Turizm obyektlərində qiymətlər enib

 

   Bölgələrdə aparılan monitorinqlərin nəticələri açıqlanıb

     

   Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinin daxil olduğu Monitorinq qrupu tərəfindən Azərbaycanın bir neçə bölgəsində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə aparılan monitorinqlərin nəticələri bəlli olub.

  

   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, iyunun 20-dən başlayan və 3 həftə müddətində davam edən monitorinq gedişində Qax-Şəki-Qəbələ-İsmayıllı-Şamaxı, Xaçmaz-Qusar-Quba, Lənkəran-Lerik-Masallı rayonlarında fəaliyyət göstərən obyektlərə baxış keçirilib.

   Monitorinq nəticəsində məlum olub ki, Qax rayonunda 465 yerlik 10 mehmanxana və mehmanxana tipli yerləşdirmə obyekti var. Bunlardan 7 obyekt müvafiq xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərir. Bu obyektlərdə otaqların və digər xidmət sahələrinin hazırlıq səviyyəsi qənaətbəxş hesab edilib. Burada gündə 3 dəfə yemək daxil olmaqla, 1 nəfər üçün qiymətlər 27-55 manat arasında dəyişir.

   Şəki, Qəbələ və İsmayıllı rayonlarında ümumilikdə 2635 yerlik 50 mehmanxana və mehmanxana tipli obyekt mövcuddur. Bunlardan 31 obyekt lisenziya əsasında fəaliyyət göstərir. Monitorinq komissiyası tərəfindən baxış keçirilən əksər istirahət komplekslərində təqdim olunan otaqların və digər xidmət sahələrinin hazırlıq səviyyəsi qənaətbəxş hesab edilib. Bu obyektlərdə qiymətlər səhər yeməyi daxil olmaqla, 20-50 manat arasında dəyişir.

   Şamaxı rayonunda 467 yerlik 14 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bunlardan 12 obyekt müvafiq lisenziya əsasında fəaliyyət göstərir. Rayonda səhər yeməyi daxil olmaqla, 1 nəfər üçün qiymətlər 20-30 manat arasında dəyişir.

   Monitorinq qrupu, Şamaxı rayonu istisna olmaqla, yuxarıda qeyd olunan rayonların mövsümə ümumi hazırlıq səviyyəsini qənaətbəxş hesab edib. Keçən mövsümlə müqayisədə qiymətlər təqribən 20% aşağı endirilib, bəzi xidmət növlərinin sayı isə artırılıb ki, bu da müsbət qiymətləndirilib. Komissiyanın rəyinə görə, Şamaxıda marketinq, reklam işi düzgün qurulmayıb, turizm obyektlərində yerləşmə səviyyəsi xeyli aşağıdır (təqribən 10%).

   Xaçmaz rayonunun Nabran bölgəsində komissiya tərəfindən 20-dək mehmanxana və mehmanxana tipli obyektə baxış keçirilib. Bölgədə yerli və xarici turistlərin daha çox axın etdiyi “Caspian Sea Resort”, “Atlant”, “Palma”, “Ober Lyuks”, “Lotos” və “Green Ville” istirahət mərkəzlərini mövsümə hazır saymaq olar. Bu obyektlərdə ötən illərlə müqayisədə həm qiymətlərdə müəyyən ucuzlaşma, həm də xidmət səviyyəsində müsbət irəliləyişlər müşahidə olunur. Qeyd olunan istirahət mərkəzlərində gündə 3 dəfə yemək də daxil olmaqla, adambaşına qiymət 35-40 manat arasında dəyişir. Yalnız “Caspian Sea Resort”da qiymət 80 manat müəyyən edilib.

   Qusar və Quba rayonlarında 19 mehmanxana və mehmanxana tipli obyektə baxış keçirilib. Qusar Olimpiya Kompleksi müasir standartlara tam uyğun hesab edilib. Hazırda obyektin genişləndirilməsi üçün yeni kotteclər inşa olunur. Burada yerli və xarici turistlərə həm də müxtəlif idman növləri təklif olunur.

   Quba rayonunda fəaliyyət göstərən obyektlərin ümumilikdə yay mövsümünə hazırlıq səviyyəsi kafi qiymətləndirilib. Rayon üzrə turizm xidməti obyektlərində göstərilən xidmətin dəyəri adambaşına 15 manatdan 50 manata qədər dəyişir. Bu qiymətlərə səhər yeməyi də daxildir.

   Monitorinq qrupunun rəyinə görə, Şimal bölgəsinin turizm xidməti sahəsində müsbət irəliləyişlər var. Bu sırada qiymətlərin müəyyən faiz dərəcələrində ucuzlaşması, Nabran bölgəsi üzrə böyük həcmli obyektlərin hamısında qiymətlərə gündə 3 dəfə yeməyin daxil edilməsi, yeni əyləncə növlərinin yaradılması, bu bölgədə bir neçə istirahət mərkəzinin artıq turizm şirkətləri ilə əməkdaşlıq etməsi (bir neçə obyektə KİV və turizm şirkətlərindən ibarət infoturlar təşkil edilib) kimi faktları qeyd etmək olar.

   Lənkəran şəhərində komissiya tərəfindən 10-a yaxın, Lerik rayonunda 10, Masallıda isə 14 mehmanxana və mehmanxana tipli obyektə baxış keçirilib. Ümumilikdə Cənub bölgəsi üzrə yerləşdirmə obyektləri arasında Lənkəran şəhərindəki “Qafqaz Sahili”, “Qala”, “Xan Lənkəran” və “Palmalife”, Lerik rayonundakı “Relax” və “Cənub”, Masallı rayonundakı “Nağıl Dünyası” obyektlərində xidmət səviyyəsi yüksəkdir və obyektlərdəki mövcud xidmət infrastrukturları müasir standartlara cavab verir. Lənkəran şəhərinin Beynəlxalq hava limanından səmərəli istifadə etməklə Rusiya turistlərinin Cənub bölgəsinə səfərlərinin təşkil olunmasına geniş imkanlar var. Hazırda Lənkərandan Rusiya Federasiyasının dörd şəhərinə (Moskva, Sankt-Peterburq, Yekaterinburq və Surqut) birbaşa aviareyslər fəaliyyət göstərir. İstirahət mərkəzlərinin rəhbərlərinə Rusiya turist bazarının bu bölgəyə cəlb olunması üçün təşviqedici turların yaradılması tövsiyə olunub.

   Monitorinq komissiyası tərəfindən hər üç bölgə üzrə aparılan araşdırmaların nəticəsi göstərir ki, bütün bölgələr üzrə mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsi və ona uyğun olaraq qiymətlər də müxtəlifdir. Bölgələrdə bir çox mehmanxanalar, bu barədə sahiblərinə dəfələrlə müraciət olunmasına baxmayaraq, lisenziyasız fəaliyyət göstərirlər. Bunun səbəblərini araşdırdıqda isə məlum olur ki, problemlər sənədlərin çatışmazlığından qaynaqlanır. Bu yerləşdirmə obyektlərinin əksəriyyəti həm primitiv şəkildə tikilib, həm də bu obyektlərdə çalışanların peşə hazırlığı demək olar ki, yox səviyyəsindədir. Mehmanxana və mehmanxana tipli obyektlərin bir çoxunda qeyd-qəbul bölməsinin olmaması ciddi nöqsanlardandır. Ümumilikdə baxış keçirilən bölgələrdə fəaliyyət göstərən yerləşdirmə obyektlərindən Şimal bölgəsində 35 %, Cənub bölgəsində 30-40 %, Şimal-qərb bölgəsində isə 45 %-i müasir standartlara cavab verir.

   Monitorinq qrupu nəticələri nəzərə alaraq, bir sıra təkliflər də irəli sürüb. Qrupun qənaətinə görə, hər üç bölgə üzrə turizmin müxtəlif növlərini inkişaf etdirmək və ölkədə turizm mövsümü günlərinin sayını artırmaq üçün «Şahdağ» Qış-Yay Turizm Kompleksinin nümunəsində mövcud təcrübəni nəzərə alaraq dövlətlə özəl sektorun tərəfdaşlığı çərçivəsində Xəzər dənizinin sahil ərazilərində və turizm üçün əlverişli olan digər ərazilərdə müasir standartlara cavab verən turizm komplekslərinin yaradılması məqsədilə torpaq sahələrinin ayrılması lazımdır. İrihəcmli turizm layihələrinin hazırlanması və investisiyanın cəlb edilməsi, irihəcmli investisiyalara vergi güzəştlərinin tətbiq edilməsi tövsiyə olunur. Monitorinq qrupunun rəyinə görə, regionlarda fəaliyyət göstərən orta səviyyəli mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin xidmət səviyyəsinin yaxşılaşdırılması məqsədilə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə turizmdə çalışan orta və kiçik sahibkarlığa təyinatlı güzəştli kreditlərin həcminin artırılması ölkəmizdə turizmin inkişafını sürətləndirər.

   Bölgələrdə mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin tikintisinə yerli rayon icra hakimiyyətləri tərəfindən razılıq verilən zaman Mədəniyyət və Turizm Nazirliyinin rəyinin nəzərə alınması məqsədəuyğun olar. Bölgələrdə mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində çalışan personalın peşə hazırlığı səviyyəsini yaxşılaşdırmaq üçün Bakıda, Qusarda və digər rayonlarda peşə hazırlığı üzrə təhsil müəssisələrinin yaradılması işi sürətləndirilməlidir.

 

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 27 iyul.- S. 9.