Bizim xalqlarımızı ortaq
tarix, ortaq mədəniyyət
birləşdirir
“Bu
möhkəm tarixi və mədəni köklər üzərində
bu gün Türkiyə və Azərbaycan bütün sahələrdə
müttəfiqlər kimi çalışır”
“Türkiyə-Azərbaycan əlaqələri
indi ən yüksək səviyyədədir. Bu əlaqələr
strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə
əsaslanır. Bizi birləşdirən həm tarixi köklər,
həm mədəni əlaqələr, bizim keçmişimiz
və bugünkü siyasi maraqlarımızdır. Biz çox
şadıq ki, Türkiyə-Azərbaycan əlaqələri
sürətlə inkişaf edir”.
Bu
sözləri Azərbaycan prezidenti İlham Əliyev iyulun 27-də
Bakıda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla
görüşdən sonra keçirilən mətbuat
konfransında bəyan edib.
İki qardaş ölkə
arasında tarixi-mədəni köklərin bugünkü Azərbaycan-Türkiyə
strateji tərəfdaşlığına güclü zəmin
olması fikri Azərbaycan prezidenti adından baş nazir Rəcəb
Tayyib Ərdoğanın şərəfinə verilən rəsmi
ziyafətdə vurğulanıb.
Prezident İlham Əliyev bu il Azərbaycan
Respublikasının müstəqilliyinin 20 illik yubileyinin qeyd
olunacağını bildirərək bu müstəqilliyi ilk
tanıyan ölkənin Türkiyə olduğunu
xatırladıb: “Biz bu tarixi heç vaxt unutmamışıq
və unutmayacağıq. Bizim xalqlarımızı ortaq tarix,
ortaq mədəniyyət birləşdirir. Əsrlər boyu
xalqlarımız bir yerdə olmuşlar, bir-birinə dayaq
olmuşlar. Müstəqil dövlətlər kimi bu gün
Türkiyə və Azərbaycan uğurla əməkdaşlıq
edir və bu əməkdaşlığın bütün sahələrdə
çox gözəl nəticələri vardır. Tarixdə
elə hallar var ki, bir-birinə çox yaxın olan, hətta
dili bir olan ölkələr bir-biri ilə o qədər də
sıcaq münasibətdə olmur. Bizim
üstünlüyümüz ondan ibarətdir ki, bu möhkəm
tarixi və mədəni köklər üzərində bu
gün Türkiyə və Azərbaycan siyasi sahədə,
iqtisadi sahədə, bütün başqa sahələrdə
müttəfiqlər kimi çalışır, işləyir.
Son 20 il ərzində bu müttəfiqlik böyük
sınaqlardan keçmişdir. Azərbaycan daim Türkiyənin
dəstəyini, diqqətini hiss etmişdir, bu gün də
hiss edir. Eyni zamanda, bugünkü Azərbaycan, güclənən
Azərbaycan Türkiyə üçün də bir
dayaqdır”.
Dövlət
başçısı vurğulayıb ki, iki qardaş ölkənin
birliyinin, birgə fəaliyyətinin artıq qlobal mahiyyəti
var. İllər keçdikcə və ölkələrimiz
gücləndikcə bizim təsir imkanlarımız daha da
genişlənəcək: “Biz bir yerdə türkdilli dövlətlərin
əməkdaşlığına da çox müsbət təsir
göstəririk. Bəzi hallarda bizim tərəfimizdən irəli
sürülmüş təşəbbüslər
bütün türk dünyasının birləşməsinə
xidmət göstərir. Bu təşəbbüslər həm
siyasi sahədə, həm iqtisadi sahədə, həm də mədəniyyət
sahəsində artıq gözəl nəticələrini verməkdədir.
Türk dünyasının birləşməsi çox
müsbət haldır və həm Türkiyədə, həm
də Azərbaycanda bu məsələyə çox
böyük diqqət göstərilir”.
Öz növbəsində baş
nazir Rəcəb Tayyib Ərdoğan Bakıda
gördüyü inkişaf və yüksəlişdən məmnun
qaldığını vurğulayıb: “Hava limanından
şəhərə gələnə qədər
gördüyüm böyük infrastruktur işləri, yenilənmə
Azərbaycanda bir şeyin siqnalını verir. O, mədəniyyət
yolunda həm tarixinə sahib çıxmaq, həm də bu
günü sabaha hazırlamaq məqamında mühüm bir
mesaj verir. Mənim çox arzuladığım, istədiyim,
sevdiyim bir şey vardır. O da şəhərlərin
özünəməxsus yerli memarlığına sahib
çıxmasıdır. Bakıda bunu gördüm. Bunu
gördüyüm üçün ayrıca xoşbəxtəm,
məmnunam. Çünki bu, Azərbaycanın, Bakının
öz keçmişinə, tarixinə sahib
çıxması, digər tərəfdən də mədəniyyət
yarışında Qərbə də bəzi mesajları verməsidir”.
Baş nazir qeyd edib ki, iki ölkənin qardaşlığı, bağlılığı tarix, mədəniyyətdən gəlir: “Güclü bir bağlılığımız var və bunu heç kimsəyə zədələtməməliyik. Buna heç kimin haqqı yoxdur. Bunu gücləndirərək sabahlara daşıyacağıq və biz bunu bacarırıq. Hərbi, siyasi, iqtisadi, ticari, mədəni sahələrdə atdığımız və inşallah, atacağımız addımlarla bunu bacarırıq. Qoyduğumuz hədəflərə nail oluruq”.
Mədəniyyət.-
2011.- 29 iyul.- S. 2.