“Azərbaycan
xalçası” kitabı Macarıstanda böyük
maraq doğurub
Macarıstanın
milli sərvətlər naziri kitabla bağlı Azərbaycanın
bu ölkədəki səfirinə məktub göndərib
Sənətşünaslıq
doktoru, Lətif Kərimov adına Azərbaycan Xalçası
və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru
Röya Tağıyevanın ölkəmizin Budapeştdəki
səfirliyinin təşəbbüsü ilə macar dilində
nəşr olunmuş “Azərbaycan xalçası” kitabı
bu ölkənin mədəni ictimaiyyəti və sənət
adamları tərəfindən maraqla qarşılanıb.
Macarıstanın milli sərvətlər
naziri Mikloş Retele ölkəmizin Budapeştdəki səfiri
Vilayət Quliyevə göndərdiyi məktubda nəfis şəkildə
çap edilmiş kitabın dünya tətbiqi sənətinin
özünəməxsus nümunələrindən biri olan Azərbaycan
xalçasını tanıtmaq və təbliğ etmək
baxımından böyük əhəmiyyət
daşıdığını bildirib. Məktubda, eyni zamanda,
Azərbaycan xalçasının qədim tarixinə, zəngin
texnologiyasına və dünya mədəni irsindəki yerinə
də diqqət yetirilib.
Xatırladaq ki, Röya Tağıyevanın “Azərbaycan xalçası” kitabı bu yaxınlarda 1000 nüsxə tirajla Budapeştin rəssamlıq və sənət əsərlərinin çapı üzrə ixtisaslaşmış “Korvina” nəşriyyatında işıq üzü görüb. Qeyd edək ki, Budapeştdəki səfirliyimiz iki ölkə mütəxəssislərinin iştirakı ilə Macarıstan Tətbiqi Sənət Muzeyində saxlanılan XVI əsrə aid Azərbaycan xalçalarının identifikasiyası və bərpası ilə bağlı layihənin həyata keçirilməsi istiqamətində iş aparır.
Mədəniyyət.-
2011.- 27 iyul.- S. 4.