“Əfsanələr paytaxtı” Şabran

 

   Qədim tarixə malik olan, mədəni irsimizin bir sıra maraqlı səhifələrini yaşadan Şabran həm də perspektivli turizm məkanıdır

  

   Zəngin tarixə malik Şabran Azərbaycanın siyasi və mədəni həyatında mühüm iz qoymuş qədim şəhərlərimizdəndir. Tədqiqatçılar yazılı tarixi mənbələrə və şəhərin müxtəlif hissələrində aparılan arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq burada hələ eramızın əvvəllərində yaşayış məskəni olduğunu müəyyən ediblər.

  

   Şabranın Sasanilər sülaləsindən olan Şah Xosrov Ənuşirəvan tərəfindən qala-şəhər kimi tikdirildiyi bildirilir. Şabranda qaynar şəhər həyatı dövrü IX-XV əsrlərə təsadüf edib. Tarixən böyük savaşların meydanına çevrilən şəhər XIII əsrin ortalarında monqolların hücumu nəticəsində dağıdılıb. Sonrakı dövrlərdə özünə gəlsə də, Səfəvi-Osmanlı müharibələri zamanı yenidən dağıntılara məruz qalıb.

   XVIII əsrdən etibarən Şabran tamamilə tənəzzülə uğrayıb və bu günümüzə qədim şəhərin xarabalıqları gəlib çıxıb. Bu gün bu torpaqda yeni şəhər, yeni Şabran inkişaf edir, böyüyür. Amma qədim şəhərin xarabalıqları arasında tariximizin bir çox qatları, əfsanə və rəvayətlər dolu olaylar qalıb. Onları öyrənib üzə çıxarmaq həm də mədəni irsimizin bir sıra maraqlı səhifələrinə işıq salmaq deməkdir. Təsadüfi deyil ki, Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları proqramı”na əsasən, Şabran şəhəri 2011-ci ilin “Əfsanələr paytaxtı” elan edilib.  

 

   Tarixdən səhifələr

  

   «Şabran» sözünün mənası barədə müxtəlif versiyalar irəli sürülür. Əsas versiyalardan biri şəhərin adının burada yaşayan tayfaların adından götürülməsi ətrafında cəmlənib. Ehtimal olunur ki, qədim dövr tarixçisi Ptolomeyin əsərində göstərilən şapotren tayfalarının adı dəyişikliyə uğrayaraq tədricən “Şabran” şəklinə düşüb. Bəzi müəlliflər bu məfhumun fars dilində “şəb” qaranlıq, “ran” isə məkan mənası verdiyini, digər qisim tədqiqatçılar isə hətta 1124-cü ilə aid gürcü xronikasında bu ifadənin Şaburan kimi işlənməsini qeyd edirlər. Şabran şəhərinin salınması Sasani hökmdarı Xosrov Ənuşirəvanın adı ilə də bağlansa da, bu ərazinin əsas sakinlərinin qədim türk tayfalarından sabirlər olduğu daha çox güman edilir. Belə ehtimal olunur ki, sapotren, sabur, sabir, şaburan, şavaran - bunlar hamısı forma dəyişikliyinə düşərək “Şabran” şəklini alıb.

   Qədim Şabranda tapılan maddi-mədəniyyət nümunələri burada müsəlmanlarla yanaşı, xristian və yəhudilərin də yaşadığını deməyə əsas verir. Tolerant bir şəhər kimi tanınan Şabran digər cəhətləri ilə də fərqlənib. Tarixçilər qeyd edir ki, qədim Şabranda qibtə ediləcək səviyyədə istehsal sahələri olub və şəhərsalma prinsiplərinə əməl edilib. O dövrdə tikinti materialı kimi geniş istifadə olunan qırmızı kərpic məhz Şabran şəhərində istehsal edilirdi.

  

   40 dəvə yükü qızılın basdırıldığı yer

  

   Şabran həm də tarixi abidələrlə zəngindir. Müxtəlif illərdə Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu əməkdaşlarının qədim Şabran qoruğunda apardıqları arxeoloji qazıntılar zamanı aşkar edilmiş müxtəlif eksponatlar indi rayonun tarix-diyarşünaslıq muzeyinin qiymətli eksponatları sırasındadır. Qədim Şabranda tapılan əşyalar sırasında o vaxt əraziyə çəkilən su və kanalizasiya xətlərinin nümunələri, qədim su qabları da diqqəti cəlb edir.

   Şəhərlə bağlı zaman-zaman müxtəlif əfsanələr də yaranıb. Məsələn, deyilənə görə, bu yerlərdə 40 dəvə yükü qızıl da basdırılıb. Yayılan bu əfsanələr Şabranın qədim bir məskən olmaqla hələ sirrinin də tam açılmadığını göstərir. Xatırladaq ki, prezident Heydər Əliyevin 2003-cü il 27 sentyabr tarixli sərəncamı ilə Dəvəçi rayonu ərazisindəki "Şabran şəhəri" tarix və mədəniyyət abidəsi tarixi qoruq elan edilib. Ötən il isə bu qədim torpağa tarixi adı qaytarılıb, Dəvəçi rayonunun adı dəyişdirilərək Şabran adlandırılıb.

  

   Şabran turizm məkanına çevrilir

  

   Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Əhməd Səmədovun sözlərinə görə, Şabranın 2011-ci il üçün Azərbaycanın “Əfsanələr paytaxtı» elan edilməsi yerli əhali tərəfindən fərəh hissi ilə qarşılanıb: “Rayonumuzun Şabran tarixi adının bərpa edilməsi kimi «Əfsanələr Paytaxtı» elan edilməsi də Şabranın qədimliyinə verilən qiymət, rayonumuzun uğuru və nailiyyətidir”.

   Şöbə müdiri bildirir ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Şabran rayonu ilə bağlı müddəalarının uğurla icra olunması digər sahələrdə olduğu kimi, mədəniyyətin, turizm sahəsinin inkişafına da təkan verib: “Rayonumuzda turizmin inkişafı üçün böyük potensial var: “2007-ci ilin avqust ayında ölkə başçısı İlham Əliyev Şabranda olarkən rayonun çox geniş turizm potensialına malik olduğunu bildirmiş, rayonun ərazisində turizmin inkişafı ilə əlaqədar bir sıra ərazilərə baş çəkmişdi”.

   Qeyd edək ki, tarix-diyarşünaslıq muzeyində qədim Şabranın tarixini əks etdirən və turistlər üçün də maraq kəsb edəcək çoxlu eksponatlar var. Abidələrə gəlincə, ümumilikdə, Şabran rayonunda 150-dək tarixi abidə var ki, onlardan ən möhtəşəmi qədim Şabran və Çıraqqala abidələridir. Son illər bu abidələrin həm mədəni irs nümunəsi, həm də turizm potensiallı məskən kimi təbliği yönündə müəyyən işlər görülür.

   2010-cu ildə rayon mərkəzinin şimal girəcəyində Şabranın qədim tarixini özündə əks etdirən və maraqlı kompozisiyaya malik «Şabran», «Çıraqqala» komplekslərinin açılışında prezident İlham Əliyev iştirak etmişdi. Şabran şəhərinin cənub girəcəyində isə yeni mədəniyyət obyektinin - Poeziya evinin tikintisi davam edir. Poeziya evinin qarşısında klassik şairimiz Xəqaninin heykəlinin qoyulması nəzərdə tutulub. Şabran şəhərində Xəqaninin heykəlinin qoyulması heç də təsadüfi deyil. Çünki bu klassik şairimizin kəşməkəşli həyatının müəyyən dövrü Şabranla bağlı olub. Görülən bu işlər rayona turist cəlbinə də əlavə zəmin yaradır. Mədəniyyət və turizm şöbəsinin müdiri Ə.Səmədov qeyd edir ki, “Turizm ili” olan 2011-ci ildə rayona gələcək turistlərin sayının 2 dəfə artacağı gözlənilir.

   

   “Əfsanələr paytaxtı”nın zəngin tədbirlər proqramı

  

   “Əfsanələr paytaxtı” elan edilməsi ilə bağlı bu il ərzində Şabranda bir sıra tədbirlər nəzərdə tutulub ki, onların da bir qismi həyata keçirilib. Böyük öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş «Xalq yaradıcılığı sərgisi»ndə istedadlı yeniyetmə və gənclərin əl işləri nümayiş etdirilib. Tədbirdə rayonun «Çıraqqala», «Zurnaçılar» və «Xınayaxdı» folklor kollektivlərinin, Aşıq Həşimin ifa etdikləri rəngarəng musiqi nömrələri sərgini daha yaddaqalan etdi.

   Bundan başqa, şabranlıların qüruru sayılan «Çıraqqala» tarix mədəniyyət qoruğuna ənənəvi yürüşdə olaraq çoxsaylı insanlar iştirak edib. Tədbirin sonunda Çıraqqalanın başında xalqımızı birliyə, mübarizəyə çağıran tonqal alovlandırıldı.

   Şabranın “Əfsanələr paytaxtı” elan edilməsi ilə bağlı rayon mədəniyyət və turizm şöbəsinin tərtib edilən tədbirlər planı çərçivəsində milli bayramımız Novruz bu il xüsusi şövqlə və daha geniş miqyasda qeyd olunub. Bayram şənliyində Novruzla bağlı müxtəlif xalq oyunları («Yumurta döyüşü», «Xoruz döyüşü», «Ənzəli», «Beş daş», «Fincan-fincan» və s.), rayonun sənətkarlarının əl işlərindən - xalq tətbiqi sənət nümunələrindən ibarət sərgi nümayiş olunub, kəndirbazların çıxışı, pəhləvanların yarışı maraqla qarşılanıb.

   Mədəniyyətimizin, müasir mədəni-kütləvi tədbirlərimizin tarixi kökləri milli dəyərlərimizlə, zəngin mədəni irsimizlə, milli, dini adət-ənənələrimizlə əlaqələndirilir. Şabran da qədimliyini, ənənələrini yaşatmaqla yanaşı, onları özünəməxsus formada təqdim edir, özünün əfsanələrlə dolu tarixi məkan olduğunu isbatlayır.

  

 

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 22 iyul.- S. 8.