Sənətin
vurğunu
Elxan
Əzizov 70 illik ömrünün 50 ilini səhnədə
keçirib
Elxan Əzizov 1941-ci ildə Şəki
şəhərində anadan olmuşdur. 1964-1967-ci illərdə
Mədəni-Maarif Texnikumunda təhsil almış, təyinatla
Şəki şəhərində işləməyə
başlamışdır.
1967-ci ilin sentyabrında Oğuz
rayon Mədəniyyət evinə bədii rəhbər vəzifəsinə
təyin olunmuşdur. O vaxtdan Mədəniyyət evində
direktor, xalq teatrının rejissoru, metodist kimi
çalışmışdır. İki oğlu, bir
qızı, dörd nəvəsi var.
1971-ci ilin noyabrında rayon Mədəniyyət
evinin nəzdində fəaliyyət göstərən dram
kollektivinə “Xalq teatrı” adı verilib. Xalq teatrının
ilk olaraq hazırladığı İ.Əfəndiyevin “Bahar
suları” tamaşasında Qulu rolunu E.Əzizov ifa etmişdir.
Həmin vaxtdan 24 tamaşada, 40-dan çox satirik səhnəcikdə
və intermediyalarda rol alan E.Əzizov elə ilk vaxtlardan
oğuzluların sevimlisinə çevrilmişdir. Şəhər
mədəniyyət və istirahət parkında
yaradılmış “Gülüş çələngi”
miniatür teatrında respublikanın 28 rayonunda məktəblilər
qarşısında tamaşalar oynamışdır.
C.Məmmədquluzadənin
“Ölülər”ində Şeyx Nəsrullah, S.S.Axundovun
“Laçın yuvası”nda Əmiraslan ağa, “Tamahkar”da
Hacı Murad, M.F.Axundovun “Molla İbrahimxəlil kimyagər”
komediyasında Molla İbrahimxəlil, Ü.Hacıbəylinin
“Ər və arvad” musiqili komediyasında müxtəlif
vaxtlarda Kərbəlayı Qubad, Mərcan bəy,
“Arşın mal alan”da Sultan bəy, “O olmasın, bu olsun”da
Hambal, Əfqan Əsgərovun “Qız atası” komediyasında
Cavad kişi, Salam Qədirzadənin “Şirinbala bal
yığır” komediyasında Əşrəf kişi,
İsi Məlikzadənin “Oyanmış xatirələr”ində
İlyas və b. rolları oğuzluların yaddaşında
silinməz iz qoymuşdur.
İyulun 18-də Oğuzdakı Mədəniyyət
mərkəzində Elxan Əzizovun anadan olmasının 70, səhnə
fəaliyyətinin 50 illiyi münasibətilə yubiley tədbiri
keçirildi. Oğuz Rayon Mədəniyyət və Turizm
Şöbəsinin təşəbbüsü ilə
keçirilən tədbirdə iştirak edənlər - mədəniyyət
və turizm şöbəsinin müdiri Ulduz Baxışova,
RİH-nin müavini Yusif Naxçıvanski, YAP rayon təşkilatının
sədri Saleh Məhərrəmov, təhsil şöbəsinin
müdiri Elçin Kərimov, gənclər və idman idarəsinin
rəisi Ramiz Mahmudov, əhalinin sosial müdafiə mərkəzinin
nümayəndəsi İntiqam Alməmmədov və
başqaları E.Əzizovun gözəl insani keyfiyyətlərindən,
sənətinə sədaqətindən, səhnədə və
həyatda onunla bağlı xoş anlardan
danışdılar.
Sənət yoldaşları Şərqiyə Fərzəliyeva və Vaqif Səmədovla səhnəni paylaşan Elxan Əzizov yenidən tamaşaçılarına gülüş dolu dəqiqələr yaşatdı. Müxtəlif vaxtlarda oynadığı tamaşaların video nümayişi və konsert proqramı ilə müşayiət olunan tədbirdə yubilyara Oğuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin fəxri fərmanı, eləcə də dəvətlilərin hədiyyələri təqdim olundu. Hər kəs Elxan Əzizova cansağlığı və xoşbəxtlik arzuladı. Biz də bu təbriklərə qoşuluruq: 70 yaşınız mübarək!
Qəsidə Hüseynova,
Oğuz
Mədəniyyət.-
2011.- 22 iyul.- S. 10.