Macəra
romanlarının “atası”: Aleksandr Düma
Dünya ədəbiyyatında
görkəmli yer tutan məşhur fransız
yazıçısı, tarixi və macəra
romanlarının ustası Aleksandr (ata) Düma 1802-ci ilin
iyulun 24-də Fransanın Viller-Kotre şəhərciyində
doğulub.
Atası ordu generalı, anası
mehmanxana sahibinin qızı olub. Dörd yaşında ikən
atasını itirən Düma anasının çəkdiyi
min bir əzab-əziyyət sayəsində böyüyür.
Anası ona yaxşı təhsil verə bilməsə də,
gənc Düma əlinə düşən kitabları sonsuz
həvəslə oxuyardı. Atasının Napoleonun
şanlı müharibələrində nümayiş etdirdiyi
qəhrəmanlıqlar haqqında eşitdikləri isə onda
macəra və qəhrəmanlıq motivlərinə sonsuz
maraq oyatmışdı.
O, əmək fəaliyyətinə
notariat kontorunda xidmətlə başlamış, lakin bu
iş onu qane etmədiyindən meylini teatra salmışdı.
Ədəbiyyata da dramaturq kimi gəldi. 1829-cu ildə gənc
Dümanın ilk sanballı əsəri olan “III Henri və
onun sarayı” adlı tarixi dramı səhnələşdirilir.
Bu, köhnə klassisizm ədəbi qanunlarından kənara
çıxan romantik dram əsəri idi. Əsərdə
antik süjetlər yerinə XVI əsr Fransa həyatının
hadisələri və tarixi şəxsiyyətlər səhnəyə
çıxmışdı. “III Henri və onun sarayı” əsəri
Dümaya şöhrət gətirir. 1831-ci ildə nəşr
olunan “Antoni” dramında Paris cəmiyyətinin yüksək təbəqəsi
tənqid atəşinə tutulur. Yazıçının
30-cu illərdə yazdığı “Kin” (1836) və digər
romantik dramları melodram janrındadır, əsərlər
çox vaxt xoşbəxt sonluqla bitir.
Dram əsərlərindən sonra
Düma məşhur macəra romanları ilə böyük
şöhrət qazanır. "Qraf Monte Kristo",
"Üç muşketyor", "Dəmir maskalı
adam", "Qara zanbaq" kimi əsərləri
böyük oxucu kütləsi toplayır.
Düma çoxlu səfərlər
edib, o cümlədən Qafqaza, Azərbaycana da gəlib.
Yazıçı Quba, Bakı, Şamaxıda olmuş, o
cümlədən Şuşada Xurşidbanu Natəvanla
görüşmüşdür. Natəvanın dərin
biliyi, şairlik və rəssamlıq qabiliyyəti onu heyran
edir. O, Natəvana nəfis fiqurlu şahmat dəsti
bağışlayır. Şairə də öz əl
işlərindən bir neçəsini fransız
yazıçısına hədiyyə edir. Səfərdən
qayıtdıqdan sonra yazıçı qələmə
aldığı "Qafqaza səfər" əsərində
Natəvanla görüşü xoş xatirələrlə təsvir
edir, onu ziyalı, maarifpərvər şəxsiyyət kimi təqdim
edir. Qafqaza səfər ona o qədər güclü təsir
göstərmişdi ki, Düma hətta Fransada "Qafqaz"
adlı qəzet də nəşr etməyə
başlayır.
Böyük yazıçı
1870-ci il dekabrın 5-də vəfat edib, doğma şəhəri
Viller-Kotredə dəfn olunub.
Çingiz
Mədəniyyət.-
2011.- 22 iyul.- S. 14.