Lənkəran
folkloru, Mirhaşım müəllim və
bir ovuc gülas çiçəyi...
O xalq xoşbəxtdir ki, zəngin folkloru var
Hacı Mirhaşım Talışlı
filologiya elmlər namizədi, Lənkəran
Dövlət Universitetinin
dosentidir. Əməkdar müəllim, Prezident təqaüdçüsüdür. Deyir ki, bu
il 86 yaşım
tamam olur, fikirləşirəm ki, daha işləməyim, evdə oturub xatirələrimi yazım.
Yazmaq demişkən, Mirhaşım
müəllim həm də tanınmış qələm sahibidir.
16 yaşından “Müsafir” imzası ilə yüzlərlə qəzəl, qəsidə,
təxmis, təzmin, mürəbbe, mərsiyə,
satirik şeir yazıb. Əruz vəzninin mahir
bilicisidir, Azərbaycan
ədəbiyyatında ilk dəfə
əruz vəznində
sonet yazıb. “Dedim ki, sözüm qala” şeirlər kitabı,
“125 yaşlı məktəb”,
“Lənkəran” kitablarının,
XIX əsr Lənkəran
ədəbi mühiti
haqqında elmi əsərin müəllifidir.
Ötən il
isə “Xatirəmdə
yaşayanlar” kitabı
çap olunub.
Məlum olduğu kimi, Mədəniyyət və
Turizm Nazirliyinin
“2010-2014-cü illər üçün
Xalq Yaradıcılığı
Paytaxtları” Proqramına
əsasən, Lənkəran
şəhəri 2011-ci il üzrə “Azərbaycanın folklor paytaxtı” elan edilib. Cənub mirvarisinin özünəməxsus
zəngin folkloru barədə dolğun məlumatlar əldə etmək üçün qocaman şair, ədəbiyyatşünas, tədqiqatçı-alim
Hacı Mirhaşım
Talışlını ziyarət
etdik.
Hacı Mirhaşım Talışlı
Lənkəranın Böyük
Bazar hissəsində
- ulu babası Mirmustafa xanın adını daşıyan
küçədə yaşayır.
Lənkəranın tarixi, mədəniyyəti
ilə bağlı zəngin bilgilər sahibi olan 86 yaşlı Mirhaşım
müəllimi öz hücrəsində - doğma
kitablarının arasında
“tapdıq”.
Çəltik
və çay nəğmələri
Lənkəranın sonuncu xanı Mir Mustafa xanın nəslindən olan Hacı Mirhaşım 86 illik ömründə çox tarixi hadisələrin şahidi olub. Ötən əsrin ağrı-acısını, qırmızı imperiyanın din düşmənçiliyini, milli-mənəvi dəyərlərimizə qarşı biganəliyini görüb. Ancaq heç nə onu öz əqidəsindən, yolundan döndərə bilməyib. Allaha sevgisi, inamı heç vaxt sarsılmayıb. Ağlı kəsəndən namaz qılıb, oruc tutub, müqəddəs yerləri ziyarət edib, zəngin biliyi, geniş dünyagörüşü ilə dövrünün işıqlı simalarından birinə çevrilib. El-obasına, yurd-yuvasına qəlbən bağlı olan Mirhaşım müəllim Lənkəranın folklorundan ürək dolusu danışdı:
- Lənkəran folkloru çox zəngindir. Əgər Qarabağda xanəndəlik, tək ifaçılıq məşhurdursa, Lənkəranda birgə oxumaq, kollektiv şəkildə xorla oxumaq dəbdir. Bunun da öz səbəbi var. Lənkəranda qədimdən çəltik əkib becəriblər. Çəltikçilik kollektiv işdir. Əmək prosesində yaranan nəğmələr çəltik nəğmələri kimi yaddaşlardan yaddaşlara köçüb. Zaman gəldi ki, çəltikçiliyi çayçılıq əvəz etdi. Çayçılıq da birgə işdir. Beləliklə, çay nəğmələri yarandı. Sonra bu nəğmələr toy nəğmələrinə çevrildi.
Mirhaşım müəllim deyir ki, Lənkəran folklorunda yüzə yaxın nəğmələr var. El arasında belə bir deyim də var ki, dəryadan balıq qurtarmaz, Lənkəran kəndlərindən nəğmələr.
Vaxtı ilə Mirhaşım müəllim bu nəğmələrə sevə-sevə söz yazarmış.
Söhbətimizin bu yerində Mirhaşım müəllim nəğmələrdən birini zümzümə edir:
Çayımızın adı var,
var, var,
Gör, nə gözəl dadı var,
var, var.
Çayda bizim qızların
var, var,
Əmək, hünər payı var,
var, var.
Ürəyinin
odu var,
var,
var.
Çay yığan qızlar
xorla bu nəğməni oxuyardılar.
Çəltik
yığan qızların
isə öz nəğmələri vardı:
İki gözəl gördüm dünən bulaqda,
Biri al geyinib, birisi
ağda.
Qardaşdan soruşdum, hansını
sevdin?
Dedi, gözüm qırmızıda,
ürəyim ağda.
Mirhaşım müəllim Lənkəranın
toy adətlərindən də
danışır.
- Bizim toy adətlərimiz çox maraqlıdır. Bütün toy mərasimləri nəğmələrlə keçir.
Gəlini evə gətirəndə ayağının
altında qurban kəsirlər, belə bir nəğmə oxuyurlar:
Ay gəlinin
toy qoyunu,
Bıçaq gətir, soy qoyunu.
Bu gün
də Lənkəranda
toy mərasimləri nəğmələrlə
keçirilir.
Lənkəranın yas mərasimləri
də özünəməxsusdur.
Yasda həddindən artıq ağlamaq adət deyil. Belə deyirlər ki,
öləni Allah aparır.
Sən Allaha etiraz eləyirsənmi?
Yas məclisində biri ağı deyib öləni oxşayır,
sonra hamılıqla
imam üçün mərsiyə
deyirlər.
Lənkəran folklorunda bir çox sənətlər, peşələrlə bağlı ənənələr bu gün də yaşadılır. Əsrlərdir ki, bu bölgədə müxtəlif cür həsirlər toxunur. Əvvəllər xalça-palaz az olardı, camaat həsir üstə oturar, məscidlərə həsir döşəyərdilər. Haşiyəli həsirlər, sadə həsirlər, Gilani həsirlər məişətdə ən çox işlənən həsirlərdəndir.
Qədim dulusçuluq sənəti də bu gün Lənkəranın bir çox kəndlərində, xüsusi ilə Separadi kəndində yaşadılır. 150-200 il bundan əvvəl stəkan-nəlbəki, məişət əşyaları olmayan vaxtlarda dulusçuluq sənəti ən gərəkli sənətlərdən biri kimi inkişaf etmiş, özündən sonra zəngin izlər qoymuşdur. Bu gün də Lənkəranda az qala hər evdə gil bardaqlar saxlanılır. Bunun da öz tarixçəsi var.
Lənkəranın Novruz ənənələri
Novruz bayramı Lənkəranda bir qədər fərqli keçirilir. Çərşənbə axşamı bütün evlərdə hökmən ziyad balığı bişirilir. Çərşənbənin səhəri evdəki bütün sular atılır, adamlar çay qırağına, bulaq başına gedib bardaqlarla təzə su gətirir, suyu evə, həyətə səpirlər.
Mirhaşım müəllim deyir ki, Lənkəranda bir çərşənbə tanıyırlar. Novruzdan əvvəlki çərşənbə - ilaxır çərşənbəni. Axırıncı çərşənbədə od üstdən atlanır, üzərlik yandırır, evdəki adamların sayına görə şam yandırırlar. Süfrəyə təndirdə bişirilmiş balıq ləvəngisi qoyular. Ancaq il şirin olsun deyə bu ləvəngiyə turşu vurulmaz. Çərşənbə axşamı hər kəsin ağzına sarımsaq dəyməsi adətdir. Süfrəyə yeddi adda “s” hərfi ilə başlayan nemətin qoyulması da adətdir.
Çərşənbə axşamı bişirilən balığın başı isə 13 gün saxlanılandan sonra atılır. İnanca görə 13 gündən sonra nəhslik qurtarır, xoşbəxt həyat başlayır.
Folklorumuzu sevə-sevə təbliğ edən Mirhaşım müəllim deyir ki, sovet vaxtı folklordan, adət-ənənələrimizdən danışanları sürgünə, ölümə göndərirdilər. İndi öz folklorumuzdan ürəklə danışırıq, necə var, eləcə də gənc nəslə öyrədirik. Folklorumuzu, adət-ənənələrimizi yaşatmaqsa gənc nəsillərin üzərinə düşür.
Mirhaşım müəllimin evi əsl ziyarətgahdır. Bu evdə kimlər olmayıb, Azərbaycanın görkəmli alimlərindən akademik Feyzulla Qasımzadə, professorlar Seyfəddin Qəndilov, Əlyar Səfərli, Əjdər Ağayev, Rəhilə Məhərrəmova, Mirzə Rəhimov, Seyfulla Əsədullayev, şair və yazıçılardan Bəxtiyar Vahabzadə, Qabil, Nəriman Həsənzadə, Hüseyn Abbaszadə və neçə-neçə böyük sənətkarlar bu ocaqda Mirhaşım müəllimin qonağı olublar.
Sadə, mehriban, təvazökar Mirhaşım müəllim bir şerində belə deyir:
Safdır diləyim mənim,
Yoxdur gileyim mənim.
Dəvəçilərlə dostam,
Darvazam dar olsa da,
Gendir ürəyim mənim.
Mirhaşım müəllimin evində
nadir bir çiçək
növü - gülas
yetişdirilir. Bu gülü Mirhaşım
müəllimin babası
Mirmustafa axund vaxtı ilə Kərbəla ziyarətindən
gətirib. Gözəl, xoş ətri olan bu gül
indi Lənkəranın
əksər evlərində
ətir saçır.
Söhbətimizin sonunda Mirhaşım
müəllim ayağa
qalxıb kövrək
barmaqları ilə gülas çiçəklərini
dərib ovcuma tökdü. Mirhaşım müəllimin bacısı
hacı Saadat xanım çiçəkləri
sapa düzüb mənə hədiyyə etdi. Bu işıqlı
ocaqdan, doğma insanlardan xoş hisslərlə ayrıldım.
Əgər yolunuz nə
vaxtsa Lənkərandan
düşsə, Mirhaşım
müəllimi ziyarət
etməyi unutmayın.
Axı belə qiymətli, işıqlı, nadir insanlar
tariximizin, yaddaşımızın,
folklorumuzun bir parçasıdır.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 27 iyul.- S. 10.