Unuda bilmədiyim görüş

 

   Ötən əsrin 30-cu illərindən bəstəkarlıq və dirijorluq fəaliyyətinə başlayan Niyazi Tağızadə-Hacıbəyov (1912-1984) Azərbaycan ifaçılıq sənətinin inkişafında və təbliğində böyük rol oynamışdır.

  

   Musiqi xidmətlərimiz arasında elə bir sənətkar tapmaq çətindir ki, Niyazi qədər müxtəlif mükafatlar, ad-san, şöhrət və xidmət sahibi olsun. SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, iki dəfə SSRİ dövlət mükafatı laureatı, respublika dövlət mükafatı laureatı, Beynəlxalq Cəvahirləl Nehru mükafatı laureatı Niyazi keçmiş SSRİ-nin ən yüksək təltifi sayılan “Lenin” ordeninə iki dəfə layiq görülmüş, “Qırmızı əmək bayrağı”, “Şərəf nişanı” ordenləri, Bolqarıstanın «Kirill və Mefodi» ordeni ilə təltif olunmuşdu. Biz bütün təltifləri, mükafatları, orden və medalları, fəxri fərmanları, diplomları sıralasaq, çox uzun bir siyahı alınar.

   Orijinal ifaçılıq üslubuna malik Niyazi Azərbaycan Dövlət Simfonik Orkestrinin təşkilində fəal iştirak edib. Uzun illər - fasilələrlə bu musiqi kollektivinin bədii rəhbəri və dirijoru olub. Respublikamızda dirijorluq məktəbinin formalaşması və inkişafı məhz maestronun adı ilə bağlıdır. Onun traktovkasında milli bəstəkarların bir çox əsərləri, o cümlədən dahi Üzeyir Hacıbəylinin «Koroğlu» operası sovet musiqisinin qızıl fonduna daxil olub.

   Unudulmaz bəstəkarımız Üzeyir Hacıbəylinin sağlığında Niyazi onun arzularını həyata keçirən, milli musiqimizin inkişafında zəhmət çəkən layiqli bir davamçı kimi fəaliyyət göstərirdi. O, 1935-ci ildə «Rast» və «Şur» muğamlarımızı nota saldırdı. Niyazi «XosrovŞirin» operasını yaradanda cəmi 30 yaşı vardı. O, «Zaqatala» süitası, «Qaytağı», «Konsert valsı», «Ləzgihəngi» kimi əsərləri lap gənc yaşlarında milli musiqimizə töhfə etmişdi.

   Azərbaycanda ilk simfonik əsərlərin müəlliflərindən sayılan unudulmaz Niyazinin musiqimizdə bu janrın inkişaf etməsində misilsiz xidmətləri olmuşdu. Onun məşhur «Rast» simfonik muğamı zəngin melodiyası, güclü emosional təsiri, şirin ahəngi və qeyri-adi səslənişi ilə seçilirdi. Təsadüfi deyil ki, bu əsər dünyanın demək olar ki, bir çox ölkəsində səslənmişdi. Hələ sovet dövründə Azərbaycan bəstəkarı, məşhur dirijor olan Niyazinin «Rast» simfonik muğamı ABŞ-ın «Rikordi» musiqi şirkəti tərəfindən qrammofon valına yazılmışdı.

   Böyük dirijorumuzun həyat fəaliyyəti ilə bağlı müəyyən axtarışlar apardıqda üzləşdiyim bəzi faktlar məni həm sevindirdi, həm də heyrətləndirdi. Niyazi keçmiş sovet məkanında dünyanın tanıdığı, sevdiyi, qiymətləndirdiyi, habelə müxtəlif ali mükafatlara layiq görüldüyü çox qüdrətli və qeyri-adi istedada malik musiqi xadimimizdir.

   Niyazinin əsas ifaçılıq fəaliyyəti Azərbaycan Dövlət OperaBalet Teatrı ilə sıx bağlı olmuşdu. Onun bioqrafiyasından məlum olur ki, dahi bəstəkar bu teatrda müxtəlif vəzifələrdə - dirijor, direktor, bədii rəhbər və baş dirijor kimi çalışıb. Maestronun böyük şövq və məhəbbətlə bu möhtəşəm teatrımızda tamaşaya hazırladığı «Nərgiz» (M.Maqomayev), «Vətən» (Q.Qarayev və C.Hacıyev), «Sevil» (F.Əmirov), «Qaratoxmaq qadın» (P.Çaykovski), «Knyaz İqor» (A.Borodin), «Karmen» (J.Bize) operaları, «Gülşən» (S.Hacıbəyov), «Yeddi gözəl», «İldırımlı yollarla» (Q.Qarayev) baletləri incəsənət tariximizin yaddaqalan səhifələridir. Azərbaycanın başqa bir azman bəstəkarı Arif Məlikovun «Məhəbbət əfsanəsi» baleti 40 ildən çoxdur ki, dünyanın musiqi salonlarında göstərilir. Bu əsər insanları heyrətə gətirməklə bərabər, Azərbaycan musiqisinin qüdrətindən xəbər verir. Həmin baleti ilk dəfə 1961-ci ildə Leninqrad OperaBalet Teatrında tamaşaya məhz Niyazi hazırlamışdı.

   Niyazini yaxından tanıyanlar təsdiqləyirlər ki, onda çox böyük istedad və qəribə məharət var idi. Keçmiş SSRİ-nin məşhur bəstəkarları çalışırdılar ki, onların əsərlərinə məhz Niyazi quruluş versin. O, Avropanın möhtəşəm teatrlarında özünü dəfələrlə təsdiqləmişdi. Parisin, Londonun teatr səhnələrində göstərilən müxtəlif opera və baletlərə dirijorluq etmişdi.

   Sovet dövründə bizim Türkiyə ilə əlaqələrimizin demək olar ki, olmadığı bir vaxtda Niyazi Ankaradan, İstanbuldan dəvətlər alırdı. Onu müxtəlif operalarda dirijorluğa dəvət edirdilər. Böyük sənətin, qeyri-adi istedadın, bənzərsiz musiqi qabiliyyətinin qarşısında hədlər və sədlər çox zəif görünürdü. Niyazi İstanbulda türk bəstəkarı Ə.Sayçunun «Koroğlu» operasının ilk tamaşasına və «Yunus İmrə» oratoriyasına dirijorluq etmişdi.

   Bu faktı dəfələrlə təkrar etməkdən bir qürur duyuruq ki, Niyazi bütün qitələrdə sevilirdi. Bütün varlığı ilə millətinə bağlı olan, onun mədəniyyət tarixinin zənginləşməsində öz yaradıcılıq töhfələrini əsirgəməyən Niyazi həm də böyük mənada beynəlmiləlçi idi. Onu bəşəri ideyalar, duyğular, bütövlükdə insan düşündürürdü. Bu mənada o, 1961-ci ildə məşhur hind şairi və yazıçısı Rabindranat Taqorun «Çitranqoda» fəlsəfi dramının motivləri əsasında «Çitra» baletini yazdı. Bu balet Hindistanda da böyük maraqla qarşılandı.

   Musiqimizin hansı tərəfindən Niyaziyə müraciət etsək, onu zirvədə görürük. İstedad öz yerində, vaxt baxımından da heyrətlənirsən ki, o, bütün bunları necə çatdırırmış? Qətiyyətlə deyə bilərik ki, Niyazinin Azərbaycan kinosunun inkişafında da xüsusi yeri var. «Almaz», «Kəndlilər», «Fətəli xan», «Mahnı belə yaranır» filmlərinin musiqisinin müəllifi Niyazidir. O həm də ən gözəl mahnı bəstəkarı idi. O, təkcə fortepianoorkestr üçün əsərlər yazmırdı. «Vətən haqqında mahnı», «Təbrizim», «Arzu», «Dağlar qızı»… adlı nəğmələri Niyazinin bizə bəxş etdiyi ən gözəl şərqilərdən sayılır. «Kəklik», «Qaragilə», «Xumar oldum», «Ay bəri bax», «Küçələrə su səpmişəm» və s. Azərbaycan xalq mahnılarını simfonik orkestr üçün işləmişdi.

   Niyazi bir tərəfdən orijinal əsərlər üzərində düşünür, yaradır o biri tərəfdən mahnı bəstələyir, tamaşalar, kinofilmlər üçün musiqi yazır, axşam konsert salonlarında möhtəşəm opera və baletlərə, oratoriyalara dirijorluq edir, musiqimizin problemləri ilə məşğul olurdu. Hamısını da çox ustalıqla, böyük məharətlə, məsuliyyətlə yerinə yetirirdi. Niyazi bütövlükdə heyətin, təəccübün, məhəbbət və ehtiramın mücəssəməsi idi. O, dirijor pultu arxasında görünəndə bütün salonun diqqətini özünə çəkirdi. Niyazi bütün varlığı ilə orkestrin mayası, canı, qanı, ürəyi idi. O, 1979-cu ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Filarmoniyasının direktoru vəzifəsində çalışmışdı.

   1970-ci illərin sonu, 80-ci illərin əvvəllərində üç ildən bir respublikamızda məktəblilərin mahnı və rəqs bayramı keçirilərdi. O musiqili bayramın təntənəli günlərini indiki kimi xatırlayıram. Respublika stadionunda maestro Niyazi dirijor pultunda görünən kimi ətrafı gurultulu alqış sədaları bürüyürdü. Uşaqlar Niyazinin dirijorluğu ilə qabiliyyətlərini məharətlə nümayiş etdirərdilər.

   O xoşbəxt günlərin birində dünya şöhrətli dirijorumuzla görüşüb söhbət etmək mənim də qismətimə düşdü. Vədələşdiyimiz kimi, Dövlət Filarmoniyamızda görüşməli idik. Vaxtından qabaq gəldiyimdən salona daxil oldum. Maestro məşq edirdi. Onu görənlər gözəl bilirlər ki, əllərində dirijor çubuğu ilə orkestrin ürəyinə çevrilmiş Niyazi tamaşaçı üçün başdan-ayağa sirr və möcüzə idi. Özümü çox xoşbəxt sanırdım ki, salonda bir mən idim, biro möcüzənin doğurduğu qeyri-adi musiqi. İnsanın bütün varlığı təlatümə gəlirdi. Çalğıdan çox Niyazinin sifətindəki cizgilər, əllərinin çevik hərəkətləri, müxtəlif səmtlərə fırlatdığı dirijor çubuğu qəribə təsir bağışlayırdı. Nə yaxşı ki, mən bunları yaxından görmüşəm.

   Maestro ilə söhbətimiz çox şirin keçdi. Həmin müsahibədən bəzi məqamları bu yazımda da xatırlatmağa lüzum duydum. Çünki Niyazi elə məsələlərə, elə mövzulara toxunurdu ki, bu günaktualvacibdir. O deyirdi ki, qılınc kəsməyəni sözlə kəsiblər. Güc açmayan qapını sözlə açıblar. Yəqin ki, Qobustan qayalıqlarındakı rəsmlərə fikir vermisiniz. Orada bizim milli rəqsimiz olan «Yallı»nın ilk formaları öz əksini tapmışdır. Yeridir, elə burada bir məsələni xatırladım. Bir də görürsən, məktəb rəqs qruplarının konsertlərində elan edilir: «Yallı» oynayırlar. Düz deyil. «Yallı»nı gedərlər, oynamazlar. «Yallı» qoçaqlıq, igidlik, cəsurluq rəmzi kimi qüvvət, güc dəstəsi kimi yaradılıb. «Yallı»nı gedən rəqs qrupları içərisində məni ən çox sevindirən Naxçıvan və Qarabağ məktəbliləridir.

   Mən o vaxtlar pedaqoji mətbuatda çalışdığımdan böyük Niyazi bir arzusunu da bildirdi ki, kaş bütün məktəblərimizdə xor kollektivləri təşkil olunaydı. Xorla oxunan nəğmələr hər şeydən əvvəl həyata, dövrə münasibəti əks etdirir. Həm də çoxsəsli kollektivin artırılması mədəniyyətin inkişafı üçün vacibdir. Maestro arzulayırdı ki, məktəblərə görüşə gedən bəstəkarlar, müxtəlif sənət adamları həmin təhsil ocağını hamiliyə götürsün. Onlara incəsənət, ədəbiyyat sahəsində lazımi kömək etsin.

   Niyazi qətiyyətlə deyirdi: «Bəstəkar məktəblə ilboyu öz əlaqəsini davam etdirməlidir. Mənim arzum odur ki, bütün müəllimlərimiz Üzeyir bəyə oxşasınlar. Çünki bizim dahi Üzeyirimiz, Müslüm Maqomayevimiz, ilk dirijorumuz olan Əbdürrəhim bəy Haqverdiyevimiz Qori seminariyasını bitirmişdilər. Onlar əslində müəllim idilər. Amma fikir verirsinizmi, daxili istək, həvəs, əsl vətənpərvərlik onları hansı zirvəyə yüksəltdi. Müəllim hər şeyə qadir güclü bir insan deməkdir. Təkcə hərfləri öyrətmək azdır. Biz gərək 32 hərfin daxilindəki musiqini, nəğməni uşaqlara çatdırmağı bacaraq».

   Təəssüf ki, bir ildən sonra böyük bəstəkarımız və dirijorumuz öz dünyasını dəyişdi. İndi bizə ondan xoş xatirələr, əzəmətli musiqi və həmişəyaşar əsərlər qalıb.

   Yenə də o unudulmaz insan böyük bir orkestri öz sehrli çubuğu ilə idarə edir. Salonun bütün diqqəti ancaq Niyazidədir. Sifətinin cizgilərində «Koroğlu» uvertürasının bənzərsiz melodiyaları oxunur. Əllərinin hərəkətində igidlərin Vətən, torpaq uğrunda yürüşü duyulur. Gözlərinin dərinliyində bir ölməzlik işarəsi parıldayır. Allah, Allah, musiqi sona yetdi. Baxdığımız lent yazısı imiş.

   Allah sənə rəhmət eləsin, böyük ustad! Sən həmişə bizimləsən! Biz də gəldi-gedərik. Sən gələcəyə gedirsən!

  

 

   Flora Xəlilzadə,

   yazıçı-publisist

 

   Mədəniyyət.- 2011.- 22 iyul.- S. 13.