Azərbaycanla
İspaniya arasında mədəni və turizm əməkdaşlığı
müzakirə edilib
Mədəniyyət
və turizm naziri ispaniyalı deputatlarla görüşüb
İyulun 27-də mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə
olan İspaniya Krallığı Konqresinin nümayəndə
heyətini qəbul edib.
Konqresin Xarici Əlaqələr
komitəsinin sədri Xose Antonio Duran Yeidanın
başçılıq etdiyi heyətə millət vəkilləri
Xuan Moskoso, Fransek Rikoma və Xosu Erkoreka daxil idi.
Görüşdə Azərbaycanla İspaniya arasında ikitərəfli
əməkdaşlıqla bağlı müzakirə və
fikir mübadiləsi aparılıb. Nazir Əbülfəs
Qarayev ikitərəfli əlaqələrdən
danışaraq mədəniyyət və turizm sahələrində
qarşılıqlı təmasların
artırılmasının və əməkdaşlığın
böyük potensialından geniş istifadə
olunmasının zəruriliyini vurğulayıb. Qeyd olunub ki, hər
il İspaniyanın Madrid şəhərində keçirilən
“Fitur” beynəlxalq turizm sərgilərində Azərbaycan tərəfi
mütəmadi olaraq iştirak edir. Nazir Azərbaycanda
İspaniya Krallığının səfirliyinin
açılmasının qarşılıqlı turist
mübadiləsinin artmasına müsbət təsir göstərəcəyini
qeyd edib.
Əbülfəs Qarayev həmçinin
Azərbaycanda tikilən yeni mehmanxanalar, Şahdağ
Qış-Yay Turizm Kompleksi və digər turizm infrastruktur
obyektləri haqda qonaqlara məlumat verib. Nazir Azərbaycanın
“Eurovision” mahnı müsabiqəsindəki parlaq qələbəsindən
sonra ölkəmizə böyük turist axınının gələcəyinin
gözlənildiyini də nəzərə
çatdırıb.
Nazir turizm sahəsi üzrə əməkdaşlığı
daha da genişləndirmək məqsədilə İspaniyada
fəaliyyət göstərən turizm şirkətlərini
hər il aprel ayında Bakıda keçirilən Azərbaycan
Beynəlxalq turizm və səyahət sərgisində
iştirak etməyə dəvət edib. Eyni zamanda, nazir
İspaniyanın əyalətləri ilə əməkdaşlıq
etmək və infoturların keçirilməsi təklifini də
irəli sürüb. Əbülfəs Qarayev iki ölkə
arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın
gələcəkdə də genişlənəcəyinə əmin
olduğunu bildirib.
Mədəniyyət.-
2011.- 29 iyul.- S. 3.