Hotellərdən motellərədək: ulduzun nə fərqi var?

 

   Mütəxəssislər ölkəmizdə 1 və 2 ulduzlu mehmanxanalara tələbatın artacağını bildirirlər

  

   Bu gün Bakıda və ölkəmizin müxtəlif regionlarında müxtəlif ulduz kateqoriyalı yeni hotellər istifadəyə verilir. Bu hotellər əsasən 3, 4 və 5 ulduzludur. Ümumiyyətlə, əksər ölkələrdə turistlər hotel seçimi edərkən məhz bu kateqoriyalı hotellərə üstünlük verirlər.

  

   Bununla belə, dünyanın müxtəlif ölkələrində aşağı kateqoriyalı - 1 və 2 ulduzlu hotellər də kifayət qədərdir. Lakin aşağı ulduz kateqoriyalı dedikdə heç də bu hotellərdə xidmət səviyyəsi və şəraitin aşağı olması nəzərdə tutulmur. Söhbət sadəcə bu tip hotellərdə qonaqlara təklif olunan xidmətlərin daha məhdud sayda olmasından gedir. Bu kateqoriyadan hotellərin fəaliyyəti barədə məlumat almaq üçün ayrı-ayrı ölkələrin təcrübəsinə müraciət etdik.

   Əvvəlcə onu qeyd edək ki, turizmdən böyük gəlir götürən ölkələrdə 1 və 2 ulduzlu hotellər sayına görə heç də 3, 4 və 5 ulduzlulardan geri qalmır. Bu hotelləri tikərkən onun yaxınlığında avtobus marşrutlarının keçməsinə, supermarketlərin, teatr, konsert binalarının, metro stansiyalarının, mağaza, kafe və restoranların olmasına böyük əhəmiyyət verilir. Bu da 1 və 2 ulduzlu hotellərdə turistlərə əlavə xidmətlərin təklif edilməməsi ilə bağlıdır. Belə hotellərdə müştərilərə adətən yaşamaq üçün minimal şərait təklif edilir.

   Britaniyanın paytaxtı Londonda 34 1 ulduzlu, 200-dək 2 ulduzlu mehmanxana fəaliyyət göstərir. Bu hotellər əsasən şəhərin mərkəzində yerləşir. Hollandiyanın paytaxtı Amsterdamda 1 ulduzlu hotellərin sayı 50-dir. Xidmətlərə gəlincə, bu hotellərdə nömrələrdə yalnız yataq dəsti və vanna otağından istifadə təklif olunur.

  

   Hər kəsin imkanına müvafiq hotellər olmalıdır

  

   Mütəxəssislərin fikrincə, turizmin yüksək sürətlə inkişaf etdiyi Azərbaycanda da 1 və 2 ulduzlu hotellərin fəaliyyət göstərməsinə ehtiyac var. Qeyd edək ki, ölkəmizdə 1 ulduzlu mehmanxana yoxdur. 2 ulduzlu 3 mehmanxana var ki, onun da 1-i paytaxtdadır. Bu barədə məlumat verən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclunun sözlərinə görə, Azərbaycanda cəmi 80-ə yaxın ulduz kateqoriyalı mehmanxana var. Bunun da 15-i 5 ulduz, 37-si 4 ulduz, 21-i isə 3 ulduzludur.

   Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, 1 ulduzlu hotellərdə müştərilərə ilk növbədə ən minimal tələbatı ödəyən şərait yaradılır. Belə hotellərdə əlavə xidmətlərin çeşidi məhduddur. Həmsöhbətimiz deyir ki, ulduzsuz hotellər də var: «Hotellərin müxtəlif tipləri olur, məsələn, motellər, kempinqlər və s. Sovet vaxtı hətta çadırlar da vardı. Pioner düşərgələrində məktəblilər, müxtəlif təbii müalicəvi məkanların yaxınlığında turistlər bu çadırlardan istifadə edirdilər. Ümumiyyətlə, turizmin inkişaf etdiyi ölkələrdə bütün kateqoriyalı insanların tələbatını ödəyə biləcək hər cür hotel tipləri olmalıdır. İnsanlar müxtəlif səviyyədə yaşadıqlarına və müxtəlif imkanlı olduqlarına görə təbii ki, hotel tipləri də müxtəlif olmalıdır. Xarici ölkələrdə bu təcrübədən geniş yararlanırlar. Hətta elə hotel tipli müəssisələr var ki, heç ulduz dərəcəsi də yoxdur. Amma qiymətləri ucuz olduğuna görə belə yerlərdə qalanlar çoxdur. Belə şərait onları qane edir».

   M.Ağakərimov fikrini müqayisə aparmaqla əsaslandırdı: «Finlandiyada səfərdə olarkən orada maraqlı bir faktla qarşılaşdıq. Bu ölkənin əksər şəhərlərində 3 növ mağaza var. Birinci tip mağazalar ən yüksək imkanlı insanlar üçün nəzərdə tutulur. İkinci tip mağazalar orta səviyyəli, üçüncü tip mağazalar isə aşağı imkanlılar üçün fəaliyyət göstərir. Bu, Amerikada və digər Avropa ölkələrində də belədir. Hotellərlə bağlı da vəziyyət bu cürdür. Ölkədə bütün imkanlı kateqoriyalar üçün hotellərin fəaliyyət göstərməsi daha məqsədəuyğundur».

  

   Az ulduzlu hotellərin fəaliyyətinə tələbat artacaq

  

   Mütəxəssisin sözlərinə görə, Bakı şəhərində 2 və 3 ulduzlu hotellərə tələbat daha çoxdur və getdikcə də bu tələbat artacaq. Çünki Azərbaycanın iqtisadi qüdrəti artdıqca, Bakı şəhərinin nüfuzu da yüksəlir. Bu isə şəhərimizin qonaqlarının sayının çoxalmasına rəvac verir: «Fikrimcə, paytaxtımıza gələn insanların tələbatını ödəyəcək qədər 4 və 5 ulduzlu hotellərimiz var. Bu baxımdan, artıq 2 və 3 ulduzlu hotellərə tələbat artıb. Orta və aşağı səviyyəli qonaqları yerləşdirmək imkanlarımız da olmalıdır».

   Azərbaycan Turizm İnstitutunun rektoru, tarix elmləri doktoru Cəfər Cəfərov bildirdi ki, ulduzlarının sayının az olması həmin müəssisələrinin keyfiyyətinin aşağı olması demək deyil. Rektorun sözlərinə görə, bu müəssisələrdə keyfiyyət, xidmət lazımi səviyyədədir. Sadəcə, yuxarı ulduzlularda daha çeşidli əlavə xidmətlər var ki, bunlar aşağı ulduz kateqoriyalılarda yoxdur. Amma təmizlik, yüksək xidmət bütün hotellərin birinci şərtidir.

   C.Cəfərovin fikrincə, hər bir hotelin öz müştəriləri var. Odur ki, Azərbaycanda da tədricən hotel bazarının tənzimlənməsi nəticəsində az ulduzlu hotellərin fəaliyyətinə daha çox zərurət yaranacaq.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 20 iyul.- S. 7.