Tanınmış
macar türkoloqu AMEA-nın kitabxanasına minədək kitab hədiyyə
edib
Dünya miqyasında
tanınmış türkoloq-alim, Macarıstan Elmlər
Akademiyasının həqiqi üzvü, professor Georq Xazai
şəxsi kitabxanasının türkologiyaya aid
bölümünü - təxminən 1000 ədəd kitab və
jurnalı, habelə bir sıra şəxsi arxiv
materiallarını Azərbaycan Milli Elmlər
Akademiyasının kitabxanasına bağışlamaq qərarına
gəlib. Azərbaycanın Macarıstandakı səfirliyindən
verilən məlumata görə, iyulun 19-da səfirlikdə
kitabların təqdim olunması mərasimi keçirilib. Nəcib
hərəkətinə görə macar aliminə təşəkkürlərini
bildirən səfir Vilayət Quliyev bu addımın iki ölkənin
türkoloq-alimləri arasındakı əlaqələrin
inkişafına mühüm töhfə olduğunu bildirib və
Azərbaycanın elmi ictimaiyyəti adından akademik Georq
Xazaiyə minnətdarlığını
çatdırıb.
Akademik Georq Xazai 1932-ci ildə
Budapeştdə doğulub. Müasir dövrdə Macarıstan
türkologiya məktəbinin əksər uğurları onun
adı və fəaliyyəti ilə sıx
bağlıdır. Məşhur alimin Azərbaycanla əlaqələri
1950-ci illərdən başlanıb. Onun bir sıra məqalələri
1975-ci ildən etibarən Bakıda çıxan “Sovetskaya
turkologiya” jurnalında dərc edilib. Azərbaycanın
Macarıstandakı səfirliyinin təşəbbüsü
ilə 2007-ci ildə professor Georq Xazainin əsərlərinin
biblioqrafiyası Bakıda nəşr olunub.
Akademik Georq Xazainin AMEA
kitabxanasına hədiyyə etdiyi kitablar 1960-1990-cı illər
arasında Türkiyədə, ABŞ-da, Fransada, Böyük
Britaniyada, Almaniyada, Bolqarıstanda və s. ölkələrdə
türk, ingilis, fransız, alman dillərində çap olunan
elmi əsərlərdir.
Mədəniyyət.-
2011.- 20 iyul.- S. 2.