Onun işıqlı xatirəsi yaddaşlarda yaşayır

 

   Yusif Muxtarov - 70  

 

   Yusif Mehdi oğlu Muxtarov 1941-ci il iyulun 22-də Arazla Kürün qovuşduğu Kür kəndində (Sabirabad rayonu) dünyaya göz açıb. İki kilometrlik məsafəni yan-yana, pıçıldaşa-pıçıldaşa axıb gedən Arazla Kür məhz bu yerdə, vaxtilə min illik ağacları ilə tanınan Tuqay meşələrinin yanında, qol-boyun olub, daha güclü bir axarla yol gedirlər ki, insanlara daha yaxşı xeyir verə bilsinlər.

  

   Yusifin anası Əzizə xanım Allaha inanan, namaz qılıb oruc tutan, xeyirxah bir qadın olub. Fasilələrlə otuz il kolxoz sədri işləyən atası Mehdi kişi vəzifəcə özündən böyük nazirə cavab qaytardığı üçün 1949-cu ildə həbs olunub. 1954-cü ildə sürgündən qayıdandan sonra yenə kolxoz sədri təyin olunub.

   Çalışqan, zəhmətsevər bir gənc olan Yusif orta məktəbi bitirdikdən sonra Bakıya gələrək Xalq Təsərrüfatı İnstitutuna daxil olub, orada iqtisadiyyatsosial planlaşma fakültəsini bitirib. Lakin incəsənətə olan böyük həvəsi onu indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gətirib. Burada dramkino aktyorluğu fakültəsində görkəmli sənətkar, ustad rejissor Adil İsgəndərovdan dərs alıb. Eyni zamanda, iqtisadçı ixtisasını da təkmilləşdirmək qeydinə qalıb. Qiyabi olaraq Moskvada Plexanov adına Xalq Təsərrüfatı Akademiyasının iqtisadiyyat şöbəsini bitirib. Bununla belə sənət yanğısı onu rahat buraxmayıb. Adil İsgəndərovun kursunda səmərəli yaradıcılıq məktəbi keçən Yusif burada öz məhəbbətini də tapıb. Amaliya Pənahova ilə ailə həyatı qurub. Tutduğu işə məsuliyyətlə yanaşan Yusif Muxtarov 30 il radioda aparıcı diktor kimi fəaliyyət göstərib. Bu illər ərzində onun səsilə lentə alınmış 300-dən artıq ədəbi-bədii veriliş radionun “qızıl fonduna daxil olub. Klassik poeziyamızın təbliğatçılarından olan Yusif Muxtarovun səsində lentə alınmış Nizaminin, Füzulinin, Nəsiminin şeirləri, radionun aparıcı diktorları ilə birgə yazılmış digər verilişlər uzun müddət diləyicilərin xatirindən silinməyib.

   Yusif Muxtarov bir sənətkar kimi bu əqidədə olub ki, radionun öz dili, öz ahəngi var. Hər şeydən əvvəl, radioda orfoqrafiya qanunlarına ciddi riayət olunmalıdır. Səsin çalarları, ahəngi, tembri müəyyən qaydada olmalıdır. Məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları təqdimatda əsas götürülməlidir. O hər zaman böyük öndər Heydər Əliyevin çıxışlarını, nitqini natiqlik örnəyi sayırdı. Danışırdı ki, Azərbaycan KP MK-nın birinci katibi işlədiyi zaman Heydər Əliyev bir dəfə radioya gəlmişdi. Onun məzmunlu, səlis çıxışı hamımızı heyrətə salmışdı.

   Yusif Muxtarov onu da etiraf edirdi ki, onun daxilində bir başqa Yusif var. Bu Yusif Qızlarbəyim nənənin bədahətən söylədiyi bir çox ağıları, bayatıları yaddaşına həkk edib ürəyində gəzdirir. Yusifi 1964-cü ildə işə götürərkən Dövlət radio verilişləri idarəsinin sədri, şair-publisist Ənvər Əlibəyli demişdi: “Yaxşı diktor olmaq üçün bir çox şərtlər var: səlis və aydın danışıq, ifadəli dil, təmiz diksiya, gözəl tələffüz, mətnin məzmununu təqdim etmək bacarığı, üstəgəl daxili mədəniyyət, peşəyə məhəbbət, səmimiyyət. Bu komponentlər səndə var. Mən inanıram ki, radiomuz sənin simanda gözəl bir mütəxəssisi işə götürüb”.

   Yusif Muxtarov hələ tələbə vaxtı səhnədə M.Y.Lermontovun «İki qardaş» tamaşasında Aleksandr, N.Hikmətin «Qəribə adam» tamaşasında Əbdülrəhman, «Bayramın ilk günü» tamaşasında Şədi rollarında çıxış etmişdi. Hər üç tamaşaya kursun rəhbəri Adil İsgəndərov quruluş vermişdi. Yusif Muxtarov M.Bayciyevin «Duel», Ç.Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim” (“Sərvi boylum, al yaylıqlım”) televiziya tamaşalarında görkəmli sənətkarlar Amaliya Pənahova və Səməndər Rzayev ilə layiqli tərəf-müqabil olub, gözəl surətlər yaradıb.

   Yusif Muxtarov «Azərbaycanfilm» kinostudiyasının istehsal etdiyi bir neçə bədii filmdə də maraqlı obrazlar yaradıb. Onun Paxan («Gecə qatarında qətl»), Murad («Baladadaşın ilk məhəbbəti») obrazları indi də təbəssümlə xatırlanır.

   Yaraşıqlı, boy-buxunlu, gözəl nitq mədəniyyətinə, böyük istedada malik olan, bütün səhnə tələblərinə cavab verən və teatrda gözəl bir aktyor ola biləcək halda Yusif Muxtarov bütün bunları özü üçün hobbi bilib, radio diktorluğunu üstün tutdu. Saysız-hesabsız filmlərin Azərbaycan dilində səslənməsində misilsiz xidmət göstərib. Yusif incəsənət sahəsindəki xidmətlərinə görə dəfələrlə fəxri fərmanla, diplomlarla təltif olunub, 1990-cı ildə ona respublikanın Əməkdar artisti, 2002-ci ildə isə Xalq artisti fəxri adları verilib.

   Neçə onilliklər Amaliya xanımla həm ailədə, həm də ictimai həyatda birgə addımlayan, özünü ləyaqətli və layiqli ata, mehriban baba, gözəl sənətçi, vətəndaş kimi tanıdan, işdə də, ailədə də həyat yoldaşı ilə əlbir, dilbir olub, sənətin inkişafına çalışan Yusif Muxtarov, Amaliya xanım yeni teatr açmaq fikri ilə yaşayanda, bu yolda fədakarlıqla çalışanda, sözün əsl mənasında ona həyan olub, dost, həmkar kimi cəfakeşlik nümunəsi göstərdi.

   Amaliya xanımın özünün dediyi kimi, bu teatrı bacarıqlı təşkilatçı, gözəl sənətçi, Xalq artisti Yusif Muxtarovla bərabər yaratdı: “Bütün çətinliklərə qatlaşaraq, yüksək ad-sana, şöhrətə baxmayaraq, otuz ildən sonra hər şeyə yenidən, demək olar ki, sıfırdan başlamalı olduq. Bu günə kimi sənətdə özümüzü təsdiqləyə-təsdiqləyə gəlirdik, indi isə Bələdiyyə Teatrını təsdiqləməli idik”.

   2005-ci ildə Bakı Bələdiyyə Teatrının cəbhə xəttində hərbçilərimiz qarşısında nümunəvi çıxışlarının təşkilinə görə Yusif Muxtarov Azərbaycan Teatr Xadimləri İttifaqının «Qızıl dərviş» mükafatına layiq görüldü. Bundan öncə isə 2003-cü ildə İranda keçirilən «Komedi» beynəlxalq festivalının qızıl medalına layiq görülmüşdü.

   Yusif həmçinin Mədəniyyət və İncəsənət Universitetində dosent idi, tələbələrə səhnə danışığı fənnindən dərs verirdi. UNESCO tərəfindən Yusifin səsi ilə yazılan iki qızıl val, gələcək nəsillərə Azərbaycan dilinin öyrənməsi üçün qorunub saxlanılır.

   İyulun 22-də Yusif Mehdi oğlu Muxtarovun anadan olmasının 70 ili tamam olur. Dostlar, tanışlar, ən əsası isə ailə üzvləri bu yubileyi Yusifsiz qeyd edəcəklər... Ömür vəfa etmədi Yusifə bu şənliyi... Onun əziz xatirəsi övladları Aynur və İlqarın, nəvələri Nərgiz, Fikrət və kiçik Aydının qəlbində daim yaşayır.

   Yusifionun ailəsini yaxından tanıdığım üçün deyə bilərəm ki, cəmiyyətimizdə belə nümunəvi ailələrin sayı nə qədər çox olsa, bir o qədər millətimiz irəli gedər. Görkəmli diktor, istedadlı təşkilatçı, təvazökar insan Yusif Muxtarov çalışdığı kollektivin də hüsn-rəğbətini və hörmətini qazanmışdı. Bu gün Bakı Bələdiyyə Teatrının kollektivi inanır ki, Yusifin işıqlı xatirəsi yaradıcılıqlarına daim uğur gətirəcək.

  

 

   İnqilab Kərimov,

   Azərbaycan MEA-nın müxbir

   üzvü, sənətşünaslıq doktoru, professor

 

   Mədəniyyət.- 2011.- 22 iyul.- S. 12.