Məslək
və əqidə fədaisi: İsmayıl Qaspralı
Böyük maarifçi, yazar,
mütəfəkkir, ictimai xadim İsmayıl Qaspralı
(Qasprinski) türk xalqlarının mədəniyyəti və
maarifçiliyi tarixində böyük xidmətlər
göstərib. Onun redaktorluğu ilə nəşr edilən
“Tərcüman“ qəzeti uzun müddət (1883-1903) Rusiya
türklərinin ən nüfuzlu mətbu orqanı olub. Azərbaycanda
da ziyalılar arasında bu qəzet geniş yayılıb.
İsmayıl Qaspralı 1851-ci ildə
Bağçasaray yaxınlığındakı
Ovçuköydə doğulub. Atası Mustafa Əlioğlu
Krımın Qaspra şəhərindəndir, soyadları da
buradan götürülüb. İsmayıl Ağməscid
gimnaziyasında təhsilini başa vurduqdan sonra Voronej hərbi
məktəbinə daxil olur. Oradan da Moskva hərbi məktəbinə
dəyişilir. Burada gördüyü türk düşmənçiliyi,
türklərə qarşı dini, milli ayrı-seçkilik
onu dəhşətə gətirir. Bu onun milli ruhunu dəyişir,
içindəki türk düşüncəsini və
azadlıq savaşını alovlandırır.
1868-ci ildə 17 yaşında ikən
Bağçasarayda Zəncirli mədrəsədə rus dili
müəllimi kimi işə düzəlir. Rusiya ərazisində
yaşayan türk xalqları ilə maraqlanır və dərsdən
sonra bütün vaxtını kitabxanalarda keçirir. Biliyini
və dünyagörüşünü artırır. Eyni
zamanda Avropa ədəbiyyatını, mədəniyyətini
öyrənir. O, fikirləşir ki, çarlığın
türklərə qarşı bu qədər
alçaldıcı münasibətinin
qarşısını yalnız elm, təhsil, mədəniyyət,
dil, fikir və iş birliyi ilə almaq mümkündür. Bu
birliyi yaratmaq üçün də ilk növbədə, mətbu
orqan - qəzet olmalıdır. Bu məqsədlə 1872-ci ildə
Ünsizadə qardaşlarının mətbəəsində
"Tonquc" və "Şəfəq" adında qəzetlər
nəşr etdirir. Lakin yaşadığı cəmiyyətdə
haqsız ittiham və təqiblərdən bezir. Təhsilini
tamamlamaq və fransız dilini mükəmməl öyrənmək
məqsədilə Parisə gedir. 1874-cü ildə ürəyi
türkçülüklə çırpınan
İsmayıl bəy türk ordusunda xidmət etmək, zabit
olmaq arzusu ilə Parisdən İstanbula gedir. Lakin o, burada xəyallarında
canlandırdığı Türkiyəni görmür. Zabit
olmaq arzusundan da daşınır, yenidən
Bağçasaraya dönür.
Yenə də qəzet nəşr
etdirmək fikrinin üstündə dayanır. 1879-cu ildə Həsən
bəy Zərdabiyə bir məktub yazır. Bildirir ki, “Tərcüman“
adlı qəzet nəşr etmək arzusundadır. Həsən
bəy Zərdabi bu xəbərdən çox sevinir. Ona
yardımçı olacağını bildirir. “Tərcüman“
Rusiyada yaşayan türkləri özünüdərkə, cəhalətdən
oyanışa, milli haqları uğrunda mübarizəyə səsləyir.
İsmayıl bəy mübarizəsinə
"Dildə, işdə və fikirdə birlik"
şüarı ilə başlayır. Bu mübarizədə
ilk tərəfdaşlarını Azərbaycanda tapır. Kədərini,
sevincini onlarla paylaşır. Bakıda nəşr olunan "Əkinçi",
"Ziya", "Həyat", "Füyuzat" və digər
mətbuat orqanlarından güc alır. O, xatirələrində
Azərbaycan türklərinin daim maarifə, elmə, irfana
doğru can atdığını bildirib. Azərbaycandan
çox şey öyrəndiyini etiraf edib. Onun
üçün Mirzə Fətəli Axundovun və Həsən
bəy Zərdabinin rəhbərlik etdiyi Azərbaycan
maarifçilik hərəkatı əsl məktəb rolu oynayıb.
Xatirələrində Həsən bəy Zərdabini daimi
ehtiramla xatırlayıb. “Əkinçi"nin 30 illiyi
münasibətilə "Yaşa Həsən bəy,
yaşa!" adlı məqalə yazır. Bildirir ki, birinci
maarif buğdasını Həsən bəy səpdi. Bundan da
Tiflisdə "Ziyayi-Qafqaziyyə", "Kəşkül",
Bağçasarayda isə "Tərcüman" zühur
etdi.
"Tərcüman" qəzetinin
səhifələrində Azərbaycan həyatının
hadisələri geniş şəkildə oxuculara təqdim
olunub. Yusif Vəzir Çəmənzəminli xatirələrində
yazır: “Rus-yapon müharibəsi başlanana qədər Azərbaycan
ziyalıları "Tərcüman" qəzetini sevə-sevə
oxuyur və abunə yazılırdı. 1908-ci ildə Hacı
Zeynalabdin Tağıyev İsmayıl bəyə göndərdiyi
məktubda yazıb: "Sizin xidmətlərinizi saymaqla
qurtarmaz, Sizin xidmətləriniz sayılsa, gərək Rusiya
müsəlmanlarının dörddə bir əsrlik mədəniyyət
tarixi yazılsın".
İsmayıl bəy "Tərcüman"la
kifayətlənmir. Otuzdan çox elmi əsər, dərslik və
müxtəlif sahələri əhatə edən kitabları
işıq üzü görür.
Türk xalqının görkəmli
maarifçi-ziyalısı 1914-cü ildə İstanbulda vəfat
edib, dərin hörmət və ehtiramla dəfn olunur.
Savalan Fərəcov
Mədəniyyət.-
2011.- 22 iyul.- S. 11.