Sənətin
yol yoldaşı
Müasir Azərbaycan mətbuatının,
musiqisinin tarixini, salnaməsini öyrənənlər ötən
əsrin 60-cı illərindən günümüzədək
olan dövrü araşdırarkən olduqca etibarlı bir mənbəyə
də arxalana bilərlər. Bu mənbə həmin dövrdə
jurnalist həmkarları arasında ardıcıl fəaliyyəti
və müstəsna xidmətləri ilə seçilən, mətbuatda
musiqi mədəniyyətimizin salnaməsini yaradan Əməkdar
jurnalist Telman Qarayevdir.
Telman Qarayevin istər mətbuatda, istərsə də Azərbaycan radio və televiziyasında çalışdığı uzun illik fəaliyyəti ilə tanış olan hər kəs onu tədqiqatçı jurnalist adlandırar. Çünki həmin dövrdə Azərbaycanın musiqi mədəniyyəti tarixində baş verən hər bir hadisə, ölkəmizdə keçirilən hər hansı bir mədəniyyət tədbiri, beynəlxalq festivallar məhz onun qələminin məhsulu kimi ətraflı şəkildə yazılı mətbuatda dərc olunmuş, silsilə verilişlərə çevrilmişdi. Telman Qarayevin bu sahədəki yaradıcılığını qruplaşdırsaq, üç mərhələ üzərində dayanmalı olarıq. Mətbuat, televiziya və radio. Onun ilk yaradıcılıq yolu «Ədəbiyyat və incəsənət» qəzetindən keçib. Yeddi il bu qəzetdə musiqi redaksiyasına rəhbərlik edib. Onunla tanışlığımızın və dostluğumuzun bünövrəsi də buradan başlayıb. Coşqun enerji ilə işə başlayan gənc jurnalist dostum ölkəmizdə musiqi aləminin ruhunu dərhal tuta bildi, qısa müddətdə yaradıcı təşkilatlarla əlaqə qurdu və bu əməkdaşlıq qəzetin səhifələrində tezliklə öz səmərəsini verdi.
Xüsusilə böyük sənət ocağının - Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının və Bəstəkarlar İttifaqının qaynar həyatını çalışdığı qəzetin əsas mövzularına çevirmişdi. Yadımdadır, konservatoriyamızın 50 illiyi və bu münasibətlə ölkədə keçirilən tədbirlər Telman müəllimin əməyi sayəsində qəzetin səhifələrində geniş işıqlandırıldı. Konservatoriyanın rektoru, görkəmli bəstəkar Soltan Hacıbəyovla müsahibə, kafedra müdirləri Süleyman Ələsgərovun, Zakir Bağırovun, Kamal Kərimovun, Əşrəf Abbasovun hesabatları, ifaçı tələbələrin konsert fəaliyyəti və pedaqoji kollektivin birgə məhsulu olan irihəcmli yubiley kitabının maraqlı səhifələri də qəzet vasitəsilə ictimaiyyətə çatdırıldı.
Bəstəkarlarımızın elə bir əsəri olmazdı ki, haqqında qəzetin növbəti nömrəsində söz deyilməsin. Yaxud da böyük səhnəyə qədəm qoyan müğənnilərin yaradıcılığına münasibət bildirilməsin. Bu da təkcə tərifli sözlərdən ibarət olmurdu, tənqidi fikirlərə, maraqlı təkliflərə də yer verilirdi. Dediyimizə bariz nümunə kimi qəzet redaksiyasında musiqi janrları ilə bağlı keçirilən müzakirələri, dəyirmi masaları, müsahibələri misal göstərə bilərəm. İndiki kimi yadımdadır, “Vokal sənətimizin dünəni, bu günü, sabahı” adlı “dəyirmi masa”nın ətrafında kimlər əyləşmişdi? Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli, Tofiq Quliyev, Cahangir Cahangirov, Nazim Əliverdibəyov, Ağababa Bünyadzadə, Lütfiyar İmanov, Firəngiz Əhmədova və digər musiqi ocaqlarının nümayəndələri... Eləcə də «Rəqslərimiz haqqında», «Folklor sənətimizin təbliği», «Azərbaycan mahnı janrının inkişafı» və digər problemlərin qaldırılmasında o dövrün adlı-sanlı ziyalıları, görkəmli musiqiçiləri arzu və təkliflərini oxucularla bölüşürdülər. Şövkət Ələkbərova, Xan Şuşinski, Əminə Dilbazi, Sara Qədimova, Ağabacı Rzayeva, Əbülfət Əliyev, Adil Gəray, Səid Rüstəmov kimi sənətkarlar bu cür sənət söhbətlərində yer alardı.
Keçirilən müzakirələrlə bağlı yekun məqalədən sonra yeni bir layihə ortaya çıxardı, mütəxəssislər və tanınmış ziyalılar da bu dəfə onun müzakirəsinə toplaşardı. Belə intellektual səviyyəli söhbətlər, müzakirələr, qəzet məqalələri cəmiyyətdə çox böyük əks-səda doğurardı.
Bu mövzuda çoxsaylı yazıları, gərgin fəaliyyəti ilə yanaşı, Telman müəllim jurnalist kimi daha bir məsuliyyətli işin öhdəsindən də layiqincə gəlirdi. Keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərində keçirilən mötəbər dövlət səviyyəli mədəniyyət və musiqi tədbirlərini Azərbaycan mətbuatında işıqlandırmaq üçün mütləq həmin şəhərlərə ezam olunurdı. Bu mənada Mədəniyyət Nazirliyi də, redaksiya rəhbərliyi onun fəaliyyətinə daim arxalanırdı. Necə ki, böyük bəstəkar Tofiq Quliyev vaxtilə televiziya çıxışlarının birində demişdi: «Telman Qarayev Azərbaycan bəstəkarlarının tədbirlərində onların özlərindən çox iştirak edib».
1974-cü ilin aprel ayında SSRİ bəstəkarlarının Moskvada keçirilən V qurultayından, 1975-ci ilin mart ayında Kiyevdə keçirilən mahnı plenumundan, 1975-ci ilin mayında Tiflisdə keçirilən Zaqafqaziya xalqlarının musiqi baharından, sonralar Səmərqənddə, Daşkənddə, Düşənbədə keçirilən musiqi simpoziumlarından, Qarabağda keçirilən «Xarı bülbül» beynəlxalq musiqi festivalından toplayıb gətirdiyi sərvətlər sonralar musiqi mədəniyyətimizin tərkib hissəsinə çevrildi.
Telman müəllim «Ədəbiyyat və incəsənət» qəzetindən əldə etdiyi təcrübənin davamı kimi yarımçıq qalan layihələrini Azərbaycan Dövlət Televiziyasının musiqi redaksiyasının baş redaktoru işlədiyi müddətdə, sonradan uzun müddət bağlandığı Azərbaycan radiosunda böyük həvəslə inkişaf etdirdi. Dünya şöhrətli sənətkarlar Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin 50 illik yubileylərindən başlamış son ana qədər onların yaradıcılığını izləmiş, qəzetdə, televiziya və radioda tədqiqat xarakterli çıxışları ilə musiqi ictimaiyyətinin rəğbətini qazanmışdı.
Bunlardan başqa dostumun yaradandan çox məlahətli, ürəklərə məlhəm kimi axan fərqli səsi də var axı. Heç unudulan deyil, 1988-ci ilin fevral ayı idi. Moskvada, İttifaqlar Evinin Sütunlu salonunda zəmanəmizin böyük bəstəkarı Qara Qarayevin yubiley tədbiri keçirilirdi. Telman Qarayev Azərbaycan radiosunun canlı efirində həmin mötəbər tədbiri anbaan Azərbaycan dinləyicisinə çatdırdı.
O, televiziyanın musiqi redaksiyasına baş redaktor təyin ediləndə Üzeyir Hacıbəyovun anadan olmasının 90 illiyi respublikamızda geniş qeyd edilirdi. Çox maraqlı idi ki, jurnalist ayrı-ayrı musiqi tədbirlərində iştirak edərkən sənət bilicilərinə belə bir anketlə müraciət etmişdi: “Siz dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov haqqında nə bilirsiniz?”. Aldığı cavabların bir hissəsi «Ədəbiyyat və incəsənət» qəzetinin səhifələrində dərc olundu, bir hissəsi bəstəkarın ev-muzeyinə təqdim olundu. Bir qismi də bizim o vaxt televiziyada birgə hazırladığımız yubiley verilişlərində səsləndirildi.
Telman Qarayevin televiziya fəaliyyəti də olduqca rəngarəng, zəngindir. Tezliklə maraqlı layihələr ortaya qoyuldu. Mavi ekranda «Romans axşamı», «Xalq inciləri», «Sözlü-nəğməli qonaqlar» verilişləri müəllifə uğur gətirdi. Onun hər sahədən hazırladığı veriliş ekrana vəsiqə aldığı gündən tamaşaçılar tərəfindən diqqətlə qarşılanırdı.
Radiodakı fəaliyyəti isə uzun bir dövrü əhatə edir. Müxtəlif redaksiyalarda çalışmasından asılı olmayaraq mövzularının ana xətti musiqidən keçib. “Arzu” musiqi poçtu, «Ürək telləri», «Ömrümüzdən keçən səslər», «Musiqimiz, yadlar, doğmalar», «Dünəndən bu günə», «Özümüz-sözümüz», «Dünya bir pəncərədir», «Borc», «Bəstəkarların iş otağında» və digər yaddaqalan verilişlər radionun fonotekasını zənginləşdirib.
Fonoteka demişkən, Telman Qarayev bu vaxta qədər aldığı müsahibələrin sayəsində beş mindən çox səs sərvəti toplayıb. Təbii ki, bunların əksəriyyəti musiqi sənəti ilə bağlıdır. Xüsusilə Azərbaycanın korifey sənətkarlarının səsini yığıb toplamaqla böyük bir xəzinə yaradıb. Eyni zamanda dünyanın ən məşhur sənətkarlarının, görkəmli bəstəkarlarının Azərbaycan haqqında fikirləri və ürək sözləri də bu sərvətlər sırasında qorunub saxlanır.
Jurnalist əməyinin dəyərini Xalq yazıçısı Elçin olduqca yüksək qiymətləndirib. Onun efirdən dediyi sözləri diqqətə çatdırmaq istərdim: «Mənim çoxdan tanıdığım sənət dostum, qələm dostum Telman Qarayevin bir fədai kimi Azərbaycan musiqisinin təbliğinə həsr olunmuş fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Bilirsiniz ki, böyük sənətkarların vaxtında qədrini bilməyi öyrənməliyik, yəni onları vaxtında danışdırmalıyıq, xatirələrini yazmalıyıq, səslərini maqnitofon lentinə, kino lentinə köçürməliyik. Bu mənada Telman Qarayevin gördüyü işi yüksək qiymətləndirmək lazımdır».
Bu fikrə qüvvət kimi deyə bilərəm ki, Telman müəllimin səs xəzinəsindəki lent yazılarında Azərbaycanın sənət korifeylərinin - Q.Qarayevin, F.Əmirovun, Niyazinin, Ə.Bədəlbəylinin, S.Hacıbəyovun, S.Ələsgərovun, V.Adıgözəlovun, Ə.Abbasovun, N.Əliverdibəyovun, C.Cahangirovun, T.Quliyevin, S.Rüstəmovun, H.Xanməmmədovun, X.Şuşinskinin, M.Maqomayevin, R.Behbudovun, Ş.Ələkbərovanın, S.Qədimovanın, F.Mehrəliyevanın, L.İmanovun, Ə.Əliyevin, aşıq H.Saraclının, aşıq Kamandarın və başqa el sənətkarlarının unudulmaz səslərini eşitmək olar. Eləcə də müəllif dünyanın sənət xiridarlarının Azərbaycan musiqi mədəniyyəti və onun ifaçıları haqqında qiymətli ürək sözlərini lentə almaqla bu xəzinənin dəyərini artırıb. Onların hamısının adlarını sadalasaq, saysız-hesabsız siyahı alınar. Kifayətdir ki, görkəmli şəxsiyyətlərin bir neçəsinin adını çəkim. D.Şostakoviç, S.Sedoy, T.Xrennikov, İ.Arxipova, L.Zıkina, E.Pyexa, R.Pauls, L.İvanova, yuqoslaviyalı R.Karaklayiç, C.Mariyanoviç, iranlı müğənni Ququş xanım, gürcü N.Breqvadze, V.Kikabidze və yüzlərlə adını çəkə bilmədiyimiz sənətkarların səsi azərbaycanlı jurnalistin arxivində qorunur. Telman müəllim hər səsə zərgər dəqiqliyi ilə, hər səsə böyük sevgi ilə yanaşır. Səhhətində yaranan problemlərə baxmayaraq bu qənimətləri nadir inci kimi qoruyub saxlayır. Yaxşı olardı ki, korifeylərimizin yubileyləri, anma mərasimləri keçirilərkən bu xəzinəyə müraciət edilsin.
Telman Qarayevin həm səs dəryasında, həm də 50 illik fəaliyyəti dövründə mətbuatda dərc olunan yazılarında dövrün mədəniyyət salnaməsi toplanıb. Orada onlarla namizədlik və doktorluq elmi işlərinin məhsulu var. Onun qapısı hər kəsin üzünə açıqdır. T.Qarayev televiziya, radio çıxışlarında, müsahibələrində dəfələrlə deyib ki, bu sərvəti xalqı üçün toplayıb.
Ağsaqqal jurnalistimiz, mətbuatımızın cəfakeşi Telman müəllim səhhəti ilə bağlı 2006-cı ildən bəri işləmir. Biz Telman müəllimə insan üçün ən vacib olan cansağlığı, bir də yaradıcılıq uğurları arzulayırıq.
Ramiz Zöhrabov,
Bəstəkarlar İttifaqı
İdarə
Heyətinin
katibi, sənətşünaslıq
elmləri doktoru,
Bakı Musiqi
Akademiyasının professor
Mədəniyyət.- 2011.-
22 iyul.- S. 15.