“Yenidən qadın rolunu oynamaq istəmərəm”
“Vəkil hanı?” filmindən sonra sənət karyerasında
dönüş edən
gənc aktyor Bəhruz Vaqifoğlu eyniliyi sevmir və fərqli rollara üstünlük verir
Bəhruz Vaqifoğlu 1982-ci ildə Zəngilan rayonunda doğulub. 1993-cü ildən ailəsi məcburi köçkün kimi Bakıda yaşayır.
Bəhruz burada sənətə həvəsini
hiss edərək dram dərnəyinə
yazılır.
Vahid Əliyevin rəhbərlik
etdiyi dram dərnəyində
aktyorluq sənətində
ilk addımlarını atır,
sonra Nərimanov rayonu Uşaq Yaradıcılıq Mərkəzində
İmran Vahabovun rəhbərlik etdiyi dram dərnəyinə üzv
olur. İki il Mədəniyyət
və İncəsənət
Universitetinə imtahan
versə də, qəbul ola bilmir. Buna baxmayaraq həvəsdən düşmür
və Qüdrət Abbasovun rəhbərlik etdiyi Nəsibə Zeynalova adına
Xalq Teatrında çalışmağa başlayır.
2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin
“Musiqili teatr rejissor”luğu ixtisasına
daxil olur. Eyni zamanda Akademik
Milli Dram Teatrında “Dirilən adam”,
“Ölüləri qəbiristanlıqda
basdırın”, “Mesenat”
və s. tamaşalarda
kütləvi səhnələrdə
rollar ifa edir.
Hazırda Pantomim Teatrında
özünü olduqca
xoşbəxt hesab edən gənc aktyor Bəxtiyar Xanızadə ilə birgə işləməyin
onun üçün fəxr olduğunu deyir. Teatrda müxtəlif səpkidə
rollar ifa etməsinə baxmayaraq o, kinoda oynadığı rollarla tamaşaçıların
yaddaşında qalıb.
“Cavad xan” filmində mürid, “Günaydın, mələyim”də
aktyor, “Sonuncu dərviş”də rəssam,
“Vəkil hanı?” filmində isə vəkil Rəşad və Aliyə rollarının ifaçısıdır.
- Teatr və kino... Sənətçi olaraq daha çox özünüzü
harada tapırsınız?
- Hər ikisinin öz yeri var. Prinsipcə son nəticədə ikisi də aktyorluğa bağlı sənətdir.
Bəzən seçim qarşısında
qalmalı oluram.
Mənim
üçün teatr
daha vacibdir. Teatr olmasa, kinoda çox uğur əldə edə bilmərəm. Teatrda etdiyin
səhvi sonradan düzəliş edə bilirsən, lakin filmdə artıq qaydalar dəyişir.
Çəkiliş meydanı bir
başqa aləmdir.
İnanmıram ki, səhnə
və çəkiliş
meydanında yaşanan
hissləri aktyor ifadə edə bilsin. Bu sanki
dünyanın içində
dünyadır. Hər bir
kinoçəkilişdə nəsə öyrənirəm.
- Rejissor Ülviyyə
Könül sizi “Vəkil hanı?” filminə dəvət edəndə oynayacağınız
rola münasibətiniz
necə oldu?
- Filmin aktyor seçimi mərhələlərinə çağırıldım.
Ülviyyə Könül və
Sənubər İsgəndərli
məndən soruşanda
ki, “qadın rolunu ifa edərsən?”
mən “bəli” deyib razı olmuşdum. Ssenari ilə tanış
olandan sonra isə filmi daha çox bəyəndim.
Sonra Ülviyyə xanım fikrini dəyişərək
məni hər iki rola (vəkil
Rəşad və Aliyə - red.) çəkmək
istədiyini dedi. Təbii ki, burada pantomima
aktyorluğum da mənə bir çox plastik hərəkətli səhnələrdə
kömək etdi.
- Həyatda həmin vəkilin vəziyyətinə düşsəydiniz,
çıxış yolunu
nədə görərdiniz?
Həmin
rolu həyatda da oynaya bilərdinizmi?
- Həmin vəkil ilə mənim xarakterim arasında böyük fərqlər var. Çox
güman ki, başqa yollar fikirləşərdim. Onun etdiyi
kimi etməzdim. Amma heç kəs həyatda heç nədən sığortalanmayıb.
Bilmək olmaz...
- Sənin
Aliyə roluna ətrafın reaksiyası
necə oldu?
- Hər gün teatrdan evə gələndə qadın ayaqqabılarında
evdə məşq edirdim. Dostlarım zarafatlar edirdilər.
Hərdən bunlara əsəbiləşir,
özüm-özümü qınayırdım. Amma nəticədə
mən aktyoram və bu mənim
sənətimdir.
- Bu rol sizin böyük kinoda, demək olar ki, ilk baş
rolunuz idi. Film sizə nə verdi? Həyatınızda hansı dəyişikliklər
oldu?
- Təbii ki, “Vəkil hanı?” filmi mənə kino və teatrla bağlı çox şeyləri öyrətdi.
Bu filmdən sonra
teatrdakı aktyor sərbəstliyim artdı,
bu da aktyor
üçün əsas
amillərdən biridir.
Gələcək filmlər üçün
mənə böyük
imkanlar yaratdı.
- Bundan sonra da qadın
rolu təklifi olsa, qəbul edərsinizmi?
- Yenidən qadın rolunda oynamaq istəmərəm.
Bir dəfə bəs etdi. Aktyor olaraq daha çox müxtəlifliyə
üstünlük verirəm.
Hətta
çalışıram ki,
adi bir rolum
da başqa bir roluma bənzəməsin.
- Hansı rolu oynamaq istərdiniz?
- Tarixi filmlərə marağım
olduğu üçün
belə filmlərdə
baş qəhrəmanı
oynamaq istərdim. Əgər Şah İsmayıl haqqında film çəkilərsə
çox böyük məmnuniyyətlə Xətaini
oynayardım. Bu mənim arzumdur.
- Bəhruz
Vaqifoqlu özü hansı aktyorları bəyənir və həmin səviyyəyə
çatmaq üçün
çalışır?
- Yusif Yıldız, Hamlet Xanızadə,
Həsənağa Turabov,
Səməndər Rzayev,
Yaşar Nuri, Cahangir Zeynalov, Fuad Poladov, Məmməd
Səfa, xarici aktyorlardan Al Paçino,
Robert de Niro, Cek Nikolsan, Çarli Çaplin, Tim Rod və başqaları baxıb heyran olduğum aktyorlardır. Amma bir rejissor kimi davranışına, səbrinə, intellektinə,
idarəçiliyinə görə
öz müəllimim
Bəxtiyar Xanızadə
səviyyəsinə çatmaq
istərdim.
- Hazırda rejissor Şamil Əliyevin “Çölçü”
filmində çəkilirsiz...
- Bu filmdə cavan çölçü
rolundayam. Filmin ssenari müəllifi
Vidadi Həsənovdur.
V.Həsənov özü də
filmdə qoca çölçü rolunu
oynayır. Filmin çəkilişləri
avqustun ortalarında yekunlaşacaq. Onun ardınca
qısametrajlı bir filmdə baş rola dəvət almışam.
Yeganə Cansail
Mədəniyyət.- 2011.-
22 iyul.- S. 7.