“Kino elə bir sahədir ki, orada inkişaf
üçün hər gün
çalışmalısan”
Fariz Əhmədov Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə Ümumrusiya
Dövlət Kinematoqrafiya Universitetində kinorejissorluq
ixtisası üzrə SSRİ dövlət mükafatı
laureatı A.A.Proşkinin emalatxanasında təhsil alır. “Bir
addım”, “Qocalar” (İsmayıl Məmmədovla birgə) bədii
qısametrajlı ,“Lahıc ritmləri” və “Miras” sənədli
qısametrajlı filmlərinin rejissorudur. 2010-cu ildə lentə
alınan “Miras” filmi bir sıra festival və müsabiqələrdə
uğur qazanıb. Rejissorla söhbətə də bu ekran əsərindən
başladıq.
- “Miras” filmi necə ərsəyə
gəldi? Filmin ideyası necə yarandı? Filmin
uğurları haqda qəzetimizdə tez-tez məlumat gedir.
- “Miras” kurs işim idi.
Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetində hər
tələbə bir bədii və bir sənədli film təhvil
verməlidir. O ərəfədə Bakıya gəldim,
vaxtım da az idi. Təsadüfən duz gölünün
yanından keçirdim və orada bir az gəzdikdən sonra
ağlıma bu ideya gəldi. Ertəsi gün ssenarist Esmira Əyyubla
göl ətrafına gəlib ssenari haqda düşünməyə
başladıq və təsadüf nəticəsində qəhrəmanımızla
- orada duz toplayan yeniyetmə ilə rastlaşdıq. Onun
atasının və babasının da burada
çalışdığını öyrəndik. İki
gün ərzində film çəkildi. Filmi “non-budget”, yəni tam pulsuz çəkmişik.
- Film Moskvada necə qəbul olundu?
- Universitetdə
qayda belədir ki, auditoriyada film göstərilir və ciddi müzakirələr başlanır. Çox qısa zamana
çəkdiyim filmi tələbə yoldaşlarım,
xüsusən müəllimim
Aleksandr Proşkin bəyəndikdə özüm
də inana bilmirdim. Müəllimim filmi 30-cu Beynəlxalq
VGİK kinofestivalına göndərdi.
Müsabiqədə 4 mükafatdan 3-nü bizim film aldı. Elə o zamandan film çoxsaylı
müsabiqələrdə nümayiş
olunub.
- Yəqin filmin mövzusu maraq doğurur?
- Əslində
heç bir sosial problemi qaldırmaq fikrimiz yox idi. Baba, ata və
oğul - hər üçü gözünü
açıb bu duz gölünü görüb. Bu onlar üçün gəlirdən daha çox bir məşğuliyyət yeridir.
Maraqlı tərəflərdən
biri də odur ki, dünyanın
az yerində
belə duz gölü var. Qəhrəmanlar
da, yanaşma tərzi də maraqlı idi. Yəqin ona görə dünya üçün də maraqlı gəldi. İstənilən halda kiçik
ölkələrdəki həyat
dünyanı maraqlandırır.
Azərbaycanda bu cür mövzular çoxdur.
Tapıb
işləmək lazımdır.
- Rusiyada kino təhsilin necə gedir?
- Kinoemalatxanada
hər tələbə
ilə fərdi işləyirlər. Bizim kursda
8 ölkədən tələbələr
təhsil alır və müəllimimiz A.Proşkin hər millətdən olan tələbəyə, mədəniyyətindən,
mentalitetindən asılı
olaraq fərdi yanaşmağı bacarır.
Bizə rejissuradan daha çox dramaturgiyanı öyrədirlər. Bu bünövrədir və
əsasdır. Orada bir
mühüm məqamın
da şahidi oldum. Rusiyanın bir çox
məşhur operatorları,
xalq artistləri, aktyorları tələbələrin
filmlərində pulsuz
çalışırlar. Bu işin şedevr
olmasına görə
yox. Sadəcə, onlara yeni nəsillə işləmək
maraqlıdır. Onların nə
cür formalaşmasına
önəm verirlər.
- Yaxşı
film çəkib beynəlxalq
aləmə çıxmaq
üçün nə
etməliyik?
- Kino elə bir sahədir ki, orada inkişaf
etmək üçün
hər gün yazmalı, oxumalı və filmlərə baxmalısan. “Yaxşı
idmançı” necə
formalaşır? Yalnız hər
gün məşq etməklə. Kino da belədir. Kinoya gələn gənclərin
dünyagörüşü geniş olmalı, çoxlu mütaliə etməlidirlər. Bu gün Asiya kinosu, İran kinosu, Türkiyə, Rumıniya kinosu var ki, dünya
kinosuna maraqlı adlar, filmlər çıxır. Təəssüf ki, bizdə gənclərin bir çoxu üçün
internetin maraq dairəsi hər hansı sosial şəbəkədə qurdalanmaq
səviyyəsindədir. Halbuki internet
evdə oturub təhsil almaq üçün böyük
imkanlar açır.
Dünya
gəncləri bu yöndə inkişaf edir.
- Təhsil aldığınız universitetdə
Azərbaycan kinosu barədə nə dərəcədə məlumatlıdırlar?
- Vaqif Mustafayevin “Hər şey yaxşılığa
doğru” filmi tədris prosesində ən yaxşı qısametrajlı film kimi nümayiş olunur. Bu da bir uğurdur. Düzdür, kurslarda qazax,
qırğız, gürcü
filmləri tədris olunur. Ümumilikdə isə Rusiyada
müasir tamaşaçı
Azərbaycan kinosu barədə elə də məlumatlı deyil. Bu gün
bizim kinoda bir sıra istedadlı
gənclər çalışırlar.
Ümid edirəm ki, biz Azərbaycan kinosu üçün böyük
işlər görə
biləcəyik.
- Yeni hansı layihəniz var?
- Hazırda
“Mayak” adlı ssenari hazırlanır.
Ssenarini Esmira Əyyubla birgə yazırıq.
Film bir ailədən,
valideyn-övlad münasibətlərindən
bəhs edir.
Reyhan İsayeva
Mədəniyyət.-
2011.- 22 iyul.- S. 7.