Etnoqrafik turizm marşrutları: Xınalıq

 

  Azərbaycanın qədim və gözəl guşələrindən biri olan Quba rayonunun kəndləri etnoqrafik turizm marşrutları kimi diqqəti çox cəlb edir. Rayonun Buduq, Qrız, Xınalıq kəndləri turistlərin maraq göstərdiyi məkanlardandır.

  

   Şahdağ, Tufan, Babadağ, Qiblə dağları kimi yüksək dağ zirvələri arasında qərar tutan əsrarəngiz Xınalıq gözəl mənzərələri ilə canlı təbiətin yaratdığı özünəməxsus muzeyi xatırladır. Dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Xınalığın bənzərsiz landşaftı, təbiətlə səsləşən mənzərəsi buraya səfər edən hər kəsi heyrətləndirir. Kəndin qədim tarixi var. Tarixçilərin ehtimalına görə, Xınalıq eramızdan əvvəl salınıb. Xınalıqlıların əcdadları barədə məlumatlara qədim tarixçilər Strabon və Plineyin əsərlərində rast gəlinir.

   Qudyalçayın dağlıq düzündə yerləşən kənd uzun illər ənənəvi inşaat üsullarını, folklor və etnoqrafik ənənələrini bugünədək qoruyub saxlayıb. Özünün ilkin memarlıq simasını, eləcə də köhnə məişət tərzi ilə səsləşən ekzotik əlamətlərini saxlayan bu yaşayış məskəni sivilizasiyanın təsirinə çox az məruz qalan canlı tarixdir.

  

   Keçmişini qoruyub yaşadan kənd

  

   Bu qədim məkanda diqqəti gözəl təbiət mənzərələri, pilləvari və yarusvari tikililərin sərt əzəməti cəlb edir. Maraqlıdır ki, burada bir evin damı, ondan yüksəkdə yerləşən digər evin meydançasıdır. Kənddə dağlar dik olduğundan evlər çox sıx yerləşdirilib. Kəndin inşaat təcrübəsində yerli tikinti materialları - qaya və çay daşlarından, divarların tikilməsində isə samandan və gil məhlulundan geniş istifadə edilib. Burada daha qədim tikililər və çoxlu qədim xarabalıqlar da var. Müasir dövrdə də kənd öz arxitektura üslubunu itirməyib, yeni inşa edilən evlər ümumi görünüşlə tamamlanan ansambl təşkil edir.

   Qeyd edək ki, bir neçə il öncə ölkə başçısı İlham Əliyevin göstərişi ilə Qubadan Xınalığa yeni yol çəkilib. Quba Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elxan Məhərrəmov deyir ki, bu yolun çəkilməsi əhalinin rahatlığını təmin etməklə, bölgəyə turistlərin marağını daha da artırıb. İndi dünyanın müxtəlif yerlərindən gələn turistlər daha asanlıqla bu ucqar dağ kəndinə gedə bilirlər.

  

   Bir kənddə 6 məscid, 5 türbə, 7 təbiət abidəsi var

  

   Xınalıq dini-tarixi abidələri olan məscid və türbələrlə, təbiət abidələri ilə, qədim yaşayış yerləri olan arxeoloji qazıntı yerləri ilə çox zəngindir. Kənddə 7 məhəllə, 6 məscid, 5 türbə, 7 təbiət abidəsi var. Quba Turizm İnformasiya Mərkəzinin baş mütəxəssisi Rübabə Musayevanın sözlərinə görə, burada abidələrin hər biri tikilmə tarixi, üslubu, inancları ilə diqqəti cəlb edir. Xınalıqda turistlər Əbu-müslüm, Cümə məscidi, “Aşağı məhlə” məhəlli məscidi, Pirə-Comərd, Xıdır-Nəbi, Şeyx Şalbuz, İsrafil baba türbə-məscidlərini ziyarət edir, onların tarixi ilə bağlı məlumatlar əldə edirlər. Təbiət abidələri içərisində Atəşgah ən çox ziyarət olunan yerdir. Atəşgah Xınalıqdan şimal istiqamətində 5 km aralıda yerləşir. Xınalıqda yaşayanların ilkin inancı atəşpərəstlik olduğu üçün bu yer müqəddəs sayılır.

  

   Turistlər əhalinin yaşam tərzinə maraq göstərirlər

  

   Xınalıqda əhalinin yaşam tərzi özünəməxsusluğu ilə fərqlənir. Bu, turistlərin diqqətini xüsusilə cəlb edir. Yeri gəlmişkən, Xınalıqda ağac demək olar ki, bitmir. Heyvandarlığın inkişaf etdiyi bölgə otlaqları, şəffaf bulaq suyu ilə də zəngindir. Burada toxuculuq da inkişaf edib. Yerli əhali ip əyirir, zövqlü naxışlarla paltarlar, corablar toxuyurlar. Turistlər bu toxunma malları həvəslə hədiyyə alıb aparırlar.

   Turistlər yerli əhalidən kirayələdiyi evlərdə yaşayırlar. Onlar burada bir günü 10-15 manata qala bilirlər. Bu zaman onlar əhalinin məişəti ilə yaxından tanış olur, folklor etnoqrafik xüsusiyyətləri ilə maraqlanır. Xınalıqda bəyin başına qırmızı şal atmaq, atla gəlin aparmaq digər bu kimi özünəməxsus ənənələrə rast gəlmək olar.

  

   Xınalıq kəndinə etnoqrafik qoruq statusu verilib

  

   Xınalıq kəndi XVII-XIX əsrlər abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dünya əhəmiyyətli daşınmaz tarix mədəniyyət abidələrinin siyahısına daxil edilib. 2007-ci ildə isə dövlət başçısının sərəncamı ilə Xınalıq kəndinə etnoqrafik qoruq statusu verilib. Kənddə etnoqrafiya muzeyi, klub kitabxana da fəaliyyət göstərir. Quba Rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Elxan Məhərrəmov Xınalığa istər yerli, istərsə əcnəbi turistlərin böyük maraq göstərdiklərini vurğulayır: “Bu bölgəyə həmişə maraq böyük olub. Bura gələn turistlər kirayələdiyi mənzillərdə qala, mədəni istirahət edə bilərlər. Bəzən yerli əhali özləri turistlər üçün yaylağa gəzintilər, at turları təşkil edirlər. Hazırda kənddə bəzi evlərin dam örtüklərində bərpa işləri aparılır. Bərpa işləri qədim ənənələr saxlanılmaqla həyata keçirilir”.

   Xınalıq arxeoloji qazıntı yerləri ilə zəngindir. Burada Salavat yurdu, Salavat karvansaraları, Xillələrin yurdu, “Bərk-şanəqədim yaşayış yurdu, “Orta Tənəqədim yaşayış yurdu, “Yumşaq ruhlarqədim yaşayış yurdu, alban qəbiristanlıqları kimi qədim yaşayış yerləri var. Bu il Milli Elmlər Akademiyası Arxeologiya Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən geniş arxeoloji qazıntılar başlanıb. Qazıntılar zamanı eramızdan əvvəl III-II minilliklərə aid olması ehtimal edilən 5 böyük kurqan tapılıb. Bu kurqanların tədqiqindən sonra Xınalıq kəndi ilə bağlı yeni mülahizələrin ortaya çıxması mümkündür.

  

 

   Ceyhun Zərbəliyev

 

  Mədəniyyət.- 2011.- 20 iyul.- S. 13.