Fikrət Əmirovun nəvəsi Bakıda konsert proqramı ilə çıxış edib

 

   Bakı Caz Mərkəzində Belçikanın Azərbaycandakı səfirliyi və “Buta” İncəsənət Mərkəzi tərəfindən “Culture Helpline” proqramı çərçivəsində növbəti konsert keçirilib.

   Konsertdə Belçikada yaşayan azərbaycanlı pianoçu, bəstəkar və müğənni Nəzrin (Nəzrin Əfəndiyeva) çıxış edib. Nəzrin görkəmli bəstəkar, yeni musiqi janrı olan simfonik muğamın banisi Fikrət Əmirovun nəvəsidir.

   Böyük musiqiçinin ailəsində dünyaya gələn Nəzrinin anası professor Sevil Əmirova da pianoçudur, Bakı Musiqi Akademiyasında dərs deyib. Nəzrin altı yaşında Bakıda musiqi məktəbinə yazılıb və fortepiano ixtisası üzrə təhsil alıb.

   1995-ci ildə, o, 16 yaşında ikən valideynləri ilə Belçikanın Brüssel şəhərinə köçüb. Nəzrin 2001-ci ildə Brüssel Kral Konservatoriyasını piano sinfi üzrə bitirib. 2003-cü ildə İspaniyada beynəlxalq piano müsabiqəsinin mükafatçısı olub. Müxtəlif musiqi üslubları ilə maraqlanan Nəzrin “L’Estro” adlı barokko ansamblı yaradıb, özü bu kollektivdə klavesin ifa edib.

   2010-cu ildən musiqi istiqamətini tamamilə dəyişərək mahnı ifasına diqqət yetirən Nəzrin mahnılarını özü bəstələməyə başlayıb, şanson, Şərq musiqisi, həmçinin caz və klassik musiqi janrlarının təsiri hiss olunan musiqi sintezi yaradıb. Nəzrin mahnılarını əsasən fransız dilində yazır, bununla yanaşı, babası Fikrət Əmirovun məşhur vokal əsərlərindən bəzilərini aranjeman edib.

   Konsertdə Nəzrin Fikrət Əmirov musiqisinin caz improvizasiyalarını və öz mahnılarını təqdim edib. Nəzrinin dayısı, məşhur caz ifaçısı Cəmil Əmirov xüsusi olaraq bu tədbir üçün onun ansamblında çıxış edib.

   N.Əfəndiyeva bildirib ki, konsertdən əldə edilən gəlir zorakılığın qurbanına çevrilmiş uşaqlara yardım üzrə “Qaynar xətt” layihəsinə köçürüləcək.

 

 

   Mədəniyyət.- 2011.- 22 iyul.- S. 6.