Maral xanımın gözəllikləri
Ömrü
uzun, gur, sənəti uzunömürlü, nur...
Maral Rəhmanzadə. 1916-cı il
iyulun 23-də Bakıda doğulan bu gözəl xanım
40-cı ildən başlayaraq bütün Azərbaycana və
Sovetlər İttifaqına özəl bir sənətkar
imzası doğurub. O zaman 24 yaşı olan bu qızın təzə-tər
tərcümeyi-halında artıq iki ciddi, sanballı məktəb
adı vardı: Azərbaycan Dövlət Rəssamlıq
Texnikumu (1930-1933) və Moskva Dövlət Rəssamlıq
İnstitutu (1934-1940).
“Profilaktik” proloq
1916-2008. Əsrə yaxın bir ömür. Maral xanım doxsan iki il yaşayıb və öz çəki-zəkisində olan
bütün sənətkarlar
kimi, çox işlər görüb, çox gözəlliklər
yaradıb. Sovet əda-modabazlığının, stilizm-futurizminin ən qızğın çağlarında
öz möhtəşəm
dəzgah rəsmləri
silsilələri, çox
maraqlı tabloları,
qravürləri, kitab
qrafikaları və sair janrlı əsərlərilə Azərbaycan
qadınını “fatma-tükəzbanlıq”
kimi etnoqəliblərdən
xilas edən öncüllərdən olub.
Bu məlum
məlumatlar içərisindəki
“əsrə yaxın ömür” faktı məni bir yanı
qaçaq bir mühakiməyə də
iddiaçı edir.
Belə ki, təbiət və cəmadətin bir parçası, bir üzvü olan insan - “hər
zərrədə min zərrə”
baxımından - mənsub
olduğu həmin ümmanlarla müqayisədə
mütləq geriliyə
məhkumdur. Yəni
ötən yüzildə
təbiət-bəşəriyyət dünyasının yaradıcılıq
qalereyası hara, ayrı-ayrı şəxsiyyətlərin,
sənətkarların - “altı
milyardda bir”lərin etdikləri hara?..
“Bəşər
dünyasının yaradıcılıq
qalereyası” dedim, yadıma dünyanın Maral xanıma da dəxli olan
çox ünlü bir sənət ünvanı düşdü:
Tretyakov Qalereyası
Böyük sənət şedevrlərinin
nümayiş və saxlanc yeri olan
bu qalereyaya keçməzdən əvvəl,
bizim rəsm edilib oraya veriləsi
bir “mentalitet tablomuz” haqda.
Bəli, zavallı sovet illərində eşidir və səksəninci illərin əvvəllərində
yolum düşərkən
görürdüm ki,
bizim Moskva və Leninqrada (Sankt-Peterburq) gedən həmvətənlərimizin əksəriyyəti
milis (polis), metro işçilərindən,
avtobus, trolleybus, tramvay
sürücülərindən daim hansısa univermaq, yarmarka, bazar və digər
ticarət mərkəzlərinə
getməyin yolunu soruşurlar. Hələ həmin ünvanlarda
növbələri necə
pozmağımızı, haçansa
Bakıda-Şəkidə olmuş
“çoxmillətli sovet
zəhmətkeşləri” nümayəndələrinin başa
düşdüklərini nəzərə
almadan ağzımıza
gələni danışmağımızı
demirəm. Dünyanın, demək olar, bütün dillərində
mədəniyyətin, mədəniliyin
bütün lad, dad və
kodlarında danışılan
“Ermitaj”da, Tretyakov Qalereyasında isə... bu gözəl dilimizin cınqırı çıxmırdı. Yox, demirəm,
bizimkilərdən heç
kəs oralara getmirdi. Gedirdilər,
amma tək-tək hallarda...
İş elə gətirdi ki, o vaxtlar mənim
də yolum bir dəfə - bircə dəfə Moskvaya düşdü və həmin “bazar” etiketimizdən narahatlıq, xəcillik hissi keçirən millətimizin iyirmi-otuz faizlik qismindən olan bir fərd
kimi, “ayaqaçdı”mı
Tretyakov Qalereyasına
etdim. Eşitmişdim ki, oraya ilk dəfə daxil olan hər kəsin
başı böyük
sənət ab-havasından
gicəllənir. Mən isə
əməlli-başlı səntirlədim.
Əgər giriş qapısının
üzbəüzündə asılmış “İsanın
zühuru” tablosunun rəhmətlik müəllifi
mənim o otuz-qırx
metrlik məsafəni necə getdiyimi görmüş olsaydı,
çox yəqin ki, “İnsanın təhəri” (tövrü,
sənət qəhəri
və s.) adlı daha bir şedevr
yaradardı. Hətta
mən - o vaxt alababat televiziya jurnalisti ola-ola, barmağımla İsa Məsihin sağ ayağına toxundum da ki, görüm,
bu, doğrudanmı ət, canlı, real deyil?! Bələdçi qadın isə, yəqin ki, yalan olmasın, qırx ildən bir işlətdiyi bir söz dedi
mənə: “Oğul,
toxunmaq olmaz...”
Mən orada öz
“Novruzəli”liyimə içimdə
bir Vəli xan gülüşü gülüb, adlarını
çoxdan eşidib üzlərini görmədiyim
Azərbaycan imzalı
sənət əsərlərini
axtarıb-aramağa başladım.
Başqa
söhbət-yazıların mövzusu olan başqa sənətkarlarımızla
bərabər, burada Maral Rəhmanzadənin də iki əsərini
- “Qadınlar müharibə
illərində” və
“Azərbaycan” tablolarını
gördüm. Bələdçi
qızdan öyrəndim
ki, Maral xanımın fondda daha beş
əsəri var. Onlardan
ikisinin - “Mənim bacılarım” və “Bizim qızlar”ın adlarını çəkdi,
üçünün adlarını
isə - çox təəssüf hissi ilə - unutduğunu bildirdi. Dərhal da qeyd etdi ki, əgər
vacibdirsə, kataloqa baxıb, deyə bilər. “Vacibdirsə”...
Əlbəttə, milli sənətkarımızın
həmin əsərlərilə
də tanışlıq
pis olmazdı. Amma... ortada bir “qan” məsələsi
də vardı: mən də, Molla Nəsrəddin demişkən, “bizim kəndçi” idim və yüz ildə bir kərə
üç günlüyə
yolum düşmüş
Moskvanın “nə istəsən tapılar” mağazalarına baş çəkməyi daha vacib saydım. Amma sonrakı saatlarda, günlərdə başqa
bir fəndlə bu mental xəyanətimin əvəzini çıxdım.
Belə ki, hər metro işçisi,
milis və digər diqqətcil - ictimai rəy formalaşdıra biləcək
insanlarla rastlaşdıqca,
yorulmadan, təkrar-təkrar
- özü də qəsdən periferik aksentlə soruşurdum: “Bağışlayın, Tretyakov
Qalereyası”na necə
getmək olar?”
Bəs tamaşaçı
qəlbinə?..
Deyirlər, kişi qəlbinə
yol mədəsindən,
qadın qəlbinə
qulağından keçir.
Qadın keçmişinə,
kişi gələcəyinə görə
sevilir. Bəs sənət? Məncə,
sənət özündəki,
mahiyyətindəki qəlbə
görə sevilir.
Elə ki, sənət qəlibə salındı,
onda qəlb olmaz. Amma o əsərdə ki qəlb var, onun qarşısında laqeydlik ola
bilməz. Oxucu, dinləyici, tamaşaçı
qəlbi ilə əsər qəlbi tutuşanda isə “Tutuşdu qəm oduna şad gördüyün könlüm!”
kimi şedevrlər yaranasıdı. Özü də
ilk oxudan, ilk dinləmdən,
ilk baxışdan. Belə hallarda
istisnalar da mümkündür, lakin nə qəm, sənətkarlar, müdriklər
bunun da dərmanını deyiblər.
Birini də Sokrat deyib: “İlk baxışda vurulmamaq və ya ikrah etməmək
üçün nə
etmək olar” sualına “İkinci dəfə daha diqqətlə baxmaq gərək” cavabını
verib.
Amma bizim əksər telekanallarımız əcnəbi
meqapolislərdə daha
çox bazarlara baxırlar və haçansa birinci baxışda vurulduqları
bu qəribə “milli dominantlığımız”a ikinci, üçüncü dəfə
də heyranlıqlarını
bildirirlər. Mikayıl
Abdullayevlərin, Tahir
Salahovların, göstərmə
vasitəsinə malik olmadığımızdan bütün
şücaətilə təqdim
edə bilmədiyim bu yazı qəhrəmanımın
obrazlarına yubileydən-yubileyə
baxıb-baxdırırlar. O qəhrəmanım ki, Koroğlunun qılıncla
səfər edə bilmədiyi məmləkətlərə
fırça ilə yürüyüb və oraların bir neçəsində daimi məskən salıb: Amerika, İngiltərə,
Kuba, İran, Fransa, İtaliya, Yaponiya, Avstraliya, Belçika, Suriya, Livan...
Özü ilə yalnız
“Şöhrət”, “Şərəf
nişanı” ordenləri,
Prezident təqaüdü
şərəfi aparan
bu gözəlliklər
xanımı bizə çox şeylər qoyub getdi.
Bir çox qələmlər-kameralar
belə-belə məsələlərə
uymasa da, Mərdəkan qəbiristanlığında
uyuyan bir məzardan dalğalanan bir ruh, yəqin
ki, bunları duyur...
Tahir Abbaslı
Mədəniyyət.-
2011.- 22 iyul.- S. 11.