Azərbaycanlı
aktrisalar Türkiyədə teleseriala çəkiləcəklər
Sinan
Kaya: “Sizin çox qabiliyyətli sənətçiləriniz
var”
Bu günlərdə Türkiyənin
Ərzurum Dövlət Teatrının aktyoru, Ərzurum Gənclik
Mərkəzinin nəzdində fəaliyyət göstərən
teatrın rejissoru və bu mərkəzin təşkil etdiyi “Ərzurum
Beynəlxalq Gənclik Mərkəzi Teatr Festivalı”nın
koordinatoru Sinan Kaya Bakıda səfərdə olub. Teatrla
yanaşı, kinematoqrafiya sahəsində də
çalışan S.Kaya səfərinin məqsədi, Azərbaycan
və Türkiyə sənətçilərinin
yaradıcı əməkdaşlığı ilə
bağlı fikirlərini bizimlə bölüşdü.
- Bakıya ilk dəfədir ki, gəlirəm.
Azərbaycana çoxdan səfər etmək istəyirdim, nəhayət,
Bakı Uşaq Teatrının rəhbəri İntiqam
Soltanın dəvəti ilə bu səfər gerçəkləşdi.
Buraya gəlməkdə ilk məqsədim Azərbaycanı
görmək, mədəniyyəti, incəsənəti və
teatrı ilə yaxından tanış olmaqdır. Digər məqsədim
Türkiyədə çəkilən teleseriallar
üçün Azərbaycandan aktyorlar seçməkdir. Mən
özüm də seriallara çəkilirəm, həmçinin
bu sahədə çalışan yaxın dostumun kino şirkəti
var. Bu şirkətlə iki serial çəkəcəyik.
Seriallardan birində iki azərbaycanlı xanım obrazı
var. Bu səbəbdən də iki azərbaycanlı aktrisaya
ehtiyacımız var. Bununla yanaşı, kastinq agentliyi
üçün də dörd gənc aktrisa və iki aktyor
lazım idi. Həm kastinqlər üçün, həm də
teleserial üçün aktyorlarımızı seçdik.
Teleserial üçün seçdiyimiz aktrisaların
adlarını hələ çəkə bilmərəm.
Çünki onlar Türkiyədə təsdiq
olunmalıdırlar. Yalnız onu deyə bilərəm ki, onlar
Bakı Uşaq Teatrının aktrisalarıdır. Yaxın
günlərdə aktrisalar İstanbula gələcək və
orada onlarla görüş olacaq. Hər şey yaxşı
getsə, həmin aktrisaların iştirakı ilə avqustda
teleserialın çəkilişi başlayacaq. Filmə gəlincə,
bu serialın Türkiyədə böyük maraq
oyadacağına əminəm. Təxminən Türkiyədə
çox məşhur olan «Fatmagülün suçu nə» tərzində
bir film olacaq. Bu serialı da “Fatmagülün suçu nə” filminin rejissoru - Hilal Saral çəkəcək. Azərbaycanlı aktrisalar Türkiyəyə
gələrək kino
dünyasına daxil olmaq istəyən azərbaycanlı qızların
obrazlarını canlandıracaqlar.
Onların başına bir
sıra komik hadisələr də gələcək.
- Ümumiyyətlə,
buraya gələnədək
Azərbaycan teatrı,
bizim sənətçilər
haqqında nə qədər məlumatlı
idiniz?
- İki-üç
il əvvələ
qədər Azərbaycan
teatrı haqqında o
qədər də məlumatlı deyildim. Amma teatr sənətçilərinizlə
əlaqə qurandan sonra müəyyən məlumatlar əldə etdik. Azərbaycan teatrlarında çox
gözəl, dünya
şöhrətli dramaturqların
tamaşalarının oynanıldığını
gördük. Hətta burada
universitetdə rejissorluq
fakültəsində oxumaq
arzum da var. Onu deyə bilərəm
ki, sizin aktyorlar çox qabiliyyətlidirlər. Konkret olaraq
Bakı Uşaq Teatrının kollektivinin
Ərzurumdakı beynəlxalq
festivalda çıxışı
zamanı bunu bir daha gördük.
Teatr aktyorları filmlərə
də çəkilməlidirlər.
Amma bilirəm ki, Azərbaycanda az film çəkilir.
Türkiyədəki imkanlar Azərbaycanda
olsa, sizin teatr sənətçiləri
daha çox çalışa və tanına bilərlər.
- Azərbaycan teatrlarında gerçəkləşdirmək
istədiyiniz planlar var?
- Əlbəttə,
var. Burada «Maska teatrı” yaratmaq istəyirik. Bu, sözsüz teatrdır.
Tuncer Cücenoğlunun «Kadıncıqlar»
tamaşasını misal
göstərə bilərəm.
Orada söz deyil, yalnız hərəkətlər
var. Birinin üzünün
şəkilində maska
hazırlayır, bu maskada onun hərəkətlərini
edirsən. Tamaşaçılar özləri başa düşürlər maska
kimə aiddir. Bakıda belə bir teatrın
yaradılmasında məmnuniyyətlə
iştirak etməyə
hazıram.
- “Ərzurum
Uluslararası III Gənclik
Mərkəzi Teatrı
Festivalı” türkdilli
ölkələrin teatrları
arasında əlaqələrdə
necə rol oynayır?
- Türkiyədə
teatrın çox önəmli yeri var. Bizim Ərzurumda da bunu qabarıq
şəkildə görmək
olar. Festivalın əhəmiyyəti böyükdür. Bu il baş tutan festivalı minlərlə seyrçi izlədi. Bu, festivalda
iştirak edən teatrların Türkiyədə
daha çox tanınması və öz növbəsində
inkişafı deməkdir.
Türkiyədə 81 vilayət var
və hər birinin Gənclik Mərkəzi, teatr klubları var. Ərzurum Gənclik Mərkəzi isə ilk addımı ataraq, bu festivalı
keçirdi. Teatrlar öz
məharətlərini göstərdilər,
bir-birlərini daha yaxşı tanıdılar.
Mən özüm də bu festival sayəsində Azərbaycan teatrı haqqında əlavə məlumat aldım. Növbəti festivalı gələn
ilin yanvar və ya fevralında
keçirməyi düşünürük.
Bilirsiniz
ki, Ərzurum yüksək dağlıq
ərazidə yerləşir.
Türkiyədə qış turizmi
məhz Ərzurumda inkişaf edir. Bu baxımdan festivalı
da həmin vaxt reallaşdırmaq arzusundayıq. Əgər
bu tarixdə baş tutmasa, növbəti festivalı
may ayında keçirəcəyik.
Onu da qeyd
edim ki, gələn il
festivalın adını
dəyişərək, “Şərqə
sərhədi olan türk cümhuriyyətləri
Festivalı» adlandırmaq
niyyətindəyik. İstəyirik ki, festivala daha
çox türk cümhuriyyətlərinin teatrları
gəlsin.
- Ərzurum
Dövlət Teatrı
Türkiyədə geniş
tanınan bir teatrdır. Bu teatrın fəaliyyəti
barədə nə deyə bilərsiniz?
- Teatrımızda
sənət mövsümü
oktyabr ayında başlayır və doqquz ay davam edir. Həftədə üç gün
tamaşa oynanılır.
Yəni aktyorlar həftənin üç gününü
işləyirlər. Bu cür iş prinsipi aktyorlarımız üçün çox sərfəlidir. Çünki bu teatrda çalışanların əksəriyyəti
ayrı-ayrı şəhər
və vilayətlərdən
gəlirlər və həftənin üç
günü tamaşada
oynadıqdan sonra evlərinə gedirlər.
Ərzurum Türkiyənin ən
çox teatr tamaşaçısı olan
bölgələrdəndir. Demək olar ki, bütün
tamaşaları anşlaqla
təqdim edə bilirik. Ərzurumda tək teatr
deyil, kinematoqrafiya da inkişaf edib. Ümumiyyətlə, kino sahəsi
aktyorlar üçün
geniş imkanlar açır. Filmlərdə
yer alan
sənətçilər qısa
vaxt ərzində özlərinə yaxşı
güzəran qururlar.
Amma bunu əlbəttə ki, teatr işçilərinə
aid etmək olmaz.
Onların maddi imkanı
nisbətən aşağıdır.
Ona görə də teatr aktyorları daha çox kino aləminə daxil olmaq istəyirlər.
Mən Ərzurum Dövlət
Teatrının uğurlarından
danışarkən Azərbaycan
teatrını pərdə
arxasında qoymaq istəmirəm. Çünki sizin teatrların da uğurları çoxdur. Bunu qısa vaxt
ərzində anladım.
Bu uğurları dəstəkləmək lazımdır.
Türkiyədə Azərbaycan teatrı
ilə həmişə
maraqlanırlar. Ötən
il bizim
festivala Azərbaycandan
iki teatr və bir də
Mədəniyyət və
İncəsənət Universitetinin
teatrı qatılmışdı,
bu il Bakı
Uşaq Teatrı festivalda iştirak etdi. Biz Ərzuruma ilk dəfə Azərbaycan teatrını gətirməklə
çox uğurlu iş gördüyümüzü
anladıq. Amma Azərbaycandan teatr
kollektivləri Türkiyəyə
daha çox gəlməlidirlər. Universitet teatrlarını
da festivala cəlb etməyə çalışırıq. Ərzurum Atatürk Universiteti ilə dünya universitetləri arasında
teatr festivalı təşkil etmək niyyətindəyik. Azərbaycandan da universitetlərin teatr heyətlərinin gəlişini istəyirəm.
- Ərzurum
Gənclik Mərkəzində
yaratdığınız teatr
dövlət teatrından
nə ilə fərqlənir?
- Gənclik
Mərkəzindəki teatrda
ildə cəmi iki tamaşa hazırlayırıq. Bu tamaşalarda isə teatr təhsili olmayan, lakin teatrı çox sevən insanlar oynayırlar. Bəzən hətta
onları dövlət
teatrında çalışanlarla
müqayisə də edə bilirsən. Dövlət
teatrında çalışmaq
üçün mütləq
təhsilin olmalıdır.
Amma teatr təhsili olmayan və yetərincə aktyorluq qabiliyyətli olanlar çoxdur. Onların bu qabiliyyətlərini
mütləq üzə
çıxarmaq lazımdır.
Belə insanlar teatra çox həvəsli olduqlarından tamaşaları
uğurlu keçir.
Gülər Nizamiqızı
Mədəniyyət.-
2011.- 27 iyul.- S. 12.