
daşlaşmış görkəmi (“İnsanlar”), xaotik torun
“ağuşundan” xilas olmağa çalışan talelərin
tarıma çəkilən durumu (“Həyat toru”), təbiətin
insan iradəsini imtahana çəkməsi (“Sirli dünya”),
azadlığın şirinliyinə obrazlı görkəm
verilməsi (“”Azad bir quş idim”), dostluğun dəyər kimi
təqdimatı (“Dostlar”), şərqli-qərbli insanların
qarışıq yaşantılarının
başqalarında yarada biləcəyi
duyğulandırıcı məqamlar (“Təzadlı
dünya”) - bu və digər əsərlərdə gah rənglərin
harmoniyası, gah da onların tamaşaçını məna-məzmunu
dərkə kökləyən “qarşıdurması” təsirli
və yadda qalandır.
Səyyar Əliyevin bəzən
fikir daşıyıcılığını bir obrazın
üzərində cəmləmək istəyi də
yaradıcılıq metodunun tərkib hissələrindəndir.
Bu mənada rəssamın bir neçə əsərini
xüsusi qeyd etmək lazımdır. “Rəssam
dünyası”, “Emalatxanada. Modilyani dünyası”, “Atlı” və
s. lövhələrdə insanın yaşayış tərzindən
qaynaqlanan psixoloji durumu rənglərin “işığında”
özünün təsirli ifadəsini tapıb, desək,
yanılmarıq.
Ənənəvi janrlardan
sayılan natürmorta zaman-zaman münasibət çox fərqli
olub. Yəqin bu, ilk növbədə, yaradıcı
insanların cansızlaşan əşya və atributlarda fərqli
estetik dəyər axtarması ilə bağlıdır. Səyyar
Əliyevin bu janrda çəkdiyi tablolar çox olmasa da,
onların artıq bədii görkəm alanları
gözoxşayan və yaddaqalandır. Onun günəbaxanlara
münasibəti diqqətçəkəndir.
Təbii ki, azərbaycanlı rəssamın
təqdim etdikləri Van Qoqun məşhur günəbaxanlarından
fərqlənir. Van Qoqun günəbaxanları günəş
həsrətlidirsə, Səyyar Əliyevin çəkdikləri
yurd, torpaq istəklidirlər. Ona görə də Qarabağ
torpağı üçün xiffət çəkməklə
özünün cansızlığını hamıya
unutduran solğun günəbaxanlar bu qədər
küskündürlər. Onun “Cənnət meyvəsi”ndə
təqdim etdiyi narlarda isə nikbin notlar qabarıqdır.
Sarı işıqlı fonda bədii görkəm alan nar dolu
budağın, yerdəki paralanmış meyvələrin
plastikasından müsbət enerji duyulur.
Əgər
yaradıcılığının indiki mərhələsində
axtarışlardan usanmayan Səyyar Əliyevin çəkdiklərinə
yekun səciyyəli münasibət bildirsək, deməliyik
ki, onlarda yurda bağlılıq, ona sonsuz sevgi çox
güclüdür. Yaradıcılarımızın bir qismində
korşalmağa meyllənən bu keyfiyyətin onun işlərində
kifayət qədər görünən olması müsbət
haldır. Müəllifin “Nur dəryası” və “Müdriklər”
lövhələrində bir rəngin ifadə gücündən,
ovqat yaratmaq mümkünlüyündən bacarıqla ifadə
etməsi çağdaş rəssamlığımızda
az-az rast gəlinir. Onun zümrüdü rəngin müxtəlif
çalarlarından istifadə etməklə həm məsafə
dərinliyi, həm də təsvir təsirliliyi əldə edə
bilməsi heç şübhəsiz ifadə özünəməxsusluğunun
göstəricisidir.
Rəssamın gördüklərinə
özünəməxsus səmimiliyə bələnmiş “bədii
güzgü” tutmaq istəyi təqdir olunandır. Onun bizi əhatə
edən gerçəkliklərə münasibətində də
fərqlilik hiss olunur. Bu mənada Səyyar Əliyevin çəkdikləri
ilə “Hamı baxır, amma hamı görmür” deyimi
bilavasitə təsdiqləyir. Təbii ki, başqaları
üçün də yeni və maraqlı görünə
biləcək işlər bizi əhatələyən təzadlarla
dolu dünyamıza səthi yox, arifanə göz qoymaqdan sonra
yaranır. Səyyar Əliyevin bir rəssam kimi ən
böyük mənəvi qazancı da çoxsaylı
tablolarının məhz belə səmimi münasibətdən
sonra yaranmasıdır. Belə işlərsə bir qayda olaraq
həmişə müasirdir...
Ziyadxan Əliyev,
Əməkdar
incəsənət xadimi
Mədəniyyət.-
2011.- 15 iyul.- S. 15.