Xalq rəssamı Tahir Salahova mükafat təqdim
edildi
“Dədə
Qorqud” Beynəlxalq Fondu və “Azərbaycan dünyası” jurnalı sənətkarı “Vətən
övladı” ordeni ilə təltif etdi
Azərbaycanın dünya
şöhrətli fırça ustası, Xalq rəssamı,
Rusiya Rəssamlar Akademiyasının vitse-prezidenti, akademik Tahir
Salahov “Dədə Qorqud” Beynəlxalq Fondu və “Azərbaycan
dünyası” jurnalı tərəfindən “Vətən
övladı” ordeninə layiq görülüb. İyulun 18-də
mükafatın görkəmli sənətkara təqdim
olunması mərasimi keçirildi.
“Azərbaycan dünyası”
jurnalının baş redaktoru, “Dədə Qorqud” Beynəlxalq
Fondunun prezidenti Eldar İsmayılov mükafatı dünya
şöhrətli sənətkara təqdim edərək
bildirdi ki, Tahir Salahov bu ordenə türk mədəniyyətinin
təbliğində, Azərbaycan incəsənətinin
inkişaf etdirilərək dünyada tanıdılmasında
xidmətlərinə görə layiq görülüb. Onun
sözlərinə görə, təsis olunduğu 10 ildə
sözügedən mükafata 36 görkəmli şəxsiyyət
layiq görülüb: “Bu mükafatı təsis etməkdə
əsas məqsədimiz türk dünyasının birləşməsinə
töhfə vermək, türk dünyasının
böyük sənətkarlarını tanıtmaq, təbliğ
etməkdir. Bu mükafatı o insanlara təqdim edirik ki, onlar həqiqətən
də bu yolda müstəsna xidmətlər göstəriblər”.
“Vətən övladı” ordenini
yüksək qiymətləndirən T.Salahov bildirdi ki, bu
mükafat onun əməyinin, sənətinin xalq tərəfindən
qiymətləndirilməsinin nümunəsidir: “Bu mükafata
görə təsisçilərə minnətdarlığımı
bildirirəm”.
Tahir Salahov onu da bildirdi ki, bu
günə qədər müxtəlif mükafatlara, təltiflərə
layiq görülüb. Böyük öndər Heydər Əliyevin
onu təltif etməsi isə həyatının ən
yaddaqalan anı olub.
Mehparə
Mədəniyyət.-
2011.- 20 iyul.- S. 4.