“Bu sənət məni şəxsiyyət kimi formalaşdırıb”
Elşən
Rüstəmov: “Mirzə Fətəli obrazını dolğun
şəkildə yaratmaq üçün böyük ədiblə
bağlı bilgilərimi zənginləşdirdim, öyrəndiyim
hər bir yeni məlumat mənim üçün çox dəyərlidir”
1993-cü ildən Gənc
Tamaşaçılar Teatrında çalışan, 50-dən
çox səhnə əsərində oynadığı
müxtəlif səpkili rollarla tamaşaçı rəğbəti
qazanan, teatrla yanaşı bir sıra filmlərdə də
yaddaqalan obrazlar yaradan Elşən Rüstəmov sözün əsl
mənasında aktyorluq sənətinin aşiqidir.
Bütün rollarına məsuliyyətlə yanaşan aktyor
yaxın zamanlarda görkəmli ədib, böyük mütəfəkkir
Mirzə Fətəli Axundzadəyə həsr olunmuş yeni
ekran əsərində baş rolla
tamaşaçıların görüşünə gələcək.
Onunla söhbətə də yeni filmdən başladıq.
- “Sübhün səfiri” adlı
filmdə əsas qəhrəman, Mirzə Fətəli roluna dəvət
almısınız. Böyük yazıçı-dramaturqun
obrazını yaratmağa nə dərəcədə
hazırsınız?
- Bir il öncə rejissor Ramiz Həsənoğlu
ilə görkəmli şair Rəsul Rza haqqında sənədli
film çəkirdik. Filmin çəkilişi zamanı R.Həsənoğlu
mənə bu təklifi etdi və elə həmin vaxtdan
özümü bu rola hazırlamağa bağladım. Sonra
aktyor seçimi zamanı rola təsdiqləndim. Film
böyük ədibin gələn qeyd olunacaq 200 illik yubileyinə
həsr olunub. Ssenari müəllifi Xalq
yazıçısı Anardır. Əlbəttə,
böyük layihədir, məsuliyyətli işdir. Bu rolu tam
dolğun şəkildə yaratmaq üçün Mirzə Fətəli
ilə bağlı bilgilərimi daha da zənginləşdirdim,
onunla bağlı öyrəndiyim hər bir yeni məlumat mənim
üçün çox dəyərlidir. Təbii ki,
oynadığım rola əsas qiyməti
tamaşaçılar verəcək.
- Bu vaxta qədər kino və
teatrda kifayət qədər rol ifa etmisiniz. Necə
düşünürsüz, aktyorluq sənəti çətindir,
yoxsa asan?
- Aktyorluq olduqca çətin
peşədir. Bunun həm maddi, həm də psixoloji çətinlikləri
var. Gənclik illərində bunun fərqinə o qədər
də çox varmırsan, lakin illər ötdükcə,
qayğılar artdıqca problemlər yaranır və həmin
o yükü çiyinlərində hiss edirsən. Hətta bəzən
elə məqam yaranır ki, hər şeyi atıb getmək
istəyirsən. Amma bu sənət daxilimizdə elə
kök atıb ki, onu tam qoparıb atmaq mümkün deyil.
- Aktyor üçün
əsas stimul nədir sizcə?
- Aktyorun sənətdən kənar
problemi olmamalıdır.
Yəni
o, teatrda, kino çəkilişi meydançasında
yalnız rolu haqda düşünməlidir.
Maddi problemlərin yaranması aktyorun qayğılarını
artırır.
- Yəqin bu xüsusda özünüzü əcnəbi
aktyorlarla müqayisə
etdiyiniz vaxtlar da olur?
- Müqayisələr
olur və nəticələr düşünməyə
vadar edir. Hesab edirəm ki, bizim filmlərimizin sayı artdıqca aktyorlara tələbat da artacaq və
nəticədə həmin
problemlər çözüləcək.
Arzu edərdim ki, film və seriallarımız o
qədər çoxalsın
ki, özümüzün
film bazarımızı yaradaq.
Xarici filmlərə o qədər
də ehtiyac qalmasın.
- Ürəyinizcə
olmasa belə sırf məsələnin
maddi tərəfinə
görə qəbul etdiyiniz rol olub?
- Bəli, bu əsasən reklamlara çəkilərkən
baş verir. Belə anlarda əsas olaraq maddi tərəfi
düşünürəm. Bununla yanaşı dublyaj sahəsində də işləyirəm.
- Dublyajdan söz düşmüşkən,
bu gün televiziyalarda nümayiş
olunan bir sıra xarici filmlərin səsləndirilməsi
tamaşaçıları o qədər də qane etmir. Kənardan
tamaşaçı kimi
baxanda bunu hiss edirsinizmi?
- Ümumilikdə
götürdükdə dublyajın
səviyyəsi indiki halda məni qane edir. Səsləndirilmə ilə bağlı müəyyən problemlərinin
olması ilə razıyam. Amma elə dublyaj
filmləri var ki, çox uğurlu alınır.
Məsələn, “Space” telekanalında yayımlanan Yusif peyğəmbərlə bağlı
serialda Yusif peyğəmbər rolunu mən dublyaj edirdim və düşünürəm ki,
tamaşaçı bu
səsi müsbət qarşıladı. Sadəcə
ola bilsin
ki, bizim tamaşaçılar sovet
dövrü ənənələrinə,
daha çox rus dilində olan dublyajlara öyrəşib, birdən-birə
həmin ənənələrdən
uzaqlaşmaq asan olmur.
- Ciddi rollar ifa edən
aktyor kimi kommersiya filmlərinə çəkilərsinizmi?
- Azərbaycanda
kommersiya filmləri hələ tam yerini tuta bilməyib. Belə filmlər az çəkilir.
Ola bilər ki,
filmdə kommersiya məqsədləri olmaqla
yanaşı, mövzu
hansısa bir problemə həsr olunsun. Təbii ki, bu halda kommersiya filminə çəkilərəm.
- Xarici ölkələrdən necə,
təkliflər olurmu?
- Təkliflər
olub. Əvvəllər Rusiyanın telekanallarında,
NTV-də “Jurnalist”,
REN TV-də isə “Studentı İnternational”
seriallarında çəkilmişəm.
Amma indi belə təkliflər hələ
ki, yoxdur.
- Bu vaxta qədər oynadığınız
rollar arasında sizə xaraktercə ən yaxını hansı olub?
- Doğrusu, deməyə çətinlik
çəkirəm. Konkret elə
bir rol yoxdur.
Aktyor üçün hər bir rolun öz
yeri var. Hazırda “Pəri cadu”, “Ələddinin çırağı”,
“Aydın”, “Kabuslar” tamaşalarında oynadığım
rollar mənə çox daha əzizdir. Gələcəkdə daha maraqlı
rollar olacaq.
- Yeni tamaşalarda hansı rollarınız var?
- Gənc Tamaşaçılar Teatrında
“Romeo və Cülyetta”,
“Məhv olmuş gündəliklər” tamaşalarında
rollarım var. Akademik
Milli Dram Teatrından da təkliflər aldığım üçün
Gənc Tamaşaçılar
Teatrında rollarım
bir qədər azalıb. Sentyabr üçün planlarımız var.
- Üz cizgiləriniz dramatik rollar üçün uyğundur. Amma tamaşaçılar sizi
komik rollarda da görür...
- Bəli, kifayət qədər komik rollar oynamışam.
Deyim ki, bu rolları
dramatik rollarla müqayisədə daha güclü ifa etmişəm. Rejissor
Loğman Kərimovun,
Rasim Əliyevin, Nicat
Kazımovun tamaşalarında
da komik rollarımı böyük
şövqlə oynamışam
və belə rollara üstünlük verirəm.
- Sənətdə
rast gəldiyiniz çətinlikləri görüb
aktyorluq peşəsini
seçdiyinizə görə
nə vaxtsa peşmançılıq hissi
keçirmisinizmi?
- Aktyorluq sənətini seçdiyim
üçün peşman
olmamışam. Bu, çətin, məsuliyyətli,
eyni zamanda, ürəyimcə olan bir işdir. Məhz bu sənət məni şəxsiyyət
kimi formalaşdırıb.
Özümü aktyorluq sənətində
təsdiq etmişəm.
Düzdür, hərdən özüm-özümə
“Bu sənətdən canın
nə vaxt qurtaracaq?” deyə sual edirəm. Yəqin ki, bu mənim
bayaq dediyim fikirlə tam təzad yaradır.
Aktyorluq sənətinin də,
ümumiyyətlə, yaradıcılıqla
bağlı bütün
peşələrin özəlliyi
də budur ki, insan çox
vaxt təzadlı düşünür. Hər
şeydən bezib sənətdən getmək
istədiyin an tamaşaçı alqışı
bütün çətinlikləri
bir andaca unutdurur.
- İki
övladınız var. Onların
da bu sənətə
gəlməsinə dəstək
olarsınız?
- Sənətin çətinliklərini nəzərə alaraq bunu istəməzdim. Amma bu elə bir sevdadır ki, mənim istəyimdən asılı deyil, əgər qarşısıalınmaz həvəs varsa, mən heç nə edə bilmərəm. Yalnız istiqamətləndirə bilərəm.
Yeganə Cansail
Mədəniyyət.-
2011.- 27 iyul.- S. 6.