“Çalışıram
ki, musiqiləri özüm
yazım və lazım gəldikdə özüm
ifa edim”
Gənc və istedadlı
skripkaçı Səlim Abbasov son illər təkcə
respublikamızda deyil, onun hüdudlarından kənarda da
tanınan, ifası rəğbətlə qarşılanan sənətçilərimizdəndir.
Səfər etdiyi xarici ölkələrdə
uğurlu çıxışları buna bariz nümunədir.
Eyni zamanda, öz üzərində çoxlu
çalışır, xarici dil öyrənir, Azərbaycan
musiqisini dünyada layiqincə təmsil etməyə
çalışır. Bu gün virtuoz skripkaçı kimi
tanınan sənətçi daha bir neçə musiqi alətinin
mahir ifaçısıdır. Əslində skripkaya da digər
alətlərdə ifaçılığı öyrənəndən
sonra meyl salıb.
Re
notunu tapmaq üçün qonşudan nəlbəki istəyib
Siyəzən şəhərində
anadan olan Səlim ilk musiqi təhsilini də burada alıb. Amma
musiqi məktəbinə daxil olana qədər Səlim
artıq bir çox musiqi alətlərində ifa etməyi
bacarırdı. Qarmon ifaçısı olan atası ilə
birlikdə tədbirlərdə iştirak edirdi:
«Uşaqlıqdan atam məni özü ilə tədbirlərə,
el şənliklərinə aparıb. Tütək, nağara,
qoşa nağara, qarmonda, hətta nəlbəkidə ifa
edirdim. Bəzən nəlbəkinin biri qırılır və
mənə lazım olan notu, tutaq ki, “re” səsini tapmaq
üçün qonşulardan nəlbəki istəməli
olurdum. Beləliklə üç yaşından artıq el
şənliklərində, konsertlərdə iştirak edirdim.
6 yaşında anamın təkidi ilə atam məni musiqi məktəbinə
qoydu. Musiqi məktəbində kamança sinfinə
yazıldım. Kamança sinfində təhsil ala-ala artıq
bir çox respublika müsabiqələrində iştirak edərək,
laureat oldum. Gecə-gündüz musiqi ilə məşğul
olurdum. Hələ o vaxtlar qarşıma məqsəd
qoymuşdum ki, hər hansı müsabiqədə iştirak
edirəmsə, oradan mütləq qalib qayıtmalı idim».
Musiqi məktəbini bitirəndən
sonra Səlim musiqi müsabiqəsinə qatılaraq qalib olur.
Bunun ardınca isə A.Zeynallı adına Musiqi Texnikumunun
kamança sinfinə daxil olur. Müəllimlərinin sayəsində
musiqinin, sənətin sirlərini öyrənir, mərhum Ədalət
Vəzirov, Fəxrəddin Dadaşov kimi sənətkarlardan dərs
alır. Burada təhsil ala-ala da yarışmalarda, müsabiqələrdə
iştirak edərək, qalib olur. Kamança təhsili alan Səlimdə
skripkaya maraq da burada oyanır. Deyir, skripkada ifa zamanı
özünü daha rahat hiss edir: “Məndə emosionallıq
var. İfa zamanı hərəkət etmək istəyirdim.
Amma skripkadan sonra kamançanı da yerə qoymadım.
İndi də lazım gəldikdə kamançada ifa edirəm.
Əsasən xarici ölkələrdə olarkən
kamançaya üstünlük verirəm. Qoy xaricilər bizim
milli musiqi alətimizi görsünlər, tanısınlar”.
“Bütün
günü məşq edirdim, bilirdim ki, nəticəsi olacaq”
Skripkaya gəlincə, bu musiqi alətini
seçməyi heç də tanınmaq istəyi ilə
bağlı deyil: “İstədiyim kompozisiyanı - caz, rok,
türk, ərəb musiqisini ifa etmək istəyirdim. Bu imkan
isə skripkada var. Buna görə də skripkada ifa etməyə
başladım. Bakı Musiqi Akademiyasının skripka sinfinə
daxil oldum. Müəllimim hazırda Türkiyədə
çalışan Lalə Hüseynova olub. Bütün
günü məşq edirdim. Bilirdim ki, nəticəsi olacaq.
Təhsil ala-ala Türkiyədə, Rusiyada festivalda iştirak
edib laureat olmuşam».
Sənətçini daha çox məşhurlaşdıran
Azərbaycanın görkəmli sənətkarı Zeynəb
Xanlarovanın ansamblında çalışması olur. Bu
kollektivdə işləməsi ona həm məşhurluq, həm
də uğur gətirir: “Gənc yaşlarında dünya
şöhrətli müğənni ilə bir ansamblda
çıxış etmək hər ifaçıya qismət
olmur. Zeynəb xanım məni efirlərin birində zərb
alətləri ifaçısı Sadıq Zərbəliyev,
qarmon ifaçısı Aftandil İsrafilovla duet ifa edərkən
görmüşdü. Mənim onun ansamblında ifa etməyimi
istədiyini bildirmişdi. Bir gün məni Heydər Əliyev
Sarayına çağırdılar. Dedilər ki,
hazırlıqlı gəl. Mən Zeynəb Xanlarova ilə
görüşəcəyimi bilmirdim. Saraya gəldiyim zaman məsələnin
nə yerdə olduğunu anladım. Mənim müşayiətim
ilə muğam oxudu və sonra dedi «sağ ol, çox gözəl
ifa edirsən». Üç ildən çoxdur ki, onunla bir
çıxış edirəm, çalışıram. Bu
müddət ərzində xarici ölkələrdə bir
neçə konsertimiz olub. İstanbuldakı konsertə
xüsusilə çox insan gəlmişdi. Türkiyənin əksər
tanınmış müğənniləri Zeynəb
xanımı dinləməyə gəlmişdilər. Fasilə
zamanı Zeynəb xanım mənə dedi ki, gözəl
musiqilərlə sözünü de. Mən həm türk, həm
Azərbaycan musiqisi ifa etdim. Tamaşaçılar çox
gözəl qarşıladılar”.
Zeynəb Xanlarovanın konsertindəki
çıxışından sonra Səlim Abbasov Türkiyə
auditoriyasında tanınır. O vaxtdan onu Türkiyədə
keçirilən tədbirlərə dəvət edirlər.
Bu arada Səlim «Natiq ritm qrupu”nun rəhbəri
Natiq Şirinovla tanış olaraq onunla da birgə layihələr
işləyir. Onların uğurlu layihələrindən biri
də skripka, ritm və DJ-in iştirakı ilə konserti olur.
Bu konsertin yaşatdığı zövq insanların
yaddaşına həkk olur. Onlar xaricdə qastrollarda da birgə
çıxış edirlər: “Natiq müəllim qrupu
yaradanda dedi ki, gəl birgə işləyək. İşləməyə
başladıq. Hazırda bir neçə kompozisiyamız var.
Birlikdə bir çox tədbirlərdə iştirak
etmişik, Moskvada, Türkiyədə
çıxışlarımız olub və çox
yaxşı qarşılanmışıq. DJ, ritmlər və
skripkanı bir araya gətirmək çoxdankı arzum idi. Bu
arzum gerçəkləşdi. Gələcəkdə istəyirəm,
təkcə skripkada ifa etməyim, həm də oxuyum».
“Fairytale” və “Smile” Səlim Abbasovun ifasında
Səlim Abbasov norveçli
Aleksandr Rıbakı
“Eurovision” mahnı müsabiqəsində
qalib edən «Fairytale»
mahnısını skripkada
ifa edərək oxuması ilə də məşhurlaşıb.
Dəvət olunduğu tədbirlərdə
adətən ondan bu kompozisiyanı səsləndirməsini xahiş
edirlər və onda bu ifa
çox uğurlu alınır. Skripkada ifa
ilə bərabər mahnı oxumağın uğurlu alındığını
görən Səlim digər mahnılarla da musiqisevərlərin qarşısına çıxır.
Ona dünya şöhrətli
pop ulduzu Maykl Ceksonun “Smile” mahnısını
oxumaq təklif olunur. Mahnını bəyənən Səlim nəinki onu oxuyur, həm
də skripkada ifa edir.
Skripkaçı həm də
özü mahnılar
bəstələməyə başlayır. Öz
bəstəsini skripkasında
ifa edir və oxuyur: «Çalışıram özüm
yazım və lazım gəldikdə özüm ifa edim. “Günahlar” adlı mahnı
yazmışdım. Suriyalı müğənnilərdən
biri Bakıya gəlmişdi. Bu mahnım çox xoşuna gəldi və musiqini özü ilə Suriyaya aparıb, orada oxudu, klip
də çəkdirdi.
Məncə, mahnı çox
uğurlu alınmışdı.
«İlk məhəbbətim»
və «Sevirəm» adlı yeni mahnılarım var. Düşünürəm
ki, bəstələrim
uğurlu alınır”.
Səlim Abbasov «Skripkaçılar”
qrupu da yaradıb. İki ildir ki, fəaliyyət göstərən
qrup musiqisevərlərə
yaxşı tanışdır.
Hazırda qrup Bakı Musiqi Akademiyasının beş tələbəsindən
ibarətdir. Onlar həm Səlimdən
dərs alır, həm də qrupda çıxış
etməklə püxtələşirlər.
Sənətçi gələcəkdə qrupun tərkibini genişləndirmək arzusundadır.
İstəyir ki, qrup 10 skripkaçı, 2 violençel,
balaban ifaçılarından
ibarət olsun. Yay tətilindən sonra qrupu bir araya
gətirərək yeni
layihə üzərində
çalışacaq.
“Mənə dedilər ki, sən ərəb ölkələrində məşhurlaşa
bilərsən”
Dünyanın bir çox
ölkəsində çıxış
edən Səlim bu yaxınlarda Küveytdə daha bir uğura imza atıb. Hətta ona Küveytdə qalıb işləmək də təklif olunub: «Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə Küveytdə keçirilən Azərbaycan
Mədəniyyəti Günlərində
mən də iştirak edirdim. Səfər üçün «Küveyt»
mahnısı hazırlamışdım.
Yəni Küveytə həsr olunmuş mahnının sözlərini dəyişmişdim.
Nəqarətdə «Azərbaycandan salam
gətirmişəm»i ifa
edirdim. Bu onların çox xoşuna gəldi. Gözəl qarşılandıq. Konsertdən sonra
təşkil olunan ziyafətdə mənim çıxışım xüsusi
qeyd olundu. Yaxınlarda keçiriləcək festivala
məni də dəvət etmək istədiklərini bildirdilər.
Bir müddət keçdikdən
sonra mənə zəng vuraraq festivala dəvət etdiklərini bildirdilər.
Festivala qatıldım və Küveyt ansamblının
müşayiəti ilə
«Sarı gəlin», «Aşıq Gəncəli dağlar”ı, habelə Küveyt mahnılarını
ifa etdim. Bir neçə Azərbaycan mahnısını Küveyt
ansamblına öyrətdim.
Onu da deyim ki,
konsert çox gözəl təşkil olunmuşdu. Zal tamaşaçı
ilə tamamilə dolmuşdu. Bu yüksək təşkilatçılıqdan
xəbər verir.
Festivalda
mükafatla təltif olundum”.
Konsert proqramı ölkənin
aparıcı televiziya
kanalları tərəfindən
lentə alınıb.
Konsertdə bu ölkənin nüfuzlu qəzetləri də iştirak edərək, onun çıxışı
barədə məqalələr
yazıblar: “Mənə
dedilər ki, sən ərəb ölkələrində məşhurlaşa
bilərsən. Ona görə
də burada qal və yaradıcılıqla
məşğul ol».
Hazırda isə Səlim
ilk albomu üzərinə
çalışır. Bu albom hazır
olandan sonra Səlim Abbasov möhtəşəm konsert
verməyi planlaşdırır.
Konsertin repertuar seçimi üzərində çox
ciddi işləyəcək.
Sənətçi inanır ki,
musiqisevərlər konsert
boyu yorulmayacaqlar, əksinə, gözəl
musiqidən zövq alıb, istirahət edəcəklər. Biz də Səlim Abbasova gələcək işlərində uğurlar
arzulayırıq.
Gülər Nizamiqızı
Mədəniyyət.-
2011.- 29 iyul.- S. 6.