Azərbaycanla Polşa arasında mədəni sahədə əməkdaşlıq sənədi imzalanıb

 

   “Xalqlarımızın əsrlər boyu yaranmış əlaqələri bugünkü münasibətlərə mədəni və tarixi zəmin yaradır”

  

   Polşa prezidenti Bronislav Komorovski iyulun 25-26-da Azərbaycanda rəsmi səfərdə olub. İyulun 25-də iki ölkə nümayəndə heyətləri arasında danışıqlardan sonra prezidentlər İlham Əliyev və Bronislav Komorovskinin iştirakı ilə Azərbaycan-Polşa sənədlərinin imzalanma mərasimi olub.

  

   İkitərəfli sənədlər sırasında “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Polşa Respublikasının Mədəniyyət və Milli İrs Nazirliyi arasında 2011-2013-cü illər üçün Əməkdaşlıq Proqramı” da imzalanıb. Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Polşa xarici işlər nazirinin müavini Yeji Pomyanovski imzalayıblar.

   Prezident İlham Əliyev Polşa prezidenti Bronislav Komorovskinin şərəfinə verilən rəsmi ziyafətdə çıxışında iki ölkə arasında tarixi-mədəni əlaqələrdən də söz açıb. Dövlət başçısı deyib ki, iki ölkə xalqları əsrlər boyu bir-biri ilə əlaqədə olublar və həmin əlaqələr bugünkü münasibətlər üçün gözəl mədəni və tarixi zəmin yaradır: “Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətində də polyaklar fəal iştirak etmişlər. Ondan əvvəl Polşadan gəlmiş mütəxəssislər, memarlar Azərbaycanın, Bakının inkişafına çox dəyərli töhfələr vermişlər. 1892-ci ildə məşhur polşalı memar İosif Qoslavski Bakı şəhərinin baş memarı vəzifəsinə təyin edilmişdi. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Bakıda bir neçə gözəl bina tikilmişdir. Memar Qoslavski və digər Polşa memarı Ploşko şəhərimizin gözəlləşməsinə çox dəyərli töhfələr vermişlər. Onların irsi bu gün qorunur. Bakıda gedən böyük bərpa işləri onların yaratdıqları binalara yeni həyat bəxş etmişdir.

   Bir sözlə, bizim əlaqələrimizin inkişafı üçün çox gözəl tarixi əsaslar vardır. Bu möhkəm təməl üzərində biz əlaqələrimizi qururuq. Bu gün Polşa-Azərbaycan əlaqələri nəinki iki ölkə arasındakı əlaqələr kimi vacibdir, eyni zamanda regionun inkişafı üçün vacibdir”.

   Öz növbəsində Polşa prezidenti Bronislav Komorovski iki ölkənin əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial olduğunu deyib: “Mən Polşa ilə Azərbaycan arasında bütün sahələrdə birbaşa əlaqələrin qurulmasını vacib hesab edirəm”. Azərbaycanın müxtəlif sahələrdə nailiyyətlər qazandığını qeyd edən Polşa prezidenti ölkəmizin “Eurovision-2011" mahnı müsabiqəsində qələbəsini xüsusi vurğulayıb. Polşanın dövlət başçısı Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsini yüksək səviyyədə keçirəcəyinə əminliyini bildirib: "Bu sizin böyük qələbəniz idi. Gələn il Bakıda bu tədbiri təşkil edəcəksiniz. Mən şəxsən fəal şəkildə Azərbaycan müğənnilərinə səs verəcəyəm”.

  

   Polşa prezidenti İçərişəhərdə və “Sehrli ilmələr” qalereyasında olub

  

   Azərbaycanda rəsmi səfərdə olan Polşa prezidenti Bronislav Komorovski iyulun 26-da İçərişəhərlə tanış olub. Ali qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Polşa rəhbəri “Xanəgah” kompleksi və Qız qalası ilə tanış olub. Cümə məscidi, XVII əsrə aid ikimərtəbəli karvansaraburada fəaliyyət göstərən Muğam Teatrı ilə tanışlıq da qonaqda xoş təəssürat yaradıb.

   Daha sonra Polşa prezidenti Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - “İncəsənət bağı”nda olub, Bakının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq ali qonağa hədiyyə təqdim edilib.

   Polşa prezidentiSehrli ilmələrqalereyasında da olub. Qonağa nadir Azərbaycan xalçaları Azərilmə”nin məmulatları nümayiş etdirilib. Bildirilib ki, xalçaçılıq Azərbaycan incəsənətinin ən mühüm növlərindən ən qədim el sənətlərindən biridir. Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm naxış, kompozisiya, rəng həlli texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür. Azərbaycan xalçaçılıq sənətini yüksək qiymətləndirən Polşa prezidenti bu qədim el sənətinin belə məhəbbətlə yaşadılmasından məmnun qalıb.

 

 

  Mədəniyyət.- 2011.- 27 iyul.- S. 2.