“Böyük Teatrda üçüncü mövsümü
layiqincə başa çatdırdım”
Elçin
Əzizov: “Hər yeni tamaşa mənə böyük güc
verir, ölkəmin musiqi şöhrətini artırmaq
iqtidarında olduğuma inanıram”
Rusiyanın məşhur
Böyük Teatrının solisti olan həmyerlimiz, bariton
Elçin Əzizov musiqi karyerasında böyük uğurlara
imza atıb. Bu il onun üçün Rusiya Dövlət
Akademik Böyük Teatrında üçüncü
mövsüm başa çatıb. Bu müddətdə
Elçin Əzizov 40 dəfədən çox Böyük
Teatrın səhnəsinə çıxıb, beş operada
və bir premyera tamaşasında iştirak edib.
Böyük Teatrda işlədiyi
dövrə yekun vuran sənətçi deyib: “Üç
ildir ki, teatrın solistiyəm, amma sanki hər şey bu
yaxınlarda baş verib”. Müğənni bildirib ki,
Böyük Teatrda rol aldığı ilk tamaşa
P.İ.Çaykovskinin “İolanta” operası olub. Bu səhnə
əsərində mərakeşli həkim İbn-Hakiyənin
partiyasını ifa edib: “İolanta”dan sonra J.Bizenin “Karmen”
operasında Eskamilyonun partiyasını ifa etdim. Bu partiyanı
da əvvəllər Q.Vişnevskaya teatrında oxumuşdum.
Böyük Teatrın opera truppasının rəhbəri
Makvala Kasraşvili məhz bu partiyanı dinlədikdən sonra
məni teatra dəvət etmişdi. 2010-cu ildə Bakıda
M.Rostropoviç adına beynəlxalq musiqi festivalı çərçivəsində
Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində
ilk dəfə məhz bu partiyanı ifa etmişəm”.
Müğənni Böyük
Teatrın səhnəsində rol aldığı digər
operalardan da söz açıb: “Sonra S.Prokofyevin “Üç
portağala məhəbbət” operasından Leandın
partiyasını ifa etdim. İlk dəfə idi mənfi
personaj yaradırdım. Növbəti rolum isə şən və
şux bir obraz idi. İohann Ştrausun “Yarasa” operettasında
Doktor Falk patriyasını ifa etdim. Beləcə,
repertuarımda alman dilində əsər yer aldı. Deməzdim
ki, bu mənə asanlıqla başa gəldi. Çoxlu musiqi
mətni və dialoq var... Bu əsər mənim
üçün əlamətdardır, çünki burada iki
azərbaycanlı birdən - mən və Razalinda
partiyasını məharətlə ifa etmiş Dinarə Əliyeva
iştirak edirdik. Bu mövsümün sonunda daha bir yeni rol
aldım. Söhbət P.İ.Çaykovskinin “Qaratoxmaq
qadın” operasında Tomskinin partiyasından gedir. Mürəkkəb
partiyadır. Müəllimim, gözəl tenor Badri Maysuradze
“Qaratoxmaq qadın”dan sonra dedi ki, bu mənim üçün
layiqlidən layiqli nəticədir. Deməli, Böyük
Teatrda üçüncü mövsümümü layiqincə
başa çatdırdım”.
Elçin Əzizov bildirib ki,
Böyük Teatrda işləməklə yanaşı,
Rusiyada, eləcə də dünyanın digər ölkələrində
çoxlu konsert və tamaşaları olub.
P.İ.Çaykovskinin Yevgeni Oneginini Q.Vişnevskaya
teatrında və Sankt-Peterburqda Mixaylov Teatrında oxuyub,
C.Verdinin “Otello” operasından Yaqonun partiyasını maestro
Fedoseyevin müşayiəti ilə ifa edib. 2009-cu ildə
Monte-Karloda konsertdə, 2010-cu ildə Varşavada qastrol səfərində,
Drezden səhnəsində, Seulda çıxış edib.
Bundan əlavə, müğənni
bu ilin mart ayında ilk dəfə Nyu-Yorkda, Everi Fişer Hollda
məşhur Linkoln-mərkəzin səhnəsində oxuyub.
Aprel və mayda isə Londonda “Kovent Qarden” Kral opera teatrı səhnəsində
N.Rimski-Korsakovun “Çar gəlini” operasında iştirak edib.
Gələcək planlarından
danışan sənətçi deyib ki, qarşıda onu
maraqlı işlər gözləyir, artıq konkret planlar,
maraqlı təkliflər var: “Hər dəfə iş cədvəlimə
yeni konsert və ya tamaşa daxil edəndə özümü
daha inamlı hiss edirəm. Dəyərləndirilməyim mənə
böyük güc verir, doğru yolda olduğuma, öz
ölkəmin və mənim istedadımı qiymətləndirən
ölkənin musiqi şöhrətini artırmaq
iqtidarında olduğuma inandırır”.
Mədəniyyət.-
2011.- 27 iyul.- S. 4.