Turizm ili” ilə bağlı Tədbirlər Planının icrası bu sahənin inkişafına əlavə təkan verəcək

     

   “Dövlət başçısının bu sənədi təsdiq etməsi bir daha sübut edir ki, turizm Azərbaycanda qeyri-enerji sektorunda prioritet bir sahədir”

  

   Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 20-də imzaladığı sərəncamla “Azərbaycan Respublikasında 2011-ci ilinTurizm ilielan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

  

   Bununla əlaqədar iyulun 21-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə iclas keçirildi. Toplantıda nazir müavinləri, nazirliyin aparat rəhbəri, şöbə müdirləri və digər məsul əməkdaşları, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov iştirak edirdi.

   Əbülfəs Qarayev tədbirin məqsədi barədə məlumat verərək bildirdi ki, dövlət başçısının tapşırığına əsasən, “Turizm ili” ilə bağlı Tədbirlər Planının ilkin variantı bir neçə ay əvvəl hazırlanıb. Qeyd olundu ki, “Turizm ili” ilə bağlı Tədbirlər Planının icrası bu sahənin inkişafına əlavə təkan verəcək.

   Prezidentin sərəncamı ilə Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan kimi Mədəniyyət və Turizm Nazirliyinin müəyyən edildiyini nəzərə çatdıran Ə.Qarayev vurğuladı ki, bu, nazirliyin üzərinə ciddi məsuliyyət qoyur. Bu gün respublikanın bütün sahələrində turizm proqramlarının icrası ilə bağlı cavabdehliyi Mədəniyyət və Turizm Nazirliyi daşıyır: “Ölkə başçısının Azərbaycanda turizmin inkişafına göstərdiyi diqqət və qayğı hamımıza məlumdur. Hələ 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi təsis edilərkən bu inkişafın istiqamətləri müəyyənləşdirilib. Mədəniyyət və turizm bir-biri ilə əlaqəli sahələrdir. Xalqımızın zəngin və dəyərli göstəricisi olaraq mədəniyyətimizin dünya miqyasına çıxarılmasında turizmin imkanlarından istifadə etməliyik. Digər tərəfdən isə turizm Azərbaycana çoxsaylı xarici qonaqlar, əlavə gəlirlər, imkanlar gətirir və mədəniyyətimiz də bundan faydalanır. Mədəniyyət və Turizm Nazirliyinin əsas fəaliyyət istiqaməti bu siyasətin üzərində qurulub”.

   Nazir qeyd etdi ki, hazırda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə III Beynəlxalq musiqi festivalı keçirilir. Dünyanın bir çox ölkələrindən bu tədbirə insanlar gəlir: “Turizm şirkətləri də bu qonaqların gəlməsində, yerləşdirilməsində böyük fəallıq göstərirlər. Bu artıq mədəniyyətlə turizmin uzlaşması, birgə fəaliyyətidir”.

   Nazir bu günlərdə Xaçmaz rayonuna səfəri zamanı Nabrandakı turizm təşkilatlarının fəaliyyəti ilə tanış olduğunu bildirdi: “Qeyd edim ki, bu ilin mənzərəsi ötən ilə nisbətən məni xeyli sevindirdi. Turizm mərkəzlərində olan insanlarla söhbətlərdən aydın oldu ki, qiymətlər hiss olunacaq dərəcədə aşağı enib. Bunun nəticəsidir ki, Nabrandakı istirahət düşərgələrində yerlər 85 faiz tutulub. Bəzi yerlərdə bu göstərici həftəsonu üçün 100 faizdir. Bu isə yerli vətəndaşlarımızın öz ölkəmizdə dincəlməyə üstünlük verməsindən xəbər verir. Amma bu o demək deyil ki, nöqsanlar yoxdur. Bəzi obyektlərdə sanitariya normalarına əməl edilmir, yenidənqurma işlərinə ehtiyac var. Ümumi mənzərə isə ötən ilə nisbətən müsbətdir».

   Turizm sənayesi üçün kadr hazırlığı məsələsinə toxunan nazir bildirdi ki, “Turizm ili” ilə bağlı Tədbirlər Planında bu istiqamət də əksini tapıb: «Son vaxtlar turizm sənayesində kadr hazırlığı ilə bağlı ciddi irəliləyişlər var. Ötən həftə Turizm İnstitutunu əla qiymətlərlə bitirən bir qrup məzunla görüşdüm. Milli diplomlarla yanaşı, Avstriyanın Krems Universitetinin də diplomlarını alan bu məzunlarla söhbətdən aydın oldu ki, onların hamısı artıq öz yerlərini müəyyənləşdiriblər. Onlar çox maraqlı yenilikləri tətbiq etməyə hazır olan bir qüvvədir. Ona görə də hesab edirəm ki, Tədbirlər Planında Azərbaycan turizm təhsilinin təkmilləşdirilməsinə dair verilən tapşırıqlar bu sahədə daha geniş işlər görməyə imkan verəcək”.

   Nazir Tədbirlər Planında Azərbaycanın tarixi abidələrinin bərpası, qədim yaşayış məskənlərində arxeoloji qazıntıların aparılması, burada turizm xidmətlərinin təşkilinə dair bəndlərin də yer aldığını vurğuladı: “Bu sənəd bizə geniş fəaliyyət imkanları açır. Bizim bu işə məsuliyyətli yanaşmamızdan çox şey asılıdır. Sənəddə ümumilikdə turizmin inkişafı ilə bağlı bir çox konkret işlərin görülməsi əksini tapıb. Dövlət başçısının bu sənədi təsdiq etməsi bir daha sübut edir ki, turizm Azərbaycanda qeyri-enerji sektorunda prioritet bir sahədir”.

   İclasda Tədbirlər Planının icrası ilə bağlı konkret tapşırıqlar verildi.

  

 

   Fəxriyyə Abdullyeva

 

   Mədəniyyət.- 2011.- 22 iyul.- S. 3.