“Mədəni əlaqələrimizin inkişafı üçün geniş imkanlar var

 

   “Azərbaycan muğamı məndə zəngin təəssürat yaradıb, bu musiqini dinləməkdən zövq alıram”

  

   İndoneziya Respublikası Çənub-Şərqi Asiyada ən böyük dövlət hesab olunur. Ərazisinə (1,9 mln. kv km) görə dünyada 15-ci yerdə olan ölkə əhalisinin sayına (238 mln. nəfər) Çin, Hindistan və ABŞ-dan sonra dördüncü yeri tutur. Dünyanın ən böyük adalar dövləti olan İndoneziyanın ərazisinə irili-xırdalı 17 minədək ada daxildir ki, onların 6 minində əhali yaşayır. Adaların (ən böyük adalar Yava, Sumatra) böyük hissəsi Zond arxipelaqında yerləşir.

  

   İndoneziya həm də dünyanın ən böyük müsəlman ölkəsidir, əhalisinin 80 faizini müsəlmanlar təşkil edir. Zəngin tarixə malik uzaq İndoneziyanı Azərbaycanla yaxınlaşdıran ilk məqamlardan biri də budur. Ölkələrimiz beynəlxalq qurumlarda, o cümlədən İslam Konfransı Təşkilatında sıx əməkdaşlıq edir. Ölkəmizin İndoneziyada səfirliyi 2005-ci ildə açılıb. İndoneziyanın Bakıdakı səfirliyi bir neçə aydır fəaliyyət göstərir. Müsahibimiz İndoneziyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Agus Trimartanodur.

   - Cənab Trimartano, ölkələrimiz arasında münasibətlərin tarixini və bugünkü səviyyəsini necə xarakterizə edərdiniz?

   - İndoneziya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 28-də tanıyıb. Diplomatik əlaqələr isə 1992-ci il sentyabrın 24-də qurulub. Azərbaycan İndoneziyanın paytaxtı Cakartada səfirliyini 2005-ci ildə açıb, bizim Bakıda səfirliyimiz 2010-cu ilin sonunda fəaliyyətə başlayıb. Ölkələrimiz arasında münasibətlər ikitərəfli və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində müvəffəqiyyətlə inkişaf etməkdədir. Bakıda İndoneziya səfirliyinin açılması əlaqələrimizin genişlənməsinə əlavə imkanlar açır.

   - Mədəni sahədə əlaqələr necə inkişaf edir, əməkdaşlıq yönündə hansı layihələr həyata keçirilir?

   - İndoneziya hökuməti xarici ölkələrlə mədəni əməkdaşlıq çərçivəsində müxtəlif təqaüd proqramları həyata keçirir. İndoneziya incəsənəti və mədəniyyəti təqaüdü, Dharma Sisva və Master proqramları bu qəbildəndir. Bu təqaüdlər əcnəbi tələbələrə İndoneziya incəsənəti, mədəniyyəti və həmçinin dili haqqında geniş məlumat almaq üçün böyük imkanlar yaradır. Onu da qeyd edim ki, 2008-ci ildən bəri 10 azərbaycanlı tələbə İndoneziya incəsənət və mədəniyyət təqaüdü proqramında iştirak edib. Ötən il Azərbaycan Dillər Universitetində İndoneziya Təhsil Mərkəzi yaradıldı. Bu, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında bir addımdır. Ümid edirik ki, gələcəkdə Azərbaycan Təhsil Mərkəzi İndoneziyada da yaradıla bilər.

   Düşünürəm ki, mədəni əlaqələrimizi inkişaf etdirmək və bir-birimizi yaxından tanımaq üçün müxtəlif sahələrdə əməkdaşlıq imkanları var. İki ölkənin teatrlarının qarşılıqlı səfərlərini, digər mədəniyyət qruplarının səfər mübadiləsini həyata keçirə bilərik. Bu səbəbdən tərəflər görüşməli, mədəniyyət sahəsində olan əlaqələrimizi genişləndirməyin yollarını axtarmaq üçün müzakirə aparmalıdır.

   - Azərbaycana gələnə qədər ölkəmiz haqqında hansı məlumatınız vardı? Burada olduğunuz müddətdə ölkəmiz sizdə hansı təəssüratı yaradıb?

   - Azərbaycana gəlməzdən öncə ölkəniz haqqında elə də geniş məlumatım yox idi. Bilirdim ki, Azərbaycan Mərkəzi Asiyada, Qafqazda yerləşir, 1991-ci ildə müstəqillik əldə edənə qədər SSRİ-nin bir hissəsi olub. Bakıya gələndə yaxşı mənada çox təəccübləndim. Azərbaycanın enerji resursları ilə zəngin, siyasi stabilliyə malik, iqtisadi baxımdan regionun sürətlə inkişaf edən ölkəsi olduğunu gördüm. Ölkənizin zəngin mədəniyyəti var. Əhaliniz çox qonaqpərvər və istiqanlıdır.

   Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan tarixi boyu öz unikal mədəniyyətini və ənənələrini qoruyub-saxlayıb. Azərbaycanlılar ölkə ərazisində yaşayan müxtəlif xalqlara, dinlər və etnik qruplara qarşı çox tolerant yanaşır. Bakıda və digər şəhərlərdə sülh şəraitində yaşayırlar. Bu xüsusiyyətlərlə Azərbaycan İndoneziyaya bənzəyir. Ölkə həmçinin keçmişdə və indi istedadlı sənətçiləri, yazıçıları, filosofları, ziyalıları ilə fəxr edib. Azərbaycan da mədəniyyət sahəsində böyük uğurlara nail olub. Məsələn, bildiyimiz kimi, Bakı iki il öncə İslam Konfransı Təşkilatı tərəfindən İslam mədəniyyətinin paytaxtı elan edilmişdi. Azərbaycan mədəniyyəti, musiqisi dünyada tanınır. Bu yaxınlarda Azərbaycanın Avropanın nüfuzluEurovision” mahnı müsabiqəsində qalib olması bizisevindirdi.

   - Ölkələrimiz arasında turizm əlaqələrinin gələcəkdə inkişafını necə görürsünüz?

   - Həm Azərbaycan, həm də İndoneziya öz təbii gözəlliyi, mədəniyyəti, tarixi yerləri ilə zəngindir. Mən Azərbaycanda gözəl maraqlı və görməli məkanlarla rastlaşmışam.

   Hazırda azərbaycanlılar İndoneziyaya turist kimi getməyə maraq göstərirlər. Lakin İndoneziya haqqında informasiya çatışmazlığı hiss olunur. Bunu aradan qaldırmaq üçün İndoneziya səfirliyi Bakıda və başqa şəhərlərdə beynəlxalq festival və beynəlxalq sərgidə iştirak etməklə ölkəmiz haqqında daha geniş informasiya yaymağa çalışacaq.

   - Bakıda olduğunuz müddətdə tarixi-mədəni yerlərlə tanış ola, teatr, konsert proqramlarını izləyə bilmisinizmi?

   - Bakıya 8 ay bundan əvvəl gəlmişəm, amma hələlik Azərbaycan Dövlət OperaBalet Teatrında opera tamaşasına baxmaq imkanım olub. OradaLeyli və Məcnun” operasına baxmışam. Çox xoşuma gəldi. Teatrın möhtəşəm binası, memarlıq quruluşu da məni çox təsirləndirdi. Ümumiyyətlə, Bakıda çoxlu gözəl binalar var, tarixi tikililərin qorunmasına böyük diqqət və qayğı göstərilir. İçərişəhərdə bir neçə dəfə olmuşam. Bu məkanın memarlıq quruluşu məni valeh edib. Bizdə də belə qədim məkanlar var. Məsələn, Cakartanın yaxınlığında vaxtilə böyük kral sarayı olub. Hündür divarlar arasında qədim saray hələ də qalmaqdadır və İçərişəhər mənə bu məkanı xatırlatdı. Bakıda olduğum müddətdə ilk dəfə Novruz bayramında da iştirak etmişəm. Məndə bu bayramla bağlı gözəl təəssürat yaranıb. İnsanlar sevinir, yazın gəlişini bayram edir, od ətrafında rəqs edirlər.

   - Azərbaycan musiqisini, muğamı necə, dinləmək imkanınız olub?

   - “Leyli və Məcnun” operasının musiqisini çox bəyəndim. Azərbaycan muğamı dinləmişəm və bu musiqi məndə zəngin təəssürat yaradıb. Sonra öyrəndim ki, Azərbaycan muğamı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Məndə çoxlu muğam CD-ləri varboş vaxtlarımda onları dinləməkdən zövq alıram. Yeri gəlmişkən, İndoneziya mədəniyyəti də dünyada geniş tanınır. Bizim xalq tətbiqi sənətimiz olan batika sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Batika sənəti İndoneziyada çox məşhur olub, Avropada isə XX əsrdə yayılıb. İndoneziya dilində olan bu sözdə «ba»- pambıq parça, «tik» isə «damcı», «nöqtə» mənalarını verir. Hazırlanma texnikasına gəlincə, pambıq, yunya ipək parça üzərində rəssam rənglərlə xüsusi işləmələr edir. Bu ənənəvi İndoneziya əl işidir. Sentyabrda Bakıda sərgi keçirməyə hazırlaşırıq. Orada digər əl işləri ilə yanaşı, batika sənəti nümunələri də nümayiş olunacaq.

   - Azərbaycanda olduğunuz vaxt yəqin sizə iki ölkənin insanlarını müqayisə etməyə, fərqli və oxşar xüsusiyyətləri təyin etməyə də imkan verib. Bununla bağlı sizdə hansı təəssürat yaranıb?

   - Qeyd etdiyim kimi, Azərbaycan xalqının qonaqpərvərliyi, istiqanlığı məndə dərin təəssürat yaradıb. Mən və ailəm (həyat yoldaşım və iki qızım) burada olmaqdan çox məmnunuq. Azərbaycan sabitlik, əmin-amanlıq olan ölkədir. Bakıda olduğumuz müddətdə heç vaxt problemlə üzləşməmişik. Xalqlarımız müsəlmandır və eyni zamanda biz çox oxşarıq. Deyim ki, insanlarımız arasında fərqli cəhət tapa bilmirəm. Ölkənizin insanları bizim insanlara bənzəyir.

   - Regionlarımıza necə, səfər edə bilmisinizmi?

   - Bir neçə yerə səfər etmişəm. Altıağaca, Şamaxıya, İsmayıllıya getmişəm. Bu ay isə Qubaya getməyi planlaşdırıram. Olduğum yerlərdə çoxlu yaşıllıqlar təəssürat yaradır. Bu mənə ölkəmizi xatırladır. İndoneziya da yaşıllıqlar ölkəsidir, çoxlu meşələr var.

   - Cənab Trimartano, milli mətbəximizlə aranız necədir?

   - Ailəm mən Azərbaycan milli yeməklərini sevirik. Ən azı həftədə bir dəfə Azərbaycan milli yeməklərindən zövq almaq üçün restorana gedirik. Sizin milli mətbəx nümunələriniz doğrudan da, dadlı olur onlardan bəziləri İndoneziya yeməklərinə bənzəyir. Ayranı çox sevirəm, kabablarınızı da çox bəyənirəm. Bakıda yerli ailəyə qonaq getmişəm orada bizi Azərbaycan yeməklərinə qonaq ediblər. Çox ləzzətli idi.

  

 

   Mehparə Sultanova

 

   Mədəniyyət.- 2011.- 20 iyul.- S. 6.